Həmkarlar ittifaqları "sovet psixologiyası" ilə işləyir
 |
Bu səbəbdən ölkə əməyin ödəniş səviyyəsinə görə çox geridə qalır
Şənbə, 18.12.2010
|
|
Ölkənin həmkarlar təşkilatlarının işindən narazılıq var. Onlar hələ də ətalətdən çıxmayıb. Təşəbbüskarlıq yox dərəcəsindədir. Avtomobil İşçiləri Həmkarlar İttifaqı Federasiyasının təmsil edən Etibar Əliyevin fikrincə, Azərbaycanda işçilərlə işəgötürənlər arasında sosial dialoq yox səviyyəsindədir:
"Ortada yalnız ildə bir dəfə bağlanan üçtərəfli sazişlər var. Tərəflər bu məsələyə çox formal yanaşır. Ən acınacaqlısı da budur. Sahə həmkarları çox zəif inkişaf edib. Bağlanan kollektiv müqavilələr də formal xarakter daşıyır".
Neftçilərin Hüquqlarının Müdafiə Təşkilatının rəhbəri Mirvari Qəhrəmanlı həmkarların 1,5 milyona yaxın üzvü olduğuna diqqət çəkərək, bu rəqəmin formal xarakter daşıdığını deyir. Bir çox hallarda həmkarlara üzvlük məsələsində könüllülük prinsipinə riayət olunmur".
İqtisadi Resursların Öyrənilməsi Birliyinin sədri Ruslan Atakişiyev də həmkarlar hərəkatının hələ də sovet psixologiyasından qurtula bilmədiyini təsdiqləyir:
"Belə bir psixologiya ilə sağlam, işçilərin hüquqlarını lazımi səviyyədə qorumağı bacaran həmkarlar təşkilatlarının təşəkkülü müşkül məsələdir. İnkişaf etmiş ölkələrdə sahibkarların özləri həmkarların güclü olmasında maraqlıdır. Bilirlər ki, işçinin qeydinə qalanda, qayğılarını nəzərə alanda istənilən müəssisədə sağlam ab-hava yaranır və işin keyfiyyəti və məhsuldarlıq yüksəlir".
Vətəndaş Cəmiyyəti İnstitutunun direktoru Taleh Əliyev ölkədə bu sahədə aparılan sosial dialoqa diqqət çəkdi: "Belə nəticə hasil olur ki, bunda iştirak edənlərin hər ikisi eyni tərəfdir. Ən çox da aparıcı məmurlara aid şirkətlər belə müqavilələrin bağlanmasına qarşı çıxır. Bu həm də Azərbaycan hökumətinin yanaşma tərzidir. Hər şey də elə yanaşma tərzindən doğur".
Araşdırmalar nə göstərib?
Yeri gəlmişkən, İqtisadi Tədqiqatlar Mərkəzi Almaniyanın Fredrix Ebert Fondunun maliyyə dəstəyi ilə "İşçilərlə işəgötürənlər arasında sosial dialoqun təşkilində həmkarlar təşkilatlarının rolu" adlı layihə həyata keçirir. Məqsəd - işçilərin sosial və iqtisadi müdafiəsində həmkarlar təşkilatlarının rolunun gücləndirilməsinə texniki və metodiki dəstək verməkdir.
Sosial dialoqun təşkilində həmkarlar təşkilatlarının rolunu qiymətləndirmək məqsədilə sorğular keçirilib və tədqiqat hesabatı hazırlanıb.
Tədqiqatda işçi-işəgötürən münasibətlərini tənzimləyən qanun və digər hüquqi-normativ aktlar təhlil olunub, Azərbaycanın qoşulduğu beynəlxalq konvensiyaların tələbləri öyrənilib, ölkədə işçilərin əmək münasibətlərinin tənzimi baxımından təşkilatlanma sahəsində mövcud vəziyyətə qiymət verilib. Neft sektorunda həmkarlar təşkilatlarının vəziyyəti də araşdırılıb.
Bu barədə danışan ekspert, professor Fuad Rəsulovun sözlərinə görə, Azərbaycanda əməyin ödənişi xərcləri dünya səviyyəsindən xeyli geridə qalır. Belə ki, inkişaf etmiş ölkələrdə əməyin ödənilməsi xərcləri ÜDM-in 45-55 faizini, pensiya xərcləri 12-18 faizini təşkil edir. Azərbaycanda isə analoji göstəricilər 40 və 5 faizdir:
"2010-cu ilin 6 aylıq yekunları üzrə ölkədə orta aylıq pensiya məbləği 103 manat olub. İqtisadi Tədqiqatlar Mərkəzinin hesablamalarına görə, bu məbləğ pensiyaçılar üçün yaşayış minimumunun 83 faizini təşkil edir".
