Azərbaycan - NATO əlaqələrində böhran başladı
 |
Rəsmi Bakı üçüncü IPAP üzrə bəzi öhdəlikləri yaxına buraxmır
Şənbə, 11.12.2010
|
|
Azərbaycan ilə NATO arasında Fərdi Tərəfdaşlığa dair Əməliyyat Planının (IPAP) üçüncü mərhələsinin razılaşdırılması sadə olduğu qədər də mürəkkəbdir. Azərbaycan NATO tərəfin təklif etdiyi və islahatlar prosesinin sütunları hesab olunan bəzi məqamları öhdəlik kimi qəbul etmək istəmir. Bu barədə "Ayna"ya "Doktrina" Jurnalistlərin Hərbi Araşdırmalar Mərkəzindən məlumat verilib. Məlumatda o da qeyd edilir ki, əgər vəziyyət indiki qaydada davam etsə, onda sənədin üçüncü mərhələsinin razılaşdırılması təxirə düşə bilər.
Məsələnin bu yerində MN mətbuat xidmətinin əməkdaşı Teymur Abdullayevin münasibətini öyrənmək istədik. O da yalnız "əlavə məlumat olanda verəcəyik" dedi.
Əldə olunan məlumatlara görə, NATO tərəfinin təkid etdiyi və eyni zamanda təhlükəsizlik və müdafiə sektorunun transformasiya prosesinin əsas sütunlarından hesab edilən bir sıra məsələlər Azərbaycan tərəfindən tam qəbul olunmur. "Ayna"nın əldə etdiyi eksklüziv məlumatlara görə, bu islahatlar əsasən aşağıdakılardan ibarətdir:
1. Azərbaycan təhlükəsizlik və müdafiə sektorunun yenidən formalaşdırılması - təmərküzləşdirilməsi prosesi. Hərbi qurumların bir strukturda cəmləşməsi, hüquq-mühafizə qurumlarının fəaliyyət sektorunun ayrılması,
2. MN rəhbərliyinin başda nazir olmaqla mülkilərdən ibarət olması, Silahlı Qüvvələrin Baş Qərargahı ilə MN aparatının fəaliyyətləri arasında ayrıcı xətlərin olması,
3. Xəzərin təhlükəsizliyi məsələlərinə dair xüsusi bəndlərin razılaşdırılması və NATO-nun bu istiqamətdə oynaya biləcəyi perspektiv rolun müəyyənləşdirilməsi,
4. Silahlı Qüvvələrin kadr potensialının tam olaraq NATO standartlarına uyğunlaşdırılması və bu yolda alyans ilə çoxtərəfli və ikitərəfli qaydada əməkdaşlığın dərinləşməsi,
5. Hərbi qanunvericilik, nizamnamə sənədlərinin tam olaraq NATO standartlarına uyğunlaşdırılması, strateji sənədlərin hazırlanması prosesinə NATO dəstəyinin davam etdirilməsi.
Əldə etdiyimiz bilgilərə görə, NATO tərəfi Azərbaycanda təhlükəsizlik və müdafiə sektorunda mövcud olan 10-a yaxın hərbi təşkilatın fəaliyyətinin təkmilləşdirilməsini, onların silahlı birləşmələrinin MN-də cəmləşməsini, hüquq-mühafizə tərəfinin isə jandarm strukturunda birləşməsini istəyir.
Yeri gəlmişkən, noyabrın 25-26-da Brüsselə - NATO-nun mənzil qərargahına səfərimizin gedişində bu məsələ ilə bağlı NATO-nun bu və ya digər dairələrinə yaxın olan ekspertlərlə söhbətləşmək, fikir mübadiləsi aparmaq imkanımız oldu. NATO-da Azərbaycanın müdafiə və təhlükəsizlik sahəsi ilə bağlı mövcud əhval-ruhiyyəyə görə, alyans bir sıra islahatların sürətlə yerinə yetirilməsi arzusundadır.
"Elə islahatlar var ki, onlar yerinə yetirilməmiş hansısa digər islahatın gerçəkləşməsindən danışmaq düzgün deyil. Buna deyirlər yarımçıq islahatlar" - bu ifadəni "Ayna" qəzetinin əməkdaşına NATO-nun tərəfdaş ölkələrlə əməkdaşlıq məsələləri üzrə ekspertlərdən biri söyləyib. Onun fikrincə, əgər Silahlı Qüvvələri NATO standartlarına uyğun qurmaq istəyirsənsə, lakin onun idarəetmə strukturuna, rəhbərliyinə əl dəymirsənsə, bu prosesi səmərəli hesab etmək olmaz.
Ekspert hesab edir ki, belə olduqda həm zaman, həm də vəsait itkisi özünü göstərir.
