Son 20 ildə poçtlara olan tələbat azalıb. Hətta onlar tarixə qovuşmaq dərəcəsinə çatıblar. Texnologiyanın inkişafı öz sözünü deyirdi. Bununla yanaşı, zamanla bankların və maliyyə sistemlərinin əhəmiyyəti də artır və baxış dəyişir. Xarici ölkələrdə poçtlara yeni funksiyalar verilir. Onlar hazırda qeyri-ənənəvi xidmətlər göstərməyə başlayıblar.
Ölkəmizdə poçtlara dair 5 il əvvəl Dünya Bankı ilə Azərbaycan arasında müqavilə imzalanıb. Bununla da 17 milyon dollar dəyərindəki layihə "Azərpoçt"da tətbiq olunmağa başlayıb. Bunun 5 milyon dolları Azərbaycan hökuməti, qalan hissəsi isə Dünya Bankı tərəfindən maliyyələşdirilib. 5 il üzərində işlənən layihə artıq hazırdır.
Beləliklə, poçtlar da bank xidmətləri göstərəcəklər. Rabitə şöbələrinin maliyyə sferasına daxil olması ölkədə maliyyə əməliyyatlarının həcminin genişlənməsinə, əhaliyə bank xidmətinin səviyyəsinin yüksəlməsinə və operativ ödəniş sistemi yaradılmasına imkan verəcək. Bölgələrdə insanların bank xidmətləri ilə əhatə olunması yaxşılaşacaq. Bank xidmətlərinin ilkin mərhələsində poçtlar bankların yerinə yetirdiyi kiçik çeşidləri həyata keçirəcək. Məsələn, onlar kommunal xidmətlərin haqqının yığımı, ödəniş funksiyaları, pul baratları kimi xidmətlər göstərəcəklər.
Ölkəmizdə qonaq olan Dünya Poçt İttifaqı Beynəlxalq Bürosunun baş direktoru Eduard Dayanın sözlərinə görə, layihədə poçtlara bank statusunun verilməsi deyil, onların maliyyə xidmətləri göstərməsi təklif olunub. Amma poçtların geniş maliyyə xidmətləri göstərməsi hələ mümkün olmayıb. Dünya dövlətlərində isə poçtlar bankların göstərdiyi xidmətlərə çıxış imkanları əldə edib. Yəni banklar kimi poçtlar da vətəndaşlardan kredit cəlb edə, onlara kredit verə bilər. Həm də valyuta əməliyyatları aparırlar. Rabitə Nazirliyi hazırda banklarla saziş layihəsi hazırlayır. Gələn ildən poçtların mikrokreditlərin verilməsində iştirakı təmin olunacaq.
"Azərpoçt"un ölkə kommunikasiyasındakı rolunu artırmaq üçün yaxın gələcəkdə sözügedən kreditlərin tətbiqi üçün danışıqlar gedir. Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi Poçt Sektorunun müdiri Novruz Məmmədovun sözlərinə görə, reytinqli bankların biri ilə əməkdaşlıq edərək poçtlara kreditlər verilməsi reallaşdırılacaq. Bunun üçünsə ən birinci, təbii ki, hökumətin razılığına ehtiyac var. Bu razılığın əldə edilməsi üçün hazırda danışıqlar gedir. Eyni zamanda, kreditlərin əhalidən alınaraq toplanması və banklara ötürülməsi işində də poçtların əhəmiyyəti əvəzsiz olacaq.
E.Dayan qeyd edir ki, Dünya Poçt İttifaqı hazırda dünya üzrə bir çox layihələr icra edir. Beynəlxalq pul köçürmələri, o cümlədən miqrant işçilərin öz ailələrinə pul göndərməsi, maliyyə sahəsində bir çox tədarük proseslərinin asanlaşdırılması, kiçik və orta şirkətlər üçün ixracın və elektron kommersiyanın asanlaşdırılması, ünvanın tapılması, fiziki və elektron ünvanların bir-biri ilə uzlaşdırılması istiqamətində əməliyyatlar aparır:
"Bunlarla yanaşı, poçt xidmətlərinin təkmilləşdirilməsi və digər layihələr dünya ölkələrində geniş yayılıb. Azərbaycanda da bir çox layihələrimiz nəzərdə tutulub".
Onu da qeyd edək ki, Azərbaycanın poçt sahəsində təcili pulköçürmə sisteminin tətbiqinə başlanıb. Dünya Poçt İttifaqı tərəfindən hazırlanmış layihə AB ölkələrinin çoxunda tətbiq olunur. Yeni xidmətin əvvəlkindən üstünlüyü ondan ibarətdir ki, indi istənilən ölkəyə pulu 3 saata çatdırmaq mümkün olacaq. Regionda ilk dəfə Azərbaycanda tətbiq olunan layihə hazırda sınaq mərhələsindədir. İlin sonunadək ilk olaraq Ukrayna və Belarusla təcili pulköçürmə əməliyyatları aparılacaq.
|