Avropa Şurasının Nazirlər Komitəsi noyabrın 30-da azərbaycanlı jurnalist Eynulla Fətullayevin işi üzrə Avropa İnsan Hüquqları Məhkəməsinin qərarının icrasını müzakirə edəcək. Bu barədə "Turan"a jurnalistin vəkili Elçin Sadıqov məlumat verib.
Onun sözlərinə görə, Nazirlər Komitəsi Eynulla Fətullayevin barəsindəki qərarın icrası və narkotik ittihamı ilə bağlı məsələyə münasibət bildirəcək.
Dünən Sadıqov Bakı İstintaq Təcridxanasında Fətullayevlə görüşüb və sonuncu səhhətində heç bir problem olmadığını bildirib.
Noyabrın 11-də Ali Məhkəmənin Plenumu Avropa Məhkəməsinin 2007-ci ildə iki iş üzrə - böhtan və terrorla hədələmə və milli ayrı-seçkilik salma ittihamları üzrə Fətullayev barəsində hökm çıxarılması zamanı onun hüquqlarının pozulması haqqında qərarını təsdiq edib.
Azərbaycan Ali Məhkəməsi ikinci işdə vergi ödənişindən yayınma hissəsi istisna olmaqla, bu cinayət işlərinə xitam verilməsi haqqında qərar qəbul edib. Bundan başqa, plenum bu ittiham üzrə onun cəzasını 1 ay da artıraraq, 2 il üç ay edib. Lakin bu cəza Fətullayevin artıq çəkdiyi həbs cəzasından çıxılıb.
Amma jurnalist 2009-cu ildə ona qarşı qanunsuz narkotik saxlamaq ittihamı ilə açılmış yeni cinayət işi ilə əlaqədar olaraq həbsdə qalmaqdadır. 2010-cu il iyulun 6-da Qaradağ rayon məhkəməsi jurnalisti narkotik saxlamaq ittihamı ilə iki il yarım azadlıqdan məhrumetmə cəzasına məhkum edib. Hazırda onun apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsində baxılır.
|