Seçkilər başa çatdı, bundan sonra yeni Milli Məclis özünün iş rejimini müəyyən etməlidir. Bunu isə Milli Məclisin daxili Nizamnaməsi tənzimləyir. "Ayna" bununla bağlı bir sıra məqamları oxuculara çatdırır. Daxili Nizamnaməyə görə, Milli Məclisin 83 deputatının səlahiyyətləri təsdiq edildikdən sonra parlamentin ilk iclası həmin gündən başlayaraq bir həftədən gec olmayaraq çağırılır.
Milli Məclisə seçkilərdən sonra martın 10-dək onun 83 deputatının səlahiyyətləri təsdiq edilməzsə, Konstitusiya Məhkəməsi Milli Məclisin ilk iclasının keçirilmə vaxtını müəyyən edir. Konstitusiya Məhkəməsi Milli Məclisin 83-cü deputatının seçildiyini martın 10-dan sonra təsdiq edərsə, yeni seçilmiş Milli Məclisin ilk iclasının keçirilmə vaxtını da təyin etməlidir.
Daxili Nizamnaməyə gərə, yeni Milli Məclisin birinci iclasını Milli Məclisin ən yaşlı deputatı açır, Milli Məclisə seçilmiş deputatların siyahısını oxuyur və Milli Məclisin sədri seçilənədək birinci iclası aparır. Milli Məclisin birinci iclasına sədrlik edənin təklifi ilə hesablayıcı komissiya seçilir və bu barədə qərar qəbul edildikdən sonra Milli Məclisin sədri seçilir, bununla da Milli Məclisin növbəti çağırışının birinci iclası işini bitirir.
Qeyd edək ki, 2005-ci ildə 3-cü çağırış Milli Məclisin ilk iclasını Murtuz Ələsgərov aparıb. Milli Məclisin ilk iclasına adətən prezident, Prezident Administrasiyasının rəhbəri, Mərkəzi Seçki Komissiyasının sədri və digər rəsmi şəxslər qatılır. Bu dəfə parlamentdə ən yaşlı deputat Cəlal Əliyevdir. Onun 82 yaşı var.
|