NATO sammitinin böyük hədəfləri
 |
Bu gün İlham Əliyevin Barak Obama ilə görüşü gözlənir
Şənbə, 20.11.2010
|
|
Dünən Portuqaliyanın paytaxtı Lissabonda 2 günlük NATO sammiti işə başlayıb. Bu sammitə NATO dairələrində xüsusi əhəmiyyət verilir. Alyans 21-ci əsrdə üzv ölkələri yeni təhlükələrdən necə qoruyacağına nəzər salmaq istəyir. Söhbət ballistik raketlərdən tutmuş kiber hücumlaradək təhlükələrdən gedir. NATO eləcə də Rusiya ilə münasibətləri "istiləşdirmək" istəyir. NATO-nun əsas narahatlığı Əfqanıstanla bağlıdır. Alyans bu problemi özü üçün ən çətin sınaq sayır.
NATO baş katibi Anders Foq Rasmussen sammit başlamazdan əvvəl mətbuat konfransında sammitin konkret nəticələrə əsaslanacağını və böyük əhəmiyyətə malik olacağını bildirib. O deyib:
"Konkret nəticələrə əsaslanaraq, Lissabon sammiti yeni strateji konsepsiya, Əfqanıstanda yeni mərhələ və Rusiya ilə yeni başlanğıc baxımından diqqətəlayiq olacaq. Bu, alyansın gələcəyini formalaşdıracaq, NATO-nu tarix boyu ən uğurlu alyans edən prinsipləri möhkəmləndirəcək və eyni uğuru növbəti onillikdə də əldə etmək üçün dəyişiklik gündəliyi müəyyənləşdirəcək".
Rusmussenin sözlərinə görə, zirvə toplantısının əsas mövzusu Avropanın raket əleyhinə müdafiə sisteminin yaradılması olacaq. Alyans üzvləri bu sistemin yaradılmasına dair razılaşmanın əsas kriteriyalarını müzakirə edəcəklər.
Sammitdə NATO-ya üzv ölkələrin növbəti 10 il üçün yeni konsepsiyanı təsdiqləyəcəyi və Əfqanıstandan təhlükəsizliyə dəstək beynəlxalq qüvvələrinin çıxarılmasını müzakirə edəcəyi gözlənilir. Ehtimal olunur ki, Əfqanıstanda təhlükəsizliyə dair məsuliyyət tədricən yerli hakimiyyətə veriləcək. Bu proses isə 2011-ci ilin yanvarında başlayacaq və 2014-cü ildə başa çatacaq. Baxmayaraq ki, Pentaqondan bir qədər öncə bəyan ediblər ki, 2014-cü ilə tam qətiləşmiş müddət kimi yox, təxmini plan kimi baxırlar. Pentaqonun bildirdiyinə görə, onlar 2014-cü ildə əfqan qoşunlarının ölkənin böyük bir hissəsinə nəzarət etmək iqtidarında olacağına ümid edirlər, lakin ölkənin bütün rayonlarının qoşunların çıxarılması üçün təhlükəsiz olacağına əmin deyillər. Belə olan halda ABŞ hərbi kontingenti Əfqanıstanda 2014-cü ildən sonra da qala bilər.
Abxaziya və Cənubi Osetiya məsələsi də sammit çərçivəsində Rusiya, Gürcüstan və avropalı tərəfdaşlarla aparılan danışıqların əsas mövzusu olacaq.
Bunu isə ABŞ Dövlət Departamentinin rəsmi nümayəndəsi Filip Krouli Gürcüstanın "Rustavi-2" telekanalına müsahibəsində bildirib. "Düşünürəm ki, bu məsələ Lissabon sammitindəki müzakirələrin mövzusu olacaq, çünki bu, 2008-ci il münaqişəsindən sonra NATO-Rusiya Şurasının ilk görüşüdür", - deyə amerikalı diplomat bəyan edib.
Gürcüstan isə Lissabon sammitinin alyansın Buxarest sammitinin qərarlarını təsdiq edəcəyinə ümid edir. Bu barədə NATO sammitində Mixail Saakaşvilinin iştirakını şərh edən Gürcüstan prezidentinin mətbuat katibi Manana Mancqaladze bildirib. "Biz Gürcüstanın alyansa daxil olması ilə bağlı NATO-nun mövqeyinin dəyişmədiyinə və NATO-nun dəstəyinə ümid edirik", - deyə o qeyd edib.
Qeyd edək ki, Ermənistanın xarici işlər naziri Edvard Nalbandyan və müdafiə naziri Seyran Ohanyan NATO-nun Lissabon sammitində iştirak edirlər.
Sammitdə Azərbaycan prezidenti İlham Əliyev də iştirak edir. Prezident dünən Portuqaliyaya yola düşüb.
