Yayım Assosiasiyası "Yeni nəşrlər" kataloq-jurnalının "Qarabağ həqiqətləri" adlı xüsusi buraxılışını oxuculara təqdim edib. Təqdimat mərasimində çıxış edərkən Assosiasiyanın prezidenti və "Yeni nəşrlər" kataloq-jurnalının baş redaktoru Yaşar Zeynalov "Qarabağ həqiqətləri" adlı xüsusi buraxılışın prezident yanında Qeyri-hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə "Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı nəşrlərin dünya ictimaiyyətinə çatdırılması" layihəsi çərçivəsində hazırladığıni bildirdi. Onun sözlərinə görə, kataloq-jurnal Azərbaycan və ingilis dillərində 500 tirajda nəşr olunub və əsasən xarici ölkə səfirlikləri, diplomatik nümayəndəlikləri və diaspor təşkilatları arasında paylanılacaq.
Xüsusi buraxılışda 128 kitab haqqında məlumat toplanılıb. Həmin nəşrlərdə Qarabağ və Qarabağ probleminin tarixi, Xocalı soyqırımı, Laçın və digər rayonlarda baş verən erməni təcavüzü, Azərbaycan Respublikasının dövlət qurumlarının münaqişənin həlli istiqamətindəki fəaliyyəti və erməni təcavüzü haqqında digər faktlara toxunulub.
Təqdim olunan nəşrlərin ümumi həcmi 32500 səhifəyə, 100 000 nüsxəyə yaxındır.
Y.Zeynalov bildirmişdir ki, layihə çərçivəsində aparılan monitorinq nəticəsində Dağlıq Qarabağ münaqişəsi və erməni təcavüzü ilə bağlı 4000-ə yaxın kitab nəşr olunub və bundan sonra da fəaliyyətimiz dövründə mütəmadi olaraq bu nəşrlər haqqında informasiyaların oxuculara çatdırılması nəzərdə tutulur.
Yazıçı publisist Məhəmməd Nərimanoğlu bu münaqişə ilə bağı nəşrlərin təbliğatı sahəsində geniş fəaliyyətə ehtiyac olduğunu bildirdi. Müəllifin fikrincə, bu sahədə elektron resurslar yaradılması da vacibdir.
|