Hal-hazırda Ayna qəzetinin 04.12.2010 tarixli sayını oxuyursunuz. Son nömrəni oxumaq üçün buraya klikləyin
 
Şənbə | 04.12.2010
  Haqqımızda | Əlaqə | Reklam | Seçilmişlərə əlavə et | Ayna ilə başla |   RSS
 
 
   
   
     Ana səhifə > Siyasət  
 
 
NATO-nun Cənubi Qafqaz planı
NATO-nun Cənubi Qafqaz planı
Alyans Azərbaycanın da daxil olacağı yeni strateji format yaratmağa çalışır
Şənbə, 04.12.2010

Cəsur Sümərinli mətn ölçüsü  

Noyabrın 25-26-da Cənubi Qafqaz ölkələrindən olan heyətlərin NATO-nun Brüssel mənzil-qərargahına səfəri çərçivəsində keçirilən müzakirələr alyansın bu regiona yönəlik və ümumiyyətlə, dünyada gələcək fəaliyyəti ilə bağlı bir sıra məsələlərə aydınlıq gətirilməsi baxımından önəm kəsb edirdi.

Azərbaycanı bu səfərdə 6 ekspert - BDU Beynəlxalq Münasibətlər kafedrasının müəllimi, enerji təhlükəsizliyi üzrə ekspert Bəxtiyar Aslanbəyli, Azərbaycan Hüquqşünasları Konfederasiyasının baş katibi, hüquq eksperti Nadir Adilov, ölkə Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzinin elmi işçisi, təhlükəsizlik məsələləri üzrə ekspert Rəşad Kərimov, NATO ilə Əməkdaşlıq İnstitutunun rəhbəri, NATO məsələləri üzrə ekspert Fərrux Məmmədov, Azərbaycan Təhlükəsizlik və Müdafiə İctimai Assosiasiyasının prezidenti Yaşar Cəfərli və bu sətirlərin müəllifi təmsil edirdi.

Bu görüş bizim üçün mühüm idi. Çünki son Lissabon sammitindən sonra Cənubi Qafqaz ölkələrinin təmsilçiləri alyansın perspektiv fəaliyyəti ilə bağlı ilkin mənbədən məlumat əldə etmək şansına sahib olmuşdular.

Əməkdaşlığın yeni formatı

İlk görüşdə NATO İctimai Diplomatiya Bölməsinin Qafqaz Regional Koordinatoru Despina Afentuli NATO-nun cari məsələlərindən söhbət açdı. Onun sözlərinə görə, 1989-cu ildən sonra NATO-nun transformasiya siyasəti güclənib. "Açıq qapı" siyasəti uğurlu alındı, üzvlərimizin sayı 16-dan 28-ə çatdı. Lissabon sammitində bu siyasətin davam etdirilməsinin zəruriliyi vurğulandı", - Afentuli təhlükəsizlik sahəsində bir sıra prioritetlərin dəyişildiyini və bütün bunların NATO-nun yeni Strateji Konsepsiyasında əksini tapdığını qeyd etdi.

NATO-nun Cənubi Qafqaza yönəlik siyasətindən danışan Afentuli regionda ənənəvi təhdidlərin mövcudluğundan danışdı. Onun sözlərinə görə, NATO bu təhdidlərin qarşısının alınması üçün region dövlətləri, o cümlədən Rusiya ilə siyasi dialoqu davam etdirir. "Biz ərazi bütövlüyünün, suverenliyin təmin olunmasını və dövlətlərin bir-birinə hörmət etmələrini arzulayırıq", - deyə o bildirdi.

D.Afentuli Lissabon sammitində NATO-ya üzv və tərəfdaş ölkələrin dünyada təhlükəsizliyin təmin olunması istiqamətində birgə əməkdaşlığının güclənməsini zəruri hesab etdi və onun sözlərinə görə, sammitin əsas hədəflərindən biri məhz budur. Özəlliklə də Əfqanıstanda sabitliyin təmin olunmasında əməkdaşlığın güclənməsi zəruri hesab edilir: "Qafqaz elə regiondur ki, Əfqanıstanda baş verən hadisələr regional sabitlik baxımından ona təsir edir. Bu baxımdan Əfqanıstanda əməliyyat məsələsinə daha geniş sayda ölkələr qoşulur".

