Prezident İlham Əliyev "Azərbaycan Respublikasının 2011-ci il dövlət büdcəsi haqqında" qanunun tətbiqi barədə fərman imzalayıb. Fərmana əsasən, qanunun 2-ci maddəsi ilə nəzərdə tutulan gəlirlərin dövlət büdcəsinə daxil olmasını təmin etmək üçün dövlət orqanları və müəssisələri üzrə tapşırıqların minimum həddi aşağıdakı kimi müəyyən edilib:
1.1 Vergilər Nazirliyi üzrə 4 420,0 mln.man.
1.1.1 Neft-qaz sahəsində hasilatın pay bölgüsü sazişləri üzrə podratçı tərəflərin mənfəət vergisi 600,0 mln.man.
1.1.2 Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin xətti ilə konsolidə edilmiş vergilər və digər ödənişlər (fiziki şəxslərin gəlir vergisi istisna olmaqla) 1 080,0 mln.man.
1.1.3 Qeyri-neft sahələri üzrə vergilər və vergi olmayan ödənişlər 2 740,0 mln.man.
1.2 Dövlət Gömrük Komitəsi üzrə 1 120,0 mln.man.
Fərmana əsasən, dövlət büdcəsinin xərclər istiqamətləri aşağıdakı kimi nəzərdə tutulur:
Ümumi dövlət xidmətləri xərcləri 1 142 632 845,0 man.
Müdafiə xərcləri 1 325 061 150,0 man.
Məhkəmə hakimiyyəti, hüquq-mühafizə və prokurorluq orqanlarının saxlanılması xərcləri 712 886 919,0 man.
Təhsil xərcləri 1 338 536 523,0 man.
Səhiyyə xərcləri 546 118 884,0 man.
Sosial müdafiə və sosial təminat xərcləri 1 324 085 745,0 man.
Mədəniyyət, incəsənət, informasiya, bədən tərbiyəsi və digər kateqoriyalara aid edilməyən sahədə fəaliyyət 202 350 881,0 man.
Mənzil və kommunal təsərrüfatı xərcləri 227 683 253,0 man.
Kənd təsərrüfatı, meşə təsərrüfatı, balıqçılıq, ovçuluq və ətraf mühitin mühafizəsi 448 033 596,0 man.
Sənaye, tikinti və faydalı qazıntılar xərcləri 3 396 469 329,0 man.
Nəqliyyat və rabitə xərcləri 64 602 544,0 man.
İqtisadi fəaliyyətlə bağlı xərclər 112 890 200,0 man.
Əsas bölmələrə aid edilməyən xərclər 1 906 648 131,0 man.
Qeyd edək ki, fərmanda Nazirlər Kabineti, nazirliklər, dövlət komitə və təşkilatlara müxtəlif tapşırıqlar əks olunub.
2011-ci il üçün dövlət büdcəsinin gəlirləri 12,061 mlrd. manat, xərcləri 12,748 mlrd. manat, büdcə kəsiri 687 mln. manat həcmində qəbul olunub.
Prezident İ.Əliyev "Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondunun (DSMF) 2011-ci il büdcəsi haqqında" qanunun tətbiq edilməsi barədə də fərman imzalayıb.
Sənədə əsasən, Nazirlər Kabinetinə DSMF-nin 2011-ci il büdcəsinə uyğun olaraq iş axtaranların və işsiz vətəndaşların sosial müdafiəsi ilə bağlı tədbirlərin maliyyələşdirilməsinin Dövlət Proqramında işsizlik müavinətinin ödənilməsi üçün vəsaitin məbləğlərini Naxçıvan Muxtar Respublikası üzrə xərclər ayrıca göstərilməklə nəzərdə tutması tapşırılıb. Həmçinin gəlir və xərc smetaları Nazirlər Kabineti tərəfindən təsdiq olunan iri dövlət müəssisələrinin 2011-ci il üçün smetalarında əvvəlki illərdə yaranmış məcburi dövlət sosial sığorta haqları üzrə borcların ödənilməsi təmin olunmalıdır.
DSMF isə öz növbəsində 2011-ci il büdcəsinin gəlirləri və xərclərinin yerinə yetirilməsi üçün zəruri tədbir görməli və bu barədə ildə iki dəfə prezidentə və Nazirlər Kabinetinə məlumat verməlidir.
Maliyyə Nazirliyinə tapşırılıb ki, 2011-ci ildə DSMF-yə nəzərdə tutulmuş ayırmaların (transfertin) rüblük və aylıq bölgüsünü Fondla razılaşdırmaqla təsdiq etsin.
Dövlət büdcəsindən maliyyələşən təşkilatların rəhbərlərinə məcburi dövlət sosial sığorta haqları üzrə əvvəlki illərdə yaranmış borcları 2011-ci il üçün xüsusi vəsaitlərin smetalarının tərtibində və təsdiqində nəzərə alınması tapşırılıb.
Qeyd edək ki, DSMF-nin 2011-ci il büdcəsinin gəlir və xərcləri 1 970,540 mln. manat təşkil edir. Xərclərin 97,3%-i və ya 1 917,7 mln. manatı əhaliyə ödənişlər üçün nəzərdə tutulub. Bunun 1 853 mln. manatı (96,6%) isə pensiya xərcləri, 64,6 mln. manatı (3,4%) müavinətlərin payına düşür.
|