Özəlləşdirmə çeklərinin istifadə müddəti bu il dekabrın 31-də başa çatır. Qeyd edək ki, Azərbaycanda özəlləşdirmə payları ölkədə həyata keçirilən dövlət mülkiyyətinin özəlləşdirilməsində sosial ədalət prinsipinin və vətəndaşların bütün təbəqələrinin bərabərhüquqlu iştirakının təmin edilməsi məqsədi ilə buraxılıb.
Əmlak Məsələləri Dövlət Komitəsindən verilən məlumata görə, 1996-cı ildən vətəndaşlara 31,9 milyon özəlləşdirmə çeki paylanıb. Proses çərçivəsində 1997-ci il yanvarın 1-dək doğulmuş bütün ölkə vətəndaşlarına 4 çekdən ibarət özəlləşdirmə payı verilib. İndiyədək özəlləşdirmə prosesi zamanı bu çeklərin 25,5 milyona yaxını, yəni dövriyyəyə buraxılmış ümumi çeklərin təxminən 80%-i silinib.
Komitədən bildirilib ki, indiyədək prezidentin müvafiq fərmanları ilə çeklərin istifadə müddəti bir neçə dəfə - 2002-ci il yanvarın 1-nə, 2004-cü il iyulun 1-nə, 2008-ci il yanvarın 1-nə və nəhayət, dövlət başçısının 23 dekabr 2009-cu il tarixli fərmanı ilə 2010-cu ilin sonunadək uzadılıb. Yəni dekabrın 31-də çeklərin istifadə müddəti başa çatır.
Əmlak Komitəsinin məlumatına görə, özəlləşdirmə çeklərinin istifadə müddətinin başa çatmasından sonrakı dövr üçün yeni özəlləşdirmə mexanizmləri artıq müəyyənləşdirilib. Prezidentin 22 iyun 2010-cu il tarixli fərmanına əsasən, yaradılan bu mexanizmlər özəlləşdirmə paylarının müddəti başa çatandan sonra əhalinin özəlləşdirmədə iştirakını təmin edəcək. Bu dəyişikliklər həm səhmdar cəmiyyətlərinin səhmlərinin güzəştli satışı, pul və ixtisaslaşdırılmış çek hərracları, həm də kiçik müəssisələrin özəlləşdirilməsi prosesini əhatə edir.
|