"Ayna"ya verilən məlumatlara görə, bu gün Lissabonda NATO-nun sammitinə paralel olaraq Əfqanıstanda sülhməramlı əməliyyatlarda iştirak edən ölkə rəhbərlərinin görüşü təşkil olunacaq. Bu görüşə Gürcüstan və Azərbaycan prezidentləri də qatılacaq. Eyni zamanda bildirildiyinə görə, bu gün ABŞ prezidenti Barak Obama Azərbaycan və Gürcüstan prezidentləri ilə görüşəcək. Başqa bir məlumata görə, elə bu gün Azərbaycan prezidenti ilə NATO baş katibi arasında qısa görüş keçirilməsi nəzərdə tutulub.
Bu arada NATO-nun Cənubi Qafqaz və Orta Asiya üzrə xüsusi nümayəndəsi dəyişdirilib. Bu vəzifədə Robert Simmonsu alyansın mətbuat katibi Ceyms Appaturay əvəz edəcək. C.Appaturayın köməkçisi APA-ya açıqlamasında onun dekabrın 1-dən etibarən yeni vəzifəsinin icrasına başlayacağını bildirib.
Xatırladaq ki, Qafqaz və Orta Asiyanın mühüm strateji regionlarında xüsusi nümayəndə vəzifəsinin yaradılması haqqında qərar 2004-cü ilin iyununda İstanbul sammitində qəbul edilib. R.Simmons bu vəzifəyə təyin olunan ilk diplomat idi.
Elə dünən C.Appaturay jurnalistlər qarşısında mətbuat konfransı keçirib. NATO zirvə görüşünün əsas məqamlarına toxunan cənab Appaturay əsasən təşkilatın bu toplantı ərzində qəbul edəcəyi yeni strateji konsepsiyasının təfərrüatlarını açıqlayıb. Bu sənədin NATO-nun növbəti on il üçün əsas proqramı olduğunu bildirib:
"Bu sənədin məqsədi alyansın fəaliyyətini daha da səmərəli, daha da məqsədli bir şəkildə qurmasıdır və burada bizim məqsədimiz digər tərəfdaşlarımızla birgə işləməyimizdir. Burda həmçinin əsas məsələ, əlbəttə, Avropanı və onun əhalisini mümkün ballistik raket hücumlarından qorumaqdır. Belə mümkün hücumlar sahəsində Rusiya ilə də əməkdaşlıq edə biləcəyimiz çox vacibdir. Biz çox istərdik ki, Rusiya bizimlə bu sahədə əməkdaşlıq etsin".
Xatırladaq ki, alyansın yeni strateji konsepsiyası əsasən təşkilatın məqsəd və məramlarını, mövcud olan təhlükələri və üzümüzə gələn onillikdə onlardan səmərəli qorunmağın yollarını yenidən müəyyən edəcək. Bundan başqa, bu sənəddə NATO ilə Rusiya arasındakı münasibətlərə də yer ayrılıb.
Qeyd edək ki, sammitlə bağlı şəhərdə təhlükəsizlik tədbirləri gücləndirilib. Asayişin qorunması üçün 5000-dən çox insan, xüsusi texnika, o cümlədən hərbi gəmilər və aviasiya da cəlb olunub. NATO sammitin təhlükəsizliyinin təmin olunmasına 200 milyon avro pul xərcləyib.
Elə dünən Lissabonun mərkəzinə 200-ə qədər NATO əleyhdarı etiraz aksiyası təşkil edib. Sammitin keçirilməsinə etiraz edən solçu NATO-nun Əfqanıstandan çıxmasını tələb edirlər və orada 9 ildə bir çox sivil insanın ölümünə səbəb olan NATO hərbi əməliyyatlarının dayandırılmasını tələb ediblər. APA-nın məlumatına görə, aksiya insidentsiz ötüşüb, amma aksiya iştirakçıları bu gün daha böyük aksiya vəd ediblər.
Açıqlanmış gündəliyə görə, bu gün NATO-ya üzv və tərəfdaş ölkələrin dövlət və hökumət başçıları bir yerə yığışaraq, əsasən Əfqanıstan məsələsini müzakirə edəcəklər. Bu gün eyni zamanda Rusiya prezidentinin də iştirakı ilə NATO-Rusiya münasibətləri müzakirə ediləcək və ayrı-ayrı ikitərəfli və çoxtərəfli görüşlər keçiriləcək. Bundan başqa, NATO baş katibi, BMT baş katibi və Əfqanıstan prezidentinin birgə mətbuat konfransı planlaşdırılır. Mətbuat konfransından öncə, Əfqanıstan prezidenti Həmid Karzayla NATO baş katibi Anders Foq Rasmussen birgə bəyanat imzalayacaqlar.
|
|
|
Oxşar xəbərlər:
Hərbi səneye müəssisələrinin açılışı olub
Bu il maaş və pensiyalar artacaq
Maaşlar artırılacaq
Milli mətbuatımızın 135 illik yubileyi qeyd olunacaq
Prezident Lənkəranda və Lerikdə idi
|
|
|