Dünən Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutunun Mətbuat Mərkəzində 10 dekabr İnsan Hüquqları Günü münasibətilə Azərbaycanın bir qrup hüquq müdafiəçisi "İnsan haqları" klubunu təsis etmək qərarı qəbul etdilər. İdeyanın təşəbbüskarları hüquq müdafiəçiləri - Emin Hüseynov, Natiq Cəfərli, Səbuhi Qafarov, Rəsul Cəfərov, habelə jurnalist və hüquq müdafiəçisi İdrak Abbasovdur.
"Bu, növbəti monitorinq və hesabatlar hazırlayan növbəti QHT deyil", - deyə tədbirdəki çıxışında N.Cəfərli bildirib.
Təsisçilərin ideyasına görə, burada dövlət maraqlarına uyğun olub-olmamasından asılı olmayaraq, bütün insan hüquqlarının pozulması faktları toplanacaq.
"Azərbaycan cəmiyyətinin illik insan hüquqları "ensiklopediyası" olmalıdır ki, bunun sayəsində vətəndaşların maraqlarının müdafiəsi üzrə ümumiləşdirilmiş metodları məlum olacaq", - deyə Rəsul Cəfərov bildirib.
"Yaratdığımız klub hər kəsin üzünə açıqdır. Azərbaycanda insan hüquqlarının müdafiəsinə töhfə verəcək hər kəsi öz sıralarımızda görmək istəyirik", - deyə İdrak Abbasov qeyd edib.
Səbuhi Qafarov isə qeyd edib ki, bir sıra faktlar üzrə cəmiyyət piketlər və digər etiraz aksiyaları keçirirsə, iqtisadi, əmlak, dini azadlıqların, siyasi məhbusların, milli azlıqların hüquqlarının və digər kateqoriya vətəndaş hüquqlarının müdafiəsi üzrə süstlük müşahidə olunur.
Emin Hüseynovun fikrincə, mülki hüquq və azadlıqların müdafiəsi üzrə optimal üsulların müəyyən olunmasına, mövcud QHT-lərin səylərinin əlaqələndirilməsinə ehtiyac var.
Sonda tədbirdə ilin sonuna qədər təşkilatın Azərbaycanda insan hüquqlarının durumu ilə bağlı ilk hesabat yayacağı barədə qərar qəbul olunub.
|