Müsavat Partiyası Ali Məclisinin keçmiş sədri Sülhəddin Əkbər dünən evində mətbuat konfransı keçirib. Konfransın mövzusu ölkənin iki aparıcı müxalifət partiyası - Müsavat və Xalq Cəbhəsi partiyalarının birləşməsi ilə bağlı mövcud problemlərə həsr olunub ("Turan").
S.Əkbər partiyaların birləşməsi məsələsinin zərurət olduğunu, bununla bağlı bu il AXCP qurultayında hər hansı şərt irəli sürülmədən birləşmə haqqında qərar qəbul edildiyini bildirib. "Bu təkcə iki siyasi qüvvənin birləşməsi yox, həm də mərhələ-mərhələ bütün demokratik qüvvələrin birləşməsi vasitəsidir. Bu həm də ölkədə artıq diktaturaya keçidin qarşısını ala biləcək xalq müqavimətinin təşkilinə əsas ola bilər", - deyə o qeyd edib.
"Növbəti mərhələdə bu iki partiyanın ittifaqına Klassik Xalq Cəbhəsi Partiyası, daha sonrakı mərhələdə Demokrat, Milli İstiqlal və s. kimi partiyalar bu prosesə qoşula bilər. Birləşmə yolundaki maneə Müsavat Partiyası rəhbərliyinin mövqeyidir. Məndən və İbrahim İbrahimlidən başqa, partiya rəhbərliyində bu birləşməni istəyən yoxdur", - deyə S.Əkbər bildirib.
O bu mövqeyin səbəbini "qısqanclıqda" və İsa Qəmbərin yeni partiyada yeri ilə bağlı narahatlığında və AXCP sədri Əli Kərimlinin birləşmiş partiyada sədr olma ehtimalında görür.
"Səbəblər şəxsi maraqlardan qaynaqlanır. Məhz buna görə Müsavat Partiyasının idarə Heyətinin bu il oktyabrın sonunda keçirilən iclasında birləşmək təklifi qəbul edilməyib, həm də bu təklif səsə qoyulmayıb", - deyə S.Əkbər bildirib.
Onun sözlərinə görə, məhz bundan sonra o və İ.İbrahimli Müsavat Partiyası sıralarını tərk etməyi qərara alıblar. S.Əkbər həmçinin Müsavat Partiyası daxilində parçalanmalar olacağını qeyd edib.
Qeyd edək ki, bu ilin yayında Müsavat Partiyası başqanı İsa Qəmbər parlament seçkiləri ərəfəsində müxalifətin birləşə biləcəyini bildirib. Bu zaman onun sözlərində söhbət "Azadlıq" blokuna daxil olan digər partiyalardan deyil, məhz AXCP-dən getdiyi bəlli olub. Bundan sonra AXCP "Azadlıq" blokundan çıxmaq və Müsavat Partiyası ilə birləşmək qərarı qəbul edib.
|