D.Afentuli NATO-nun tərəfdaş ölkələrlə perspektiv əməkdaşlığını gücləndirməyə dair önəmli məqamları bölüşdü. Lissabon sammitində tərəfdaş ölkələrlə əməkdaşlığın yeni formasının yaradılması məsələsi diqqət mərkəzində olub:

"Əgər tərəfdaşlar NATO əməliyyatlarında iştirak edirlərsə, onlar qərarların qəbulu prosesində də iştirak etməlidir. Artıq bununla bağlı məsələ qaldırılıb və üzv ölkələrin səlahiyyətli şəxslərinə zəruri çərçivə sənədlərini hazırlamaq mandatı verilib. Bütün bu məsələlər 2011-ci ilin aprelində müzakirəyə çıxarılacaq. Sənəd qəbul olunsa, tərəfdaş ölkələr NATO-da qərarvermə prosesində iştirak edə biləcəklər".

D.Afentuli bildirdi ki, bu məsələdə söhbət heç də Şimali Atlantika Tərəfdaşlıq Şurasından getmir: "Yeni qurumun, formatın yaradılması mümkündür. Məsələn, bu gün Avstraliya, Yeni Zelandiya kimi ölkələr NATO əməliyyatlarına töhfə verirlər və bu ölkələr üzv olmaq istəmirlər. Bir çoxları qərarların qəbulu prosesində iştirak etmək istəyir.

REKLAM

Düşünürəm ki, bu, texniki problemdir və onun həmin ölkələrlə əməkdaşlıq prosesində həlli mümkün olacaq".

Demokratik islahatlar istəyi öndə olacaq

NATO baş katibinin Cənubi Qafqaz və Orta Asiya üzrə xüsusi nümayəndəsi Robert Simmonsun iştirakçılarla görüşü önəmli idi. Nəzərə alınmalıdır ki, 7 ildir bu vəzifədə çalışan Simmons artıq noyabrın 30-da öz səlahiyyətlərini uzun illər NATO-nun mətbuat katibi vəzifəsində çalışmış Ceyms Apaturaya təhvil verib.

"NATO-nun yeni Strateji Konsepsiyasında və Lissabonda qəbul edilmiş bəyannamədə tərəfdaşlığın vacibliyi xüsusi qeyd olunub və bu prosesi gücləndirmək hədəfi qoyulub", - deyən R.Simmons bildirdi ki, Cənubi Qafqaz ölkələri NATO-nun tərəfdaşlıq siyasətində əhəmiyyətli rol oynayır. Azərbaycan və Ermənistanla tərəfdaşlığın müvafiq IPAP sənədi çərçivəsində inkişaf etdirildiyini qeyd edən NATO rəsmisi alyansın Gürcüstanla İllik Milli Plan (Annual National Plan) çərçivəsində əməkdaşlığını xüsusi vurğuladı. Simmons yaxın zamanlarda NATO-nun Azərbaycanda genişmiqyaslı bir tədbir planlaşdırdığını vurğuladı. Yay aylarına planlaşdırılmış bu tədbir İslandiyada vulkanın fəsadları ilə bağlı təxirə salınıb.

"Azərbaycan NATO-nun fəal tərəfdaş ölkələrindən biridir və biz əməkdaşlığı uğurla davam etdiririk", - deyə Robert Simmons bildirdi. Onun sözlərinə görə, hazırda NATO Azərbaycanla - müdafiə islahatı, əməliyyat uyarlılığı, informasiya mübadiləsi və s. istiqamətlər üzrə əməkdaşlıq həyata keçirir. FHN və MTN ilə də xüsusi əməkdaşlıq prosesi mövcuddur:

"Biz böyük həcmdə işlər həyata keçiririk. IPAP sənədinin mərhələləri bu əməkdaşlığın getdikcə gücləndiyini sübut edir. Strateji Konsepsiya da qarşıdakı dövrdə ikitərəfli tərəfdaşlıq münasibətlərinin güclənməsini tövsiyə edir. Əslində Cənubi Qafqaz ölkələri Strateji Konsepsiyaya uyğun olaraq əməkdaşlığın güclənməsi istiqamətində yaxşı nümunə hesab edilir". Simmons sözünə davam etdi:

"Siz bu gün NATO-nun ən yaxşı tələbəsi hesab olunursunuz. Başqaları sizdən ibrət götürməlidir. Bu modeli digər ölkələrlə əməkdaşlığa da tətbiq etmək lazımdır".