"Əgər NATO standartlarına uyğun ordu qurmaq istəyirsənsə, lakin vətəndaş cəmiyyətini bu prosesdən kənar saxlayırsansa, müdafiə xərcləri şəffaf və planlaşdırılmış deyilsə, onda hər hansı avanqard addımlardan danışmağa dəyməz. Bunun özü gözdən pərdə asmağın ən böyük nümunələrindən biridir", - deyə ekspert bildirib. Daha bir məsələ: əgər Silahlı Qüvvələri NATO standartlarına uyğunlaşdırmaq hədəfi qoyulubsa, bu prosesin uğurla davam etməsi barədə bəyanatlar verilirsə, amma eyni zamanda hərbi qanunvericilik əsasən keçmiş sovet standartlarının xüsusiyyətlərini özündə daşıyırsa, onda vəziyyəti qənaətbəxş hesab etmək olmaz.
"Doktrina" Jurnalistlərin Hərbi Araşdırmalar Mərkəzinin araşdırmalarına görə, NATO-da Azərbaycanın müdafiə və təhlükəsizlik sektorunda islahatların gələcəyi ilə bağlı pessimist əhval-ruhiyyə var. Onların fikrincə, hazırda Azərbaycan hökuməti konkret olaraq aşağıdakı islahatları həyata keçirməlidir:
Birincisi, MN bazasında Silahlı Qüvvələrin əsas və yeganə qruplaşması mövcud olmalıdır. Buraya Daxili Qoşunlardan, Dövlət Sərhəd Xidmətindən, Milli Təhlükəsizlik Nazirliyindən, Fövqəladə Hallar Nazirliyindən, Milli Qvardiyadan, Ədliyyə Nazirliyindən əli silahlı kontingent cəlb olunmalıdır. Düzdür, bu zaman şəxsi heyətin nəzərəçarpacaq artımı müşahidə olunacaq. Lakin bu zaman hökumətin imkanı yaranacaq ki, Silahlı Qüvvələrdə xidmətə yararlı personalı seçsin. Bu həm də Silahlı Qüvvələrdə sağlam ixtisarlar prosesinin başlanğıcı olacaq.
Yeri gəlmişkən, NATO-nun mənzil-qərargahında söhbətləşdiyimiz ekspertlərdən biri (o tez-tez Azərbaycana səfərlər edir) Azərbaycanda mövcud olan generalların sayının çoxluğu ilə maraqlandı. "Hansı quruma gedirik, qarşımıza general çıxır. Bir dəfə Azərbaycanda səfərdə olarkən MN, Dövlət Sərhəd Xidməti, Daxili Qoşunların general rütbəsində olan rəhbərləri ilə görüşdən sonra növbəti istinad yerimiz Fövqəladə Hallar Nazirliyi idi. Düşündük ki, yəqin bu qurumun rəhbəri mülki şəxs olar. Lakin yanılmışdıq. Deyəsən, sizdə məmurlar general olmağı çox sevirlər", - deyə həmin ekspert bildirdi. Onun sözlərinə görə, bu vəziyyət onun əlamətidir ki, Azərbaycanda NATO standartlarına keçidin fəlsəfəsi hələ çoxlarına bəlli deyil.
İkincisi, Daxili Qoşunların bazasında hüquq-mühafizə istiqamətli jandarm qüvvələrini təşkil etmək. Buraya DSX, FHN, ƏN, MTN və s. qurumlardan hüquq-asayiş keşikçilərini cəlb etmək lazımdır.
Üçüncüsü, ehtiyatda olanların daimi hazırlığı. NATO-da hesab edirlər ki, hökumət ehtiyatda olan insanların daimi hazırlığı məsələləri üzərində çalışmalıdır. Bu həm də Silahlı Qüvvələrin ixtisarı prosesinin qaçılmaz məqamlarından biridir.
Dördüncsü, MN-in hazırkı rəhbəri mülki şəxsdən ibarət olmalıdır. Nazirlik aparatı mülki işçilərdən təşkil olunub əsasən ordunun cəmiyyətdə piarı və lobbiçilik fəaliyyəti, eyni zamanda beynəlxalq əməkdaşlığın inkişaf etdirilməsi işi ilə məşğul olmalıdır. Hərbi əməliyyatlar, taktiki, strateji, döyüş hazırlığı kimi məsələlərə isə Baş Qərargah cavabdeh olmalıdır.
NATO tərəfi təklif edir ki, Azərbaycan qanunvericiliyində MN aparatı və Baş Qərargahın funksiyaları aydın və dəqiq şəkildə göstərilsin. İndiki vəziyyətdə isə bu iki strukturun funksiyaları, demək olar ki, bir-birini tamamlayır.