Ekspert deyir ki, bu vəziyyətin əsas səbəblərindən biri ölkədə işçilərlə işəgötürənlər arasında sosial dialoqun yoxluğudur. Belə ki, bu dialoqu adətən həmkarlar təşkilatları formalaşdırır. Azərbaycanda həmkarlaşma səviyyəsi çox aşağıdır. "Həmkarlar təşkilatları haqqında" qanun həmkarlar təşkilatlarının müstəqilliyini formal olaraq təsbit etsə də, vətəndaşları üzvlüyə görə diskriminasiyaya məruz qoymasa da, Azərbaycanda həmkarlar hərəkatı geniş təşəkkül tapmayıb. Faktiki olaraq respublikada bir həmkarlar təşkilatı - Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası - adlanan yarıdövlət təşkilatı fəaliyyət göstərir. 2001-ci ildən etibarən Nazirlər Kabineti Həmkarlar İttifaqları Konfederasiyası və Sahibkarların (işəgötürənlərin) Milli Konfederasiyası öz aralarında illik Baş Kollektiv Müqavilə imzalayır. Lakin real mexanizmlərin yoxluğu üzündən praktikada bu müqavilə işverənlə işçi arasında münasibətləri tənzimləmir və deklorativ xarakter daşıyır. Razılaşmanı imzalayan tərəflər onun yerinə yetirilməsi üçün heç bir məsuliyyət daşımır.
F.Rəsulov tədqiqat çərçivəsində Bakı, Quba, Gəncə, Şəki və Lənkəranda işçilər və işəgötürənlər arasında aparılmış sorğu barədə də məlumat verib. Sorğuda 250 nəfəri işçi, 75 nəfəri işəgötürən olmaqla 325 nəfər iştirak edib. Anket məlumatlarının təhlili zamanı aydın olub ki, sorğuda iştirak edənlərin 71 faizi hesab edir ki, qanunvericilik işçilərə idarəetmə ilə bağlı qərarların qəbulu və həyata keçirilməsində iştirak imkanı yaratmır, təkmil deyil və inkişaf etdirmək lazımdır. Yalnız 11 faiz qanunvericilikdən razıdır. İşəgötürənlərin isə 49 faizi bu fikirdədir. İşəgötürənlərin 68 faizi təşkilatında işçilərin həmkarlar qurumunun olmadığını, 32 faizi isə olduğunu deyib. İşəgötürən respondentlərin bir hissəsi sahə həmkarlar təşkilatlarının mövcudluğundan xəbərdar olduqlarını söyləsələr də, sənaye və emal sahəsinə aid olan müəssisə rəhbərləri, xidmət sferasında çalışanlar (otel, restoran) qeyd ediblər ki, çalışdıqları sahələrdə həmkarlar təşkilatları, ümumiyyətlə, yoxdur. Bu onu göstərir ki, sahibkarlıq və elm, elmi-istehsalat müəssisələri, yerli sənaye və kommunal məişət müəssisələri, toxucu və yüngül sənayesi işçiləri həmkarlar ittifaqları ilə işəgötürənlər arasında əlaqələr yox dərəcəsindədir.
Bundan başqa, bəzi hallarda işçilərlə əmək müqaviləsi bağlanmır. Bağlanan müqavilələrdə isə sosial məsələlər öz əksini tapmır. Eyni zamanda, müvafiq həmkarlar təşkilatı bu məsələni nəzarətdə saxlamır. Bir sıra hallarda işçilərə qarşı ayrı-seçkilik müşahidə olunur. Digər tərəfdən, rəsmi əməkhaqları çox aşağıdır və bu səbəbdən işçilərin sosial sığortalanması aşağı səviyyədədir. Əksər hallarda işçilər üçün normal iş şəraiti yaradılmır.
İşəgötürənlərin kollektiv müqavilələrə, əməkhaqqının ödənilməsi sahəsində razılaşmalara formal münasibəti də diqqətdən yayınmayıb. Kollektiv müqavilələrdə işçilərin əlavə sosial təminat və imtiyazlarının olmaması və ya az olması da mənfi hal kimi qiymətləndirilib. F.Rəsulov deyir:
"Bəzi müəssisələrdə əmək və sosial münasibətləri tənzimləyən müqavilə formatının tətbiqinə maraq, ümumiyyətlə, yoxdur. İqtisadiyyatın qeyri-dövlət sektorunun kiçik və orta müəssisələrinin əksəriyyətində ilkin həmkarlar təşkilatları yaradılmayıb. Qanunvericilikdə təsbit olunmuş kollektiv müqavilə və sazişlərin pozulmasına görə məsuliyyət səviyyəsi yetərli deyil".
Tədqiqatın yekunu olaraq ekspertlər tövsiyə paketi hazırlayıb. Hesab edilir ki, sosial əməkdaşlığı təşkil etmək məqsədilə normativ-hüquqi bazanın formalaşdırılması prosesi başa çatdırılmalıdır. Bunun üçün "Sosial əməkdaşlıq haqqında", "İşəgötürənlərin birliyi haqqında", "İşçilərin müvəkkillik orqanları haqqında" qanunların qəbulu zəruri sayılır.
|
|
|
|
|
|
|