"Müharibənin olub-olmayacağını yaxın günlərdə özünüz görəcəksiniz". Bu açıqlama ilə Milli Məclis sədrinin birinci müavini Ziyafət Əsgərov çıxış edib. "Ermənistanın qondarma Dağlıq Qarabağ rejiminin tanınması ilə bağlı etdiyi cəhdlərin heç bir perspektivi yoxdur. Çünki ermənilər özləri də gözəl başa düşürlər ki, separatçı rejimin tanınması Ermənistanın işğalçılarının hüquqi cəhətdən bir daha təsdiqi olacaq. Ermənistan başa düşməlidir ki, bu siyasətin heç bir perspektivi yoxdur", - deyə o qeyd edib.
Qarabağ probleminin həlli ilə bağlı danışıqlar prosesinin dalana dirənməsi barədə sualı cavablandıran Ziyafət Əsgərovun sözlərinə görə, bu bir daha onu göstərir ki, Ermənistan beynəlxalq hüquqa meydan oxumaqdadır:
"Təəssüf edirəm ki, ATƏT Minsk Qrupunun həmsədrləri və digər beynəlxalq təşkilatlar da Ermənistana təzyiqi artırmır. Doğrudur, çox vaxt onlar prosesin uzanmasından narahat olduqlarını deyirlər. Amma maraqlıdır, onlara təzyiq göstərməkdə kim mane olur? Narahatlıqlarını ifadə edirlər, amma ortada bir nəticə yoxdur. Hesab edirəm ki, bundan sonra artıq Azərbaycanın bütün iqtisadiyyatı, xüsusilə də sənaye sahəsi hərbi relslər üzərinə keçirilməlidir. Bu istiqamətdə çox böyük işlər görülüb. Artıq Serj Sarqsyanın və onun hakimiyyətinin ərköyün siyasətinə dözməyə nə imkanımız, nə də vaxtımız var. Azərbaycan bu günə kimi çox böyük hövsələ nümayiş etdirdi. Dünya ictimaiyyəti də gördü ki, Azərbaycan sülh, danışıqlar tərəfdarıdır. Ancaq beynəlxalq hüquq imkan verir ki, Azərbaycan öz ərazisini istənilən şəkildə azad etsin. Bu bizim hüququmuzdur və bu hüququ özümüzdə saxlayırıq", - deyə o bildirib.
Qeyd edək ki, Z.Əsgərovun müharibə ehtimalı ilə bağlı söylədiyi fikir Azərbaycan cəmiyyətində əks-səda doğurub. Lakin ekspertlərin fikrincə, bu istiqamətdə hər hansı ciddi proses mövcud deyil.
"Azərbaycan hərb yolu seçsə, Ermənistan Dağlıq Qarabağın müstəqilliyini de-yure tanıyacaq və onun təhlükəsizliyini təmin etmək üçün tədbirlər görəcək". Bunu isə Ermənistan prezidenti Serj Sarqsyan dünən Moskvada, Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının sessiyasında çıxışında bəyan edib. Prezident deyib ki, Ermənistan problemin hərb yolu ilə həllinin əleyhinədir. "Əgər Azərbaycan hərb yolunu seçsə, Ermənistanın Dağlıq Qarabağın müstəqilliyini tanımaqdan savayı seçimi qalmayacaq", - deyə o bildirib.
Xatırladaq ki, dekabrın 2-də ATƏT-in Astana sammitində çıxışında da Serj Sarqsyan oxşar bəyanat vermişdi: "Bakı hərbi əməliyyatlara başlasa, Ermənistanın Dağlıq Qarabağın müstəqilliyini tanımaqdan başqa yolu qalmayacaq. Azərbaycanın tərkibində Dağlıq Qarabağın heç bir gələcəyi yoxdur".
Qeyd edək ki, Dağlıq Qarabağ münaqişəsinin həlli məsələsi dünən gecə Moskvada Rusiya və Ermənistan prezidentləri - Dmitri Medvedev və S.Sarqsyan arasında görüş zamanı müzakirə olunub. Görüş Avrasiya İqtisadi Birliyinin Dövlətlərarası Şurasının iclası çərçivəsində keçirilib. Ermənistanın müşahidəçi qismində iştirak etdiyi iclasda Rusiyadan başqa, Belarus, Qazaxıstan, Tacikistan, Qırğızıstan prezidentləri də olub.
|