Avropa Komissiyasının sədri Joze Manuel Barrozunun Bakıya yanvarın 13-14-nə təyin edilmiş rəsmi səfəri tarixi əhəmiyyət daşıyacaq. Bu barədə dünənki mətbuat konfransında Avropa Birliyi Azərbaycan nümayəndəliyinin rəhbəri Rolan Kobia bildirib ("Turan"). Barrozu xarici turne çərçivəsində Azərbaycana səfər edəcək, amma Cənubi Qafqazda yalnız Bakıya gələcək.
Səfər çox mühüm vaxtda həyata keçirilir və Azərbaycanın Avropa dəyərlərinə inteqrasiyaya və "Şərq tərəfdaşlığı" proqramı çərçivəsində öhdəliklərinə sadiqliyini təsdiq edir. Digər tərəfdən, səfər AB-nin regionda sülh, sabitlik və rifahda maraqlı olduğunu nümayiş etdirir, deyə Kobia qeyd edib.
Onun sözlərinə görə, AB və Azərbaycan arasında münasibətlər bir çox sahələri - siyasi dialoq, ticarət, energetika, mədəni əməkdaşlığı əhatə edir.
Barrozunu AB-nin enerji məsələləri üzrə komissarı Günter Ottinger müşayiət edəcək.
Prezident İlham Əliyev və digər şəxslərlə danışıqları ilə yanaşı, Barrozu Azərbaycan ictimaiyyəti qarşısında çıxış edəcək. Səfərin gedişində tarixi-mədəni abidələr, ölkənin müasir texnologiyalar sahəsində potensialı ilə tanış olacaq.
Bir neçə saziş imzalanması nəzərdə tutulur. Kobia sənədlər üzərində işin davam etdirildiyinə istinad edərək, onların adlarını açıqlamayıb. Lakin o bildirib ki, sənədlərdən biri enerji əməkdaşlığına aiddir.
Kobia assosiativ münasibətlər haqqında saziş imzalanıb-imzalanmayacağı barədə suala inkar cavabı verib. Bu sənəd üzərində iş cəmi bir ay əvvəl başlayıb və uğurla davam etdirilir, lakin hələ görüləcək çox iş var. "Nabukko" qaz nəqli layihəsinin həyata keçirilməsi barədə suala cavab verən Kobia qeyd edib ki, ARDNŞ və AB-nin neft-qaz şirkətləri arasında kommersiya danışıqları aparılır. Lakin o əlavə edib ki, Avropa Komissiyası rəhbəri enerji məsələləri üzrə "xəbərlər gətirəcək".
Vətəndaş cəmiyyəti fəalları ilə görüşün nəzərdə tutulub-tutulmadığı barədə suala cavabda Kobia bildirib ki, səfər proqramı hələ müzakirə olunur. O, "vaxt qalarsa", belə bir görüşün mümkünlüyünü istisna etməyib. Bununla belə, o, Barrozunun ictimaiyyət nümayəndələri, professor və tələbələrlə görüşdə iştirak edəcəyinin mümkünlüyünü vurğulayıb.
Viza rejiminin sadələşdirilməsi məsələlərinə toxunan Kobia qeyd edib ki, gələn ilin əvvəllərində bu məsələ ilə bağlı danışıqlar başlanır.
|