Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov Türkdilli Ölkələrin Əməkdaşlıq Şurasının baş katibi Xəlil Akıncını qəbul edib. XİN mətbuat xidmətindən verilən bilgiyə görə, Xəlil Akıncı başçılıq etdiyi qurumun hazırkı fəaliyyəti və gələcək planları haqqında ətraflı danışıb. Öz növbəsində nazir türkdilli ölkələr arasında ikitərəfli və çoxtərəfli əlaqələrin və mövcud həmrəyliyin möhkəmləndirilməsinin Avrasiya regionundakı əməkdaşlığı daha da dərinləşdirəcəyinə əminliyini bildirərək qonağa gördüyü bütün işlərdə uğurlar arzulayıb.
Jurnalistlərin suallarını cavablandıran X.Akıncı Azərbaycana Qazaxıstandan gəldiyini, təşkilatın beynəlxalq quruma çevrilmə istiqamətində danışıqlar aparmaq üçün regiona səfər etdiyini deyib.
Bakıda xarici işlər naziri Elmar Məmmədyarov, Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Nazim İbrahimov, Sahibkarlar Konfederasiyasının rəhbəri Məmməd Musayevlə görüşdüyünü, Azərbaycan Dillər Universitetində olduğunu bildirib. Təşkilatın gələcək planlarından danışan X.Akıncı şuraya üzv olan dörd ölkənin İqtisadi İş Birliyi Şurası yaratmaq niyyətində olduğunu açıqlayıb. Onun sözlərinə görə, bu yöndə vahid bir gömrük birliyi yaradılması da hədəflərdən biridir. Belə bir qurumun yaradılmasının nəyə görə gecikməsi barədə suallara cavabında X.Akıncı deyib:
"Türk dövlətləri uzun illərdir ki, ayrılmışdılar. İyirmi ildə bir çox işlər görülüb. İndi isə bu birlik yaranıb".
Türkmənistanın şuraya üzv olub-olmayacağına gəlincə, X.Akıncı bu şuranın yaradılması barədə Naxçıvanda keçirilən sammitdə Türkmənistan prezidentinin iştirakı olmadan qərar qəbul olunduğunu deyib: "Ümid edirik ki, Türkmənistan da şuraya qoşulacaq".
|