R.Simmons bildirdi ki, hazırda NATO ilə Azərbaycan arasında Fərdi Tərəfdaşlıq üzrə Əməliyyat Planının (IPAP) üçüncü mərhələsini razılaşdırma prosesi gedir. Simmons bu mərhələdə 3 əsas məsələnin diqqət mərkəzində olacağını bildirdi:

- birincisi, demokratik islahatlar. Buraya demokratik idarəetmənin tətbiqi, korrupsiyaya qarşı mübarizə aparılması, söz və media azadlığının təmin olunması daxildir.

- ikincisi, təhlükəsizlik və müdafiə sektorunda islahatlar.

- üçüncüsü, elm sahəsində əməkdaşlıq.

R.Simmons bildirdi ki, Azərbaycanda son parlament seçkiləri göstərdi ki, ölkədə demokratiyanın təmin olunması istiqamətində işlər getməlidir. Ölkədə aparılan hərbi islahatlara diqqət çəkərək dedi ki, ötən illərdə "daha böyük islahatlar həyata keçirilə bilərdi. Daha çox hərbi hissə islahatlar prosesinə cəlb oluna bilərdi. Amma düşünürük ki, növbəti dövrdə yeni islahatlar həyata keçiriləcək".

Yeri gəlmişkən, səfər çərçivəsində "Doktrina" Jurnalistlərin Hərbi Araşdırmalar Mərkəzinin hazırladığı Azərbaycan Silahlı Qüvvələrində islahatların vəziyyəti və güc strukturlarının məlumatlandırma siyasətinə dair araşdırma - hesabat NATO-nun İctimai Diplomatiya Bölməsinə təqdim olunub. Hazırlanmış sənəd hərbi sahədə islahatlara və güc strukturlarının məlumatlandırma siyasətinə dair alternativ baxışları əks etdirir.

R.Simmons qeyd etdi ki, bu gün Gürcüstan NATO-ya üzvlük məqsədini qarşıya qoyub və onun alyansla imzaladığı sənədlər buna aparır:

"Bu ölkə ilə çox dinamik sənədimiz var və bu istiqamətdə əməkdaşlığı davam etdirəcəyik. Buxarest sammitində Gürcüstan və Ukraynanın NATO-ya perspektiv üzvlüyü məsələsi Lissabonda da razılaşdırılmış məsələ oldu. Düzdür, bu gün artıq Ukrayna NATO-ya qoşulmamaq niyyətini bəyan edib. Amma onunla əməkdaşlığımız davam edir". Simmons bildirdi ki, NATO-nun Rusiya tərəfindən Gürcüstan ərazilərinin zəbt olunmasına münasibəti dəyişilməz olaraq qalır:

"Biz hesab edirik ki, Rusiyanın bu ölkənin ərazisindəki qoşunlarının sayı azaldılmalı, sərhədlər müharibədən əvvəlki vəziyyətinə qaytarılmalıdır".

Azərbaycan heyətinin üzvü Rəşad Kərimovun NATO-nun genişlənməsinin növbəti mərhələləri barədə sualını cavablandırarkən Robert Simmons bildirdi ki, NATO-nun qapıları yeni üzvlər üçün açıqdır, lakin NATO-nun genişlənməsi sadəcə təşkilat tərəfindən deyil, potensial yeni üzvlər tərəfindən də bir sıra addımlar atılmasını və qarşılıqlı əməkdaşlıq tələb edir.

