Mərkəzi Seçki Komissiyasının dünənki iclasında parlament seçkiləri ilə bağlı daxil olmuş müraciətlərə baxılıb. APA-nın xəbərinə görə, 114 saylı Şəki kənd 1-ci Seçki Dairəsinin namizədləri olmuş Əvəz Kərimov və Şərqiyyə Seyidovanın dairədə nəticələrin ləğvi barədə müraciətləri əsassız sayılaraq təmin olunmayıb (APA).
Sonra 43 saylı Sumqayıt 3-cü Seçki Dairəsinin namizədi olmuş İbrahim Əhmədzadənin eyni məzmunlu müraciətinə baxılıb. Müzakirəyə müraciət müəllifi də qatılıb. İ.Əhmədzadə MSK-nın ekspert qrupunun üzvü ilə mübahisə də edib. Onun da müraciəti əsassız sayılaraq təmin olunmayıb.
10 saylı Binəqədi 3-cü Seçki Dairəsinin namizədləri olmuş İlham Hüseynli və Qorxmaz İbrahimlinin dairədə nəticələrin ləğv olunması barədə müraciətlərinə də baxılıb. Hər iki müraciət müəllifinin qatıldığı müzakirədə iddia qismən təmin olunub. Belə ki, 10 saylı Binəqədi 3-cü Seçki Dairəsinin 10 saylı seçki məntəqəsinin nəticələri ləğv edilib. Bu dairə üzrə seçki məntəqələrinin sayı 36-dır.
47 saylı Mingəçevir Seçki Dairəsindən namizəd olmuş Nəriman Yəhyayevin dairə üzrə seçki nəticələrinin ləğv olunması ilə bağlı müraciətinə baxılıb və təmin olunmayıb.
68 saylı Cəlilabad kənd Seçki Dairəsi üzrə namizəd olmuş Habil Qasımovun dairə üzrə seçki nəticələrinin ləğv olunması barədə müraciətinə baxılıb və təmin olunmayıb.
39 saylı Kəpəz 1-ci (Gəncə) Seçki Dairəsinin namizədi olmuş AMİP sədri Yusif Bağırzadənin də dairə üzrə seçki nəticələrinin ləğv olunmasına dair müraciətinə baxılıb və təmin olunmayıb.
MSK-nın iclasında 35 saylı Xətai 3-cü Seçki Dairəsinin namizədi olmuş Aqil Səmədbəylinin dairə üzrə seçki nəticələrinin ləğv olunmasına dair müraciətinə baxılıb və təmin olunmayıb.
103 saylı Gədəbəy Seçki Dairəsi üzrə namizəd olmuş Yeganə Əmiraslanovanın dairə üzrə seçki nəticələrinin ləğv olunmasına dair müraciətinə baxılıb və təmin olunmayıb.
37 saylı Nizami 1-ci (Gəncə) Seçki Dairəsi üzrə namizəd olmuş Azərbaycan Tərəqqi Partiyasının sədri Çingiz Dəmiroğlunun səlahiyyətli nümayəndəsinin dairə üzrə seçki nəticələrinin ləğv olunmasına dair müraciətinə baxılıb və təmin olunmayıb.
115 saylı Şəki kənd 2-ci Seçki Dairəsi üzrə namizəd olmuş Adil Qeybullanın dairə üzrə seçki nəticələrinin ləğv olunmasına dair müraciətinə baxılıb və təmin olunmayıb.
72 saylı Yardımlı-Masallı Seçki Dairəsi üzrə namizəd olmuş Elşad Paşanın (Paşasoy) dairə üzrə seçki nəticələrinin ləğv olunmasına dair müraciətinə baxılıb və təmin olunmayıb.
51 saylı Qusar Seçki Dairəsi üzrə namizəd olmuş Həsənbala Məmmədovun dairə üzrə seçki nəticələrinin ləğv olunmasına dair müraciətinə baxılıb və təmin olunmayıb.
Qeyd edək ki, MSK-nın bugünkü iclasında 2 məntəqə üzrə seçkinin nəticələri ləğv edilib. MSK-nın növbəti iclaslarında müxtəlif seçki dairələri üzrə seçki nəticələrinin ləğv olunması ilə bağlı müraciətlərə baxılacaq. я Seçkilərin Monitorinqi və Demokratiyanın Tədrisi Mərkəzi (SMDT) isə Statistikaya Əsaslanmış Müşahidə (SƏM) metodologiyası əsasında ölkənin 125 seçki dairəsi üzrə 1007 seçki məntəqəsində seçki günü səsvermə, səslərin sayılması proseslərini izləyib və xeyli sayda qanun pozuntularını aşkarlayıb.
SMDT-dən "Turan"a verilən məlumata görə, monitorinq 2 istiqamətdə təşkil edilib. Belə ki, 607 seçki məntəqəsində seçki günü məntəqələrin açılması, səsvermə və səs sayma prosesləri müşahidə edilib. Təmsilçilik təsadüfi seçim əsasında müəyyən edilib. Bu məntəqələr üzrə nəticələr 8 noyabr 2010-cu ildə açıqlanıb.
Seçki günü 18 seçki dairəsində 541 seçki məntəqəsində (cəmi 597 seçki məntəqəsi) məntəqənin açılması, səsvermə və səs sayma prosesləri ilə yanaşı, namizədlər arasında səslərin protokollaşdırılması prosesinin düzgünlüyü öyrənilib.
335 məntəqədə ciddi qanun pozuntuları aşkarlanıb və bu, məntəqə seçki komissiyaları və MSK-nın elan etdiyi nəticələri şübhə altına alır. SMDT hesab edir ki, bu seçki dairələri üzrə seçki prosesinin qanuniliyi ilə bağlı şikayətlər diqqətlə araşdırılmalıdır.
Söhbət Bakı, Gəncə, Naxçıvan, Sumqayıt, Şəki, Sabirabad, Göyçay, Ağdaş və Beyləqan rayonlarındakı bir sıra dairələrdən gedir. Əsasən bu cür pozuntular aşkarlanıb: saxta bülleten atılması, siyahıda adı olmayan şəxslərin səs verməsi, bir şəxsin bir neçə dəfə səs verməsi, seçicilərin namizədə səs verməyə təhrik edilməsi, seçki prosesinə kənar müdaxilə, səslərin sayılmasının açıq keçirilməməsi, məlumatların protokolda düzgün əks olunmaması və protokolun surətinin müşahidəçiyə verilməməsi. MSK isə cəmi 5 məntəqədə seçkilərin nəticələrini ləğv edib.
|