NATO-ya yaxın olan ekspertlər Azərbaycan MN-də yeni idarələrin yaradılması işini müsbət qiymətləndirsələr də, prosesin yarımçıq qaldığı qənaətindədirlər. Onların sözlərinə görə, Azərbaycan Müdafiə Nazirliyindəki ştat-struktur islahatlarında son hədəfə hələlik nail olunmayıb. IPAP sənədinin üçüncü mərhələsində bu məsələlər əksini tapacaq.
NATO dairələrində Azərbaycan Silahlı Qüvvələrinin kadr təminatı ilə bağlı mövcud olan reallıqdan narahatlıq var. Onların fikrincə, əgər 2007-2008-ci ilə qədər bu istiqamətdə vəziyyət əsasən müasir islahatlar prosesinin lehinə idisə, hazırda vəziyyət əksinə dəyişib. "İndi Azərbaycan Silahlı Qüvvələrinin bəyan edilmiş inteqrasiya prioritetləri ilə kadr hazırlığı prosesi bir-birinin əksinədir. Son vaxtlarda Azərbaycandan Rusiyaya hərbi təhsil almağa göndərilənlərin sayının kəskin artması Brüsseldə ciddi suallar yaradıb. Bu kadrlar NATO standartlarına uyğunlaşmağa çalışan orduda necə işləyəcək? Kim kimi həzm edəcək? NATO standartlarına uyğunlaşan ordu rus təhsilli gəncləri, yoxsa rus təhsilli gənclər ordunu? Bu sual mühümdür, onun cavablandırılmasına ehtiyac yaranıb", - deyə ekspert bildirib.
Əldə etdiyimiz məlumatlara görə, Azərbaycan - NATO arasında razılaşdırılma prosesində olan IPAP-ın üçüncü mərhələsində ziddiyyət doğuran məsələlərdən biri də NATO-nun Azərbaycanın Xəzər təhlükəsizliyinə olan dəstəyinin perspektivi ilə bağlıdır. Bəllidir ki, IPAP-ın birinci və ikinci hissələrində Xəzərin təhlükəsizliyi ilə bağlı müəyyən məsələlərdə NATO ölkələrinin, xüsusilə də ABŞ-ın Azərbaycan Hərbi Dəniz Qüvvələrinə və DSX Sahil Mühafizəsinə müəyyən yardımları əksini tapmışdı. Bu yardımlar eyni zamanda ABŞ Silahlı Qüvvələrinin Avropa Komandanlığı (EUCOM) ilə Azərbaycan Silahlı Qüvvələri arasında 2006-cı ildə imzalanmış İş Planında da əksini tapmışdı.
Məlumdur ki, İş Planının ikinci mərhələsinin qüvvəyə minməsi Azərbaycandan asılı olan bir sıra məsələlər baxımından mümkün olmur. Azərbaycan parlamenti artıq 10 aya yaxındır ki, bu sənədi ratifikasiya etməkdən imtina edir. Ortada gəzən qeyri-rəsmi səbəblərdən biri Rusiyanın Bakıya ciddi təzyiqlərinin olması ilə bağlıdır. Beləliklə, EUCOM-la İş Planının ikinci mərhələsinin taleyinin də sual altına düşməsi IPAP-ın üçüncü mərhələsinin razılaşdırılması prosesinə də ciddi təsir göstərib.
"Azərbaycan tərəfi Rusiyadan olan təzyiqlərdən çəkinib sənədin Xəzərlə bağlı hissəsinə razılıq vermir, NATO isə israr edir", - deyə "Doktrina" mərkəzinin ekspertləri bildirir. Bu arada Dövlət Sərhəd Xidmətinin rəisi general-leytenant Elçin Quliyevin Azərbaycanın ABŞ-la perspektiv hərbi əməkdaşlığına dair pessimist bəyanatı da diqqətdənkənar qalmır.
Əldə edilən məlumatlara görə, Azərbaycan prezidenti noyabrın 19-20-də Lissabonda keçirilən NATO-nun növbəti sammiti çərçivəsində alyansın baş katibi Anders Foqh Rasmusseni ölkəmizə rəsmi səfərə dəvət edib. Müşahidəçilərin fikrincə, əgər bu məlumat reallaşarsa, onda Bakı ilə Brüssel arasında müəyyən ziddiyyətli məsələləri həll etmək üçün ciddi şans yarana bilər...
|
|
|
Oxşar xəbərlər:
Azərbaycan KTMT-yə qoşulmağa hazırlaşmır
"Azərbaycan bayrağı İst-river sahilində"
Dünyanın 200 ən yaxşı universiteti müəyyənləşdi
Azərbaycanda 2 minə yaxın HİV daşıyıcısı var
"Gürcü və azərbaycanlı məktəblərinin maddi-texniki bazası eyni səviyyədədir"
|
|
|