Bu gün və sabah futbol üzrə Azərbaycan çempionatında XVIII turun görüşləri keçiriləcək. Turun əsas oyunları "Bakı" və "İnter", AZAL və "Qəbələ" cütlükləri arasında keçiriləcək.
Həmişə maraqlı və gərgin keçən "İnter"-"Bakı" matçında ənənələrin davam edəcəyi gözlənilir. Hər iki komandaya, xüsusilə "Bakı" üçün qələbə hava-su kimi lazımdır. Çünki hazırda 7-ci olan "Bakı" xal itirərsə, altılığa düşmək şansını çətinləşdirəcək.
AZAL-la "Qəbələ"nin görüşünü turnir cədvəlində "qonşular"ın dueli kimi xarakterizə etmək olar. 3-cü yerdə olan "təyyarəçilər"in 4 xal qabaqladıqları rəqibi, kuboku da nəzərə alsaq, 12 oyundur uduzmur. 6-cı pillədə olan "Qarabağ"ın bu tur işi nisbətən asandır. Evdə münasib rəqiblə üz-üzə gələcək Ağdam klubu qalib gəlməklə iki pillə irəliləyə bilər.
XVIII tur: "Qarabağ" - "Muğan", "Gəncə" - "Neftçi", "Bakı" - "İnter", MOİK - "Xəzər-Lənkəran", "Turan" - "Simurğ", AZAL - "Qəbələ".
|