Minsk Qrupu həmsədrlərinin Azərbaycana səfəri başa çatıb. Səfər çərçivəsində prezident İlham Əliyev və xarici işlər naziri Elmar Məmmədyarovla görüşən həmsədrlər Bernar Fasie, Yuri Popov və Robert Bradkte dünən Bakıdan İrəvana yola düşüblər.
Məlumata görə, Bakı Beynəlxalq Aeroportunda jurnalistlərə açıqlama verən fransalı həmsədr Bernar Fasie İrəvanda Ermənistan prezidenti Serj Sarqsyan və xarici işlər naziri Edvard Nalbandyanla görüşəcəklərini deyib. Onun sözlərinə görə, görüşdən sonra ATƏT Minsk Qrupunun həmsədrləri Yuri Popov və Robert Bradtkenin Azərbaycana qayıdışı gözlənir. Bernar Fasie özü isə Dağlıq Qarabağ münaqişəsinin nizamlanması prosesinin gedişi barədə Fransa prezidenti Nikolya Sarkozi, baş nazir Fransua Fiyon və yeni xarici işlər naziri xanım Mişel Alyo-Marini məlumatlandırmaq üçün Parisə gedəcək. Həmsədrin sözlərinə görə, həmsədrlər noyabrın 29-da tam heyətdə Astanaya səfər edəcəklər.
Bernar Fasie Azərbaycanda apardıqları danışıqların nəticəsi ilə bağlı sualı belə cavablandırıb:
"Dünən Azərbaycan prezidenti və xarici işlər naziri ilə görüşdük. Hələlik nə isə demək çətindir, səfərimiz başa çatmayıb. İrəvanda keçirdiyimiz görüşlərdən sonra bəlkə nə isə məlum olacaq".
Jurnalistlərin "Astanada prezidentlərin görüşləri hansı formatda keçiriləcək" sualını cavablandıran fransız həmsədr qeyd edib ki, bunu söyləmək mümkün deyil:
"Prezidentlərin görüşünü bir həftədən tez planlaşdırmaq mümkün deyil. Çünki biz adi vasitəçiyik. Amma ATƏT-in Astana sammitinə Rusiyadan prezident Medvedev, Fransadan baş nazir Fransua Fiyon və ABŞ-dan dövlət katibi Hillari Klintonun qatılacağı gözlənir".
Minsk Qrupunun Rusiyadan olan həmsədri İqor Popov Azərbaycanda keçirdikləri görüşlərdə Astana sammiti çərçivəsində Azərbaycan və Ermənistan prezidentləri arasında danışıqların formatını müzakirə etdiklərini deyib: "Amma bu konfidensial məsələdir, ona görə də danışıqların mahiyyətini açıqlaya bilmərik".
Bernar Fasie Ermənistan prezidentinin Astana sammitinə qatılmayacağı barədə məlumatları şərh etməyib. "Mən Fransa prezidentinin belə planlarını təsdiqləyə bilmərəm, Ermənistan prezidentinin Astana sammitində iştirak edib-etməyəcəyi sualını necə cavablandıra bilərəm?", - deyə Fasie bildirib.
Jurnalistlərin "Ermənistan prezidenti Astana sammitində iştirak etməyəcəyi təqdirdə vasitəçilər onun danışıqlar prosesinə münasibətini necə dəyərləndirəcəklər" sualını cavablandırmaqdan imtina edən vasitəçi bu sualı hipotetik adlandırıb: "Həyatda və diplomatiyada hipotetik suallara cavab vermək mümkün deyil".
Həmsədrlərin tərəflərə yeni təkliflər gətirib-gətirmədiyi barədə sualı cavablandıran Fasie 6 ildir danışıqlar prosesində iştirak etdiyini xatırladıb:
"Bilirsiniz ki, üç il əvvəl tərəflərə Madrid prinsiplərini təklif etmişik və o vaxtdan xüsusi çətinlikləri aradan qaldırmaq üçün o sənəd üzərində işləyirik. Bu, yeni təkliflər deyil".
Xatırladaq ki, dekabrın 1-2-də Astanada ATƏT-ə üzv ölkələrin dövlət və hökumət başçılarının zirvə görüşüdür. Sammitdə Dağlıq Qarabağ münaqişəsinin də müzakirəsi gözlənir. Erməni mətbuatında Ermənistan prezidentinin sammitdə iştirak etməyəcəyi barədə məlumatlar yayılıb.
|