Bu gün futbol üzrə Azərbaycan çempionatında XV turun oyunları başlanacaq. Turun əsas görüşləri mərkəzi arenada baş tutacaq. "Bakı" bu gün Tofiq Bəhramov adına Respublika stadionunda "Xəzər-Lənkəran"ı, "Qarabağ" isə ertəsi gün "Neftçi"ni qəbul edəcək.
2004-cü ildən görüşən "Bakı" ilə "Xəzər-Lənkəran"ın qarşılaşmaları həmişə prinsipiallığı ilə seçilib. Lənkəran komandası ötən mövsümü titulla başa vurmağa yaxın olduğu halda, son turda məhz paytaxt klubuna məğlubiyyət buna imkan vermədi. Elə həmin matçdan bir həftə sonra mərkəzi arenada ölkə kubokunun finalında da bakılılara uduzan (1:2) lənkəranlılar mövsümü titulsuz bitirdilər. İlk dövrədə də rəqibinə qalib gələ bilməyən "Xəzər-Lənkəran" cari mövsümdə mərkəzi arenada ikinci oyununa çıxacaq. Mirça Rednikin başçılıq etdiyi "Lənkəran" bu stadionda ilk dövrədə "Qarabağ"a 1:0 hesabı ilə qalib gəlib.
"Qarabağ" isə bu dəfə tarixi görüşə çıxır. 1992-ci ildən başlayan milli çempionatımızın iştirakçıları olan "Neftçi" ilə "Qarabağ"ın oyunları derbi sayılır. Komandalar yenə meydana yalnız qələbə üçün çıxacaqlar. Ağdam komandası son iki görüşdə eyni hesabla uduzaraq (0:2), heç qol vura bilməyib. "Neftçi" isə ötən tur elə mərkəzi arenada "Qəbələ" ilə oyunda (0:0) büdrəməklə "Xəzər-Lənkəran"la xal fərqinin minimuma enməsinə şərait yaradıb.
Turun digər görüşləri bu komandalar arasında keçiriləcək:
27 noyabr - "Gəncə" - MOİK, "Qəbələ" - "Simurğ";
28 noyabr - "Muğan" - "İnter", AZAL - "Turan".
Ötən turda isə bu nəticələr qeydə alınıb:
"Xəzər-Lənkəran" - "Muğan" - 2:0, "Neftçi" - "Qəbələ" - 0:0, AZAL - "Qarabağ" - 2:0, "İnter" - "Turan" - 3:0, MOİK - "Bakı" - 0:4, "Simurğ" - "Gəncə" - 0:0.
|