Konstitusiya Məhkəməsi seçkilərin nəticələrinə baxmağa başladı
 |
Məhkəmə bazar ertəsi səhərdən işini davam etdirəcək
Şənbə, 27.11.2010
İ.Abbasov |
mətn ölçüsü |
|
|
|
Dünən Konstitusiya Məhkəməsi Plenumunun növbəti iclasında Konstitusiyanın 86-cı maddəsinə uyğun olaraq, 2010-cu il noyabrın 7-də Milli Məclisə seçkilərin nəticələrinin yoxlanılması və təsdiqinə dair məsələyə baxılıb(APA).
Plenumun iclasını məhkəmə sədri Fərhad Abdullayev açıq elan edib. O, məhkəmə heyəti və katibini elan edib. Daha sonra isə sözü məruzəçi hakim Rafael Qvaladzeyə verib.
Məruzəçi hakim Rafael Qvaladze seçkilərin vaxtının təyin edilməsi, keçirilməsi və yekunları barədə məlumat verib. O, seçki pozuntuları iddiası ilə Respublika Baş Prokurorluğuna daxil olan müraciətlər barədə də məlumat verib. Hakim həmin müraciətlərdən biri - 89 saylı Göyçay-Ağdaş Seçki Dairəsi üzrə daxil olmuş müraciətlə əlaqədar cinayət işi başlandığını deyib. Hakimin sözlərinə görə, cinayət işi həmin dairədən namizəd olmuş şəxsin seçki günü səsvermə prosesinə müdaxiləsi, bununla da seçki qanunvericiliyini pozması ilə bağlı başlanıb.
İclasda çıxış edən MSK sədri Məzahir Pənahov daxil olan bütün müraciətlərin diqqətlə araşdırılaraq müvafiq qərarlar qəbul edildiyini deyib. O, seçkinin təşkil olunması, namizədlərin qeydiyyata alınması, pulsuz efir vaxtının ayrılması, MSK-ya daxil olan müraciətlər və s. barədə məlumat verib. M. Pənahov dövlət və hökumət strukturlarının seçki prosesinə müdaxilə etməsi barədə iddiaların da əsassız olduğunu bildirib.
Daha sonra çıxış edən MSK Müsavat Partiyasının təmsilçisi olan üzvü Gülağa Aslanlı isə bildirib ki, seçki saxtakarlıqları ilə bağlı xüsusi rəy hazırlasa da, MSK-nın yekun protokoluna əlavə olunmayıb:
"MSK sədri Məzahir Pənahov dedi ki, yekun protokola imza atmadan rəy həmin sənədə əlavə oluna bilməz. Buna görə də mən həmin rəyi poçtla MSK-ya göndərdim".
G.Aslanlı, ümumiyyətlə, seçkilərin antidemokratik keçirildiyini bildirərək Konstitusiya Məhkəməsini seçkilərin nəticəsini tanımamağa çağırıb ("Turan").
Konstitusiya Məhkəməsinin sədri Fərhad Abdullayev bu məsələdə M. Pənahovun fikri ilə razılaşdığını bildirib.
G.Aslanlı seçki qanunvericiliyinə edilən sonuncu əlavə və dəyişikliyi, habelə 7 noyabr seçkiləri ilə bağlı tənqidlərini səsləndirib, daha sonra parlament seçkiləri ilə bağlı hazırladığı rəyi Konstitusiya Məhkəməsinə təqdim edib. MSK sədri M. Pənahov yenidən söz alaraq MSK üzvü Gülağa Aslanlının siyasi partiya nümayəndəsi kimi çıxış etdiyini deyib: "Bu isə Seçki Məcəlləsinə ziddir".
M.Pənahov G.Aslanlının iddialarına cavab olaraq bildirib ki, seçici siyahılarından kənar siyahı üzrə səs verənlərin sayı ümumi seçicilərin 0,5%-ini təşkil edib və bu, qanun çərçivəsində edilib: "Bu rəqəm heç bir DSK üzrə seçkilərin nəticəsinə təsir edə bilməz".
İclasda ekspert qismində Bakı Dövlət Universitetinin hüquq fakültəsinin Konstitusiya hüququ kafedrasının baş müəllimi Elşad Nəsirov çıxış edib. O, 7 noyabr seçkilərinin Konstitusiyaya uyğun olaraq azad, ədalətli, demokratik keçirildiyini deyib, seçki prosesinə müsbət rəy verib.
Digər çıxış edənlər - MSK sədrinin müavini Şaitdin Əliyev, MSK katibi Natiq Məmmədov da 7 noyabr seçkilərinin demokratik, azad və ədalətli keçirildiyini deyib.
Fərhad Abdullayev bununla da məhkəmə baxışının başa çatdığını deyib. O, məhkəmənin noyabrın 29-u saat 9:00-dək təxirə salındığını elan edib.
Xatırladaq ki, 2010-cu il noyabrın 7-də 4-cü çağırış Azərbaycan Milli Məclisinə seçkilərdə 743 nəfərin namizədliyi qeydə alınıb. Namizədliyi qeydə alınmış şəxslərdən 53 nəfəri namizədliyini geri götürüb. 125 deputat mandatı uğrunda 690 namizəd mübarizə aparıb.
Seçici siyahılarında 4 946 588 nəfər səsvermə hüququ olan vətəndaşın adı olub. Seçkilərdə 2 480 205 seçici (ölkə üzrə seçicilərin 50,14%-i) iştirak edib.
Seçkiləri qeydiyyatdan keçmiş 48 mindən artıq müşahidəçi, o cümlədən MSK-da akkreditə olunmuş 1024 beynəlxalq müşahidəçi izləyib.
MSK 7 noyabr seçkiləri ilə bağlı 20 DSK üzrə 46 seçki məntəqəsində seçkinin nəticələrini ləğv edib, DSK-lar tərəfindən nəticəsi ləğv olunan məntəqələrin sayı 3 olub.
Seçkilərdə Yeni Azərbaycan Partiyası 71, Vətəndaş Həmrəyliyi Partiyası 3, Ana Vətən Partiyası 2, Demokratik İslahatlar Partiyası 1, Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyası 1, Böyük Quruluş Partiyası 1, Vətəndaş Birliyi Partiyası 1, Ədalət Partiyası 1, Azərbaycan Sosial Rifah Partiyası 1, Ümid Partiyası 1 yer qazanıb. Seçkilərdə qələbə qazanmış digər şəxslər bitərəflərdir.
|
|
|
Oxşar xəbərlər:
"Meşə qardaşları"nın məhkəməsi təqsirləndirilən şəxslərin ifadəsi ilə davam edir
Radikallıqda təqsirləndirilən dini qrupun apellyasiya şikayətinə baxılır
SMDT Ədliyyə Nazirliyini məhkəməyə verdi
Blogerlər azad edilmədi
Arabulun məhkəməsi davam edir
|
|
|