Dünən saat 10.00-dan etibarən bir qrup adam Təhsil Nazirliyinin qarşısında etiraz aksiyası keçirib. Onlar nazirliyin məktəblərdə qızların hicab geyinməsini qadağan edən qərarının əleyhinə çıxıblar. Onlar nazirliyin qarşısında "Allahu Əkbər!" deyə qışqırmış, bir sıra şüarlar, o cümlədən radikal şüarlar səsləndirmişlər. Təhsil Nazirliyinin binasının ətrafında 100, nazirliyin qəbul şöbəsinin girişində isə 300-ə qədər polis əməkdaşı, ərazidə isə 28 patrul avtomobili vəziyyətə nəzarət edib. TN qarşısından keçən avtomobil yollarında gediş-gəliş məhdudlaşdırılıb. Bütün bunlara baxmayaraq əraziyə cəlb edilmiş polis nəfərləri kütlənin nazirliyə yaxınlaşmasına imkan verməyib.
Polis bir neçə saat ərzində 150 nəfərə qədər adamı ərazidən uzaqlaşdırmağa müvəffəq olub. Təhsil Nazirliyinin qarşısında toplaşan insanlar 10-a qədər aksiya iştirakçısının polis tərəfindən saxlanaraq naməlum istiqamətə aparıldığını bildiriblər.
Bir müddət sonra aksiya iştirakçıları ərazini tərk ediblər. Buna səbəb Təhsil Nazirliyi rəhbərliyinin təhsil müəssisələrində hicaba qadağa qoyulmasına etiraz edən aksiya iştirakçılarından bir neçə nəfərini qəbul etməsi olub. Aksiya iştirakçılarına bildirilib ki, hər bir şagird məktəbdə yalnız məktəbli geyimində olmalıdır.
Təhsil naziri Misir Mərdanov nazirliyin qarşısında hicabın qadağan olunmasına qarşı keçirilən qanunsuz aksiya ilə bağlı jurnalistlərə açıqlama verib:
"Mən bilmək istəyirəm ki, jurnalistlərin bu hadisəyə münasibəti necədi? Əvvəla, bu, Misir Mərdanovun məsələsi deyil. Azərbaycan Respublikasının Milli Məclisi qanun qəbul edib. Hər bir vətəndaşın da borcudur ki, həmin qanuna əməl etsin. Biz də öz növbəmizdə qanunlarımıza riayət edirik. Qanunun 14.10-cu maddəsində göstərilib ki, təhsil müəssisələrində geyim formaları həmin müəssisənin daxili nizamnaməsi əsasında müəyyən olunur".
Qeyd edək ki, DİN Təhsil Nazirliyinin qarşısında keçirilən aksiya ilə bağlı məlumat açıqlayıb. Nazirliyin mətbuat xidmətinin rəis müavini Ehsan Zahidov APA-ya açıqlamasında bildirib ki, Təhsil Nazirliyinin inzibati binası nəqliyyatın və piyadaların intensiv hərəkət etdiyi ünvanda yerləşir və belə bir yerdə hər hansı kütləvi aksiyanın keçirilməsi yolverilməzdir:
"İctimai asayişin pozulmasına yönələn belə bir tədbirin keçirilməsi arzu olunmazdır. Bu gün bir qrup şəxs Təhsil Nazirliyinin qarşısında Şəhər İcra Hakimiyyəti ilə razılaşdırılmamış aksiya keçirməyə cəhd göstərib. Qanunsuz aksiyaya cəhdin qarşısı dərhal Nərimanov rayon Polis İdarəsi əməkdaşları tərəfindən alınıb. Polis əməkdaşlarının apardığı profilaktiki söhbətlərdən sonra aksiya iştirakçıları dağılıb".
E.Zahidov həmçinin bir qrup aksiya iştirakçısının polisə müqavimət göstərdiyini qeyd edib:
"Onların bəziləri polisin qanuni tələblərinə məhəl qoymadan müqavimət göstəriblər. Həmin şəxslərdən 16 nəfər polis bölməsinə gətirilib. Onlardan beşi xəbərdarlıq edilərək sərbəst buraxılıb. On bir nəfərin barəsində isə toplanmış materiallar əsasında tədbir görülməsi üçün rayon məhkəməsinə göndərilib".
Qeyd edək ki, dünən Təhsil Nazirliyinin binası qarşısında "Hicaba azadlıq!" şüarı ilə aksiyaya cəhd göstərilib. Aksiyada Bakı və Azərbaycanın rayonlarından olan orta məktəb şagirdlərinin və onların valideynlərinin də iştirak etdiyi iddia edilib. Aksiya iştirakçıları keçmiş "Qarabağ" mehmanxanasının qarşısından Təhsil Nazirliyinin binasına kimi gəliblər. Aksiyada "Hicaba azadlıq!", "Allahu Əkbər!", "Misir Mərdanov kafirdir!" və sair şüarlar səsləndirilib.
|