Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi danışıq qiymətlərinin dəyişdirilməsilə bağlı Tarif Şurasına müraciət edib. Odur ki, Azərbaycanda telefon danışıqları üçün qiymətlər dəyişdirilə bilər. Nazirliyin təkliflərində bəzi qiymətlərin artırılması, bəzilərinin isə endirilməsi yer alıb. Rəsmi açıqlamalara inansaq, qiymətlərin dəyişdirilməsi təklifi həm dövlət təşkilatları, həm də mobil operatorlardan gəlib.
Beləliklə də nazirlik şəhərlərarası və beynəlxalq danışıq qiymətlərinin aşağı salınması təklifilə Tarif Şurasına müraciət edib. Təkliflərdə ölkə daxilindəki şəhərlər arasında danışıq haqqının 1 dəqiqə üçün mövcud 7 qəpikdən aşağı salınması yer alıb. Əvəzində ev telefonlarının aylıq abunə haqlarını artırmaq nəzərdə tutulur. Bu təkliflər qəbul olunsa, ev telefonlarına görə aylıq abunə haqqı 2 manatdan 4 manata qaldırıla bilər. Öyrəndik ki, təkliflərdə evlərə telefon çəkiliş qiymətlərinin azaldılması da yer alıb.
Nazirlikdə hesab edirlər ki, danışıq tarifləri mütəmadi olaraq endirilir, son illər tariflər azadılıb. Əgər hansısa sahədə qiymət qalxırsa, digər istiqamətlərdə endirilir ki, istifadəçilər daha uyğun şəraitdə olsun. Bu həm ona görədir ki, həm dövlət, həm də özəl operatorlar, istifadəçilər var.
Onu da qeyd edək ki, xarici ölkələrlə danışıqlarda tətbiq edilən rouminq tariflərinin azaldılması yönündə də işlərə başlanıb. Nazirlikdə etiraf edirlər ki, qiymətləri endirməyi Avropa Birliyi də təklif edir. Bütün region ölkələrinin müvafiq strukturlarının administrasiya rəhbərləri və nazirləri son Bakı görüşündə öhdəlik götürüb. Razılaşmaya əsasən, hər bir qurum öz ölkəsində beynəlxalq və müvafiq mobil operatorlar ilə qanun çərçivəsində rouminq xidmətləri üzrə qiymətlərin aşağı salınması üçün sərt danışıqlar aparacaq. Amma mobil telefonla xariclə əlaqə saxlayanlar ucuzlaşmanı gələn ilin ortalarında hiss edəcək.
Qeyd edək ki, indi Avropa ölkələrində 1 dəqiqə rouminq tarifi 43 sentdən yüksək deyil. Mobil telefon danışıq haqlarına gəlincə, Rabitə Nazirliyində deyiblər ki, operatorlar güzəşt kampaniyaları keçirməklə tarifləri mütəmadi endirirlər.
|