Ötən həftə Azərbaycan çempionatında XVI tur oynanılıb. Turun ən maraqlı matçlarından biri "Şəfa" stadionunda baş tutub. Daha çox qalmaqalla yadda qalan AZAL - "Neftçi" oyununda qapılara top vurulmayıb. Bu isə "Xəzər-Lənkəran"ın işinə yarayıb. Cənub təmsilçisi Tovuzda "Turan"a üstün gəlib.
Son vaxtlar uğursuzluq zolağında olan "Qarabağ" isə turu 3 xalla başa vurub. Ağdamlılar son çempion "İnter"i məğlubiyyətə uğradıblar. "Qəbələ" isə yeni rekord vurub. Son 9 oyunda uduzmayan Toni Adamsın yetirmələri bu dəfə MOİK-i darmadağın ediblər.
Tur sensasiya ilə yekunlaşıb. Son dörd turda uduzmayan "Bakı" autsayder "Simurq"a məğlub olub və ilk altılıqdan kənarda qalıb. "Gəncə" isə "Muğan"ı böyük hesabla yenərək, paytaxtın eyniadlı klubu ilə xallarını bərabərləşdirib. Turun nəticələri:
AZAL - "Neftçi" - 0:0, "Turan" - "Xəzər- Lənkəran" - 1:2, "Qarabağ" - "İnter" - 1:0, MOİK - "Qəbələ" - 0:3, "Gəncə" - "Muğan" - 3:0, "Bakı" - "Simurq" - 0:1.
Bu gün Azərbaycan çempionatında növbəti oyunlar keçirilir. XVII turun görüşləri cari mövsümdə ilk dəfədir eyni gündə baş tutacaq.
Əsas oyunlar paytaxtda oynanılacaq: "Neftçi" - "Bakı" matçı prinsipiallığı, "İnter" - AZAL qarşılaşması isə turnir cədvəli baxımından mərkəzi matç statusu daşıyır. Birinci pillədə olan "Neftçi" mövqeyini qorumağa, "Bakı" isə ilk altılıqda itirdiyi mövqeyini qaytarmağa çalışacaq.
Zaqatalada ölkə kubokunda mübarizəni dayandıran komandalar görüşəcək. İndi "Qarabağ" altılığa düşmək, "Simurq" isə Premyer Liqada qalmaq uğrunda mübarizə aparır.
XVII tur: "Simurq" - "Qarabağ", "Qəbələ" - "Turan", "Muğan" - MOİK, "İnter" - AZAL, "Xəzər-Lənkəran" - "Gəncə", "Neftçi" - "Bakı".
|