Prezident yanında Strateji Araşdırmalar Mərkəzi (SAM) bu ilin dekabrın 2-də Cənubi Qafqaz Təhlükəsizlik Forumu və Konrad Adenauer Fondunun birgə təşkilatçılığı ilə III Cənubi Qafqaz Təhlükəsizlik Forumu çərçivəsində "Azərbaycan və Şərq Tərəfdaşlığı: Regional çətinliklərin və yeni imkanların müəyyənləşdirilməsi" mövzusunda Bakıda beynəlxalq konfrans keçirəcək.
Bu barədə "Ayna"ya SAM-ın mətbuat sözcüsü Anar Hüseynov bildirib. A.Hüseynov qeyd edib ki, konfransda əsas məqsəd dünyanın geosiyasi cəhətdən önəmli regionlarından sayılan Cənubi Qafqaz dövlətlərinin mövcud reallıqlarını müzakirə etmək, regionun inkişaf perspektivlərinə, təhlükəsizlik məsələsinə, sülhə və əməkdaşlığına dair fikir mübadiləsi aparmaq, bununla da beynəlxalq diplomatiya proseslərinə elmi töhfələr verməkdir.
Tədbir iştirakçıları Cənubi Qafqazda geosiyasi proseslər, uzun sürən regional münaqişələr və onların sülh yolu ilə həllinin yeni istiqamətləri, regional əməkdaşlıq məsələləri, enerji təhlükəsizliyi, xüsusən də Şərq-Qərb enerji dəhlizinin çağırışları və imkanlarını, enerji layihələrinin bu bölgədə sabitliyə və təhlükəsizliyə təsirini, Cənubi Qafqaz dövlətlərinin Avropa İttifaqına inteqrasiyasını, Şərq Tərəfdaşlığı istiqamətində irəliləyiş məsələlərini, regional və qonşu dövlətlərin sülh və əməkdaşlıq perspektivlərini, beynəlxalq təhlükəsizlik problemlərini və regionun geosiyasəti üçün önəmli olan digər bu kimi prioritet məsələləri geniş müzakirə mövzusuna çevirəcəklər. Qeyd edək ki, konfransda SAM, Konrad Adenauer Fondu (Almaniya), Ceymstaun Fondu (ABŞ), Chatham House (Böyük Britaniya), Rusiya Elmlər Akademiyası, Münaqişə və Danışıqlar Beynəlxalq Mərkəzi (Gürcüstan), Mərkəzi Florida Universiteti (ABŞ) kimi dünyanın qabaqcıl "beyin mərkəzləri"nin rəhbərləri və elmi işçiləri, Avropa Komissiyası və Avropa parlamentinin üzvləri, Azərbaycanda akkreditə olunmuş beynəlxalq təşkilatlar və diplomatik nümayəndəliklərin rəhbərləri məruzələrlə çıxış edəcəklər.
Konfransda Azərbaycanın dövlət və hökumət nümayəndələri, millət vəkilləri, Azərbaycanda akkreditə olunmuş beynəlxalq təşkilatlar və diplomatik nümayəndəliklərin rəhbərləri, elm və təhsil sahəsinin təmsilçiləri, QHT nümayəndələri, KİV rəhbərləri, regional və beynəlxalq münasibətlər üzrə digər mütəxəssislər də iştirak edəcək.
Xatırladaq ki, Cənubi Qafqaz Təhlükəsizlik Forumu çərçivəsində beynəlxalq konfranslar daha öncə - 2008-ci ildə Ermənistanda, 2009-cu ildə isə Gürcüstanda keçirilmişdir.
|