Təhlükəsizlik məsələləri üzrə ekspert Bəxtiyar Aslanbəyli Cənubi Osetiya və Abxaziyanın Rusiya hərbi qüvvələrinin nəzarəti altında olduğunu xatırladaraq, Gürcüstanın NATO-ya qəbulu məsələsinin bu münaqişələrin həlli ilə birbaşa bağlı olduğunu vurğuladı və ümumiyyətlə, bölgədəki münaqişələrin həllinin Cənubi Qafqazın Avroatlantik məkana inteqrasiyasına müsbət təsir edəcəyini qeyd etdi. B.Aslanbəyli həmçinin NATO-nun İctimai Diplomatiya Bölməsinin hazırladığı "Cənubi Qafqazda tərəfdaşlar" adlı kitabçadakı xəritədə Dağlıq Qarabağ, Cənubi Osetiya və Abxaziyanın mübahisəli ərazilər kimi qeyd olunmasına etiraz edərək, bu cür yanlış məlumatın NATO çap məhsullarında yer almasının yolverilməz olduğunu bildirdi.

R.Simmons NATO-nun bölgədəki münaqişələrin həllində maraqlı olduğunu və bu istiqamətdə aparılan siyasi danışıqları dəstəklədiyini vurğuladı.


Çap
versiyası
Paylaş
E-mail ilə
göndər
səhifə
1 - 2 - 3
Oxşar xəbərlər:

Azərbaycan KTMT-yə qoşulmağa hazırlaşmır

"Azərbaycan bayrağı İst-river sahilində"

Dünyanın 200 ən yaxşı universiteti müəyyənləşdi

Azərbaycanda 2 minə yaxın HİV daşıyıcısı var

"Gürcü və azərbaycanlı məktəblərinin maddi-texniki bazası eyni səviyyədədir"

Bölmənin digər xəbərləri
 
İsa Qəmbər və Əli Kərimlinin şəxsi problemi...
YAP rəsmisi deyir ki, müxalifətçilər səbəbi özlərində axtarsınlar

Astana sammitinin yekun sənədi qəbul edildi
Uzun çək-çevirdən sonra qəbul olunan sənəddə Qarabağa aid konkret fikir yoxdur

Yenidən seçki keçirməyə ehtiyac yoxdur
Vitse-spiker Bahar Muradovadan reaksiya

Sarqsyan həmsədrlərdən təminat istəyib
Astanada prezidentlərin görüşünün baş tutmadığının səbəbi aydın oldu

"AXCP ilə Müsavatın birləşməsinin bizə aidiyyəti yoxdur"
Mirmahmud Mirəlioğlu deyib ki, bu, "onların daxili işidir"

Ermənilər çaş-baş qalıblar
"Dağlıq Qarabağ Respublikası"nı tanımağa dair qanun layihəsini nə etsinlər?

Hərbi əməkdaşlıq gücləndirilir
Baş Qərargah rəisləri sənədlər paketi imzalayıblar

Nikolay Rıjkov erməniləri bir az qorxutdu
"Sizin və bizim qonşular hazırlıq aparır..."

Cənubi Qafqazda Təhlükəsizlik Forumu sona çatdı
Stepan Qriqoryana görə, əlaqələr qurmaq cəhdi vəziyyəti yaxşılığa doğru dəyişər

ABŞ "Wikileaks"ın məsuliyyətini bölüşmək fikrində deyil
Birləşmiş Ştatların Bakı səfirliyi bəyanat yayıb



Bölmənin arxivi

 
 

 

Ən çox oxunanlar
 
Qadını döyərək zorlayıblar

Qadını döyərək zorlayıblar


9 və 11-ci sinif şagirdləri üçün buraxılış imtahanlarının vaxtı açıqlanıb

9 və 11-ci sinif şagirdləri üçün buraxılış imtahanlarının vaxtı açıqlanıb


Əli Həsənov:
"Əgər gələcək seçkilərdə bu mandatı bizdən alacaqlarsa..."

Əli Həsənov: "Əgər gələcək seçkilərdə bu mandatı bizdən alacaqlarsa..."


 
 
© Copyright by Ayna 2009   Ana səhifə - İkinci cins - Hamı üçün təhsil - Gələcəyimiz bu gün - Cəmiyyətdən ailəyə - Sülh Naminə Tərəfdaşlıq - Alman Aynası - Şou-biznes - Dünyada - Uşaqlar bu gün - ABŞ-ın azərbaycanlı məzunları - Anım - İdman - Ordunun aynası - Kriminal - Tarix - Güney - Mədəniyyət - Cəmiyyət - İqtisadiyyat - Siyasət - Xəbərlər