Yaxın 5-6 ildə müharibə başlana bilər
 |
Azərbaycanın hərbi təhlükəsizlik siyasətinə dair maraqlı fakt və proqnozlar
Şənbə, 20.11.2010
|
|
1991-ci ildə Azərbaycan Respublikası öz dövlət müstəqilliyini bərpa etdikdən sonra hərbi təhlükəsizlik məsələləri diqqət çəkən problemlərdən idi. Ermənistanın Azərbaycan ərazilərini işğal etməsi, regionda geosiyasi vəziyyətin mürəkkəbliyi, iqtisadi layihələrlə bağlı qızğın müzakirələr, silahlı münaqişələr, toqquşmalar Azərbaycan üçün çətin hərbi təhlükəsizlik sistemi yaradırdı. "Balanslı siyasət"ə üstünlük verənlər hesab edirdilər ki, bu, Azərbaycanın xilası üçün ən səmərəli istiqamətdir. Lakin bu təklif bir çoxları tərəfindən o qədər də müsbət qarşılanmadı.
Fikir ziddiyyətlərinin davam etdiyi bir dövrdə Sankt-Peterburq Dövlət Universitetinin Beynəlxalq Münasibətlər fakültəsinin dosenti, tarix elmləri namizədi Niyazi Niyazovun yenicə işıq üzü görmüş "1994-2010-cu illərdə Azərbaycan Respublikasının hərbi təhlükəsizlik siyasətinin əsas vektorları" adlı kitabı məsələyə işıq salınmasında önəmli cəhd sayıla bilər. Müəllif, necə deyərlər, ağır bir işin altına girib, Azərbaycanın müstəqil olduğu dövrdə, hətta ondan da əvvəlki vaxtlarda, İkinci Dünya müharibəsi zamanındakı hərbi təhlükəsizlik durumu, hərbi-sənaye kompleksi, müdafiə və təhlükəsizlik sektorunda islahatların vəziyyəti və s. kimi məsələləri araşdırıb və sanballı monoqrafik iş ərsəyə gətirib.
Monoqrafiyada Azərbaycanın hərbi təhlükəsizlik siyasətinin 4 başlıca istiqaməti nəzərdən keçirilir:
- siyasi və hərbi müttəfiqlər axtarışı,
- hərbi-ticari siyasət,
- hərbi-sənaye kompleksinin inkişafı,
- hərbi təhlükəsizliyin təmini ilə bağlı sosial və humanitar problemlərin həlli.
Monoqrafiya açıq mənbələr və ədəbiyyat əsasında işlənib və Azərbaycan tərəfinin Qarabağ münaqişəsinin birinci mərhələsində məğlub olmasından sonrakı 1994-2010-cu illərdə hərbi təhlükəsizlik siyasətinin məxsusi cəhətlərini öyrənmək məqsədi güdür. Müəllif qarşısına 1988-1994-cü illərdə Qarabağ münaqişəsinin siyasi, iqtisadi və hərbi xüsusiyyətlərini öyrənmək məqsədi qoymayıb. Onu hər şeydən əvvəl münaqişənin birinci mərhələsində məğlubiyyətin səbəblərinin 1994-2010-cu illərdə rəsmi Bakının hərbi təhlükəsizlik siyasətinin formalaşdırılmasına təsiri maraqlandırıb.
Siyasi və hərbi müttəfiqlər axtarışında
Müəllif kitabın "Azərbaycanın 1994-2010-cu illərdə siyasi və hərbi müttəfiqlər axtarışı" adlı birinci hissəsində Azərbaycanın 1994-2010-cu illərdə siyasi və hərbi müttəfiqlərin axtarışı prosesində ciddi hadisələrlə üzləşdiyini yazır. Bu dövrdə Azərbaycan daha çox NATO, KTMT və GUAM arasında var-gəl edir. Ötən dövrün daha çox müzakirə olunan məsələlərindən biri də məhz Azərbaycanın iştirakı ilə regional ittifaqların yaradılması məsələsi olub. Müəllif Azərbaycanın Pakistan və Türkiyə ilə hərbi-siyasi əlaqələrinə xüsusi diqqət çəkib.
Bu hissəyə yekun vuran müəllifin fikrincə, Azərbaycanın beynəlxalq arenada hərbi və siyasi müttəfiq axtarışı ilə bağlı bütün xarici siyasəti ilk növbədə Qarabağ probleminin həllinə istiqamətlənib. İkincisi, özünün regional və qlobal iqtisadi maraqlarının müdafiəsinə, üçüncüsü isə yeni növ təhdidlərə (narkoticarət, terrorizm, insan ticarəti, ekoloji problemlər) cavab verməyə yönəlib. Müəllif əmindir ki, 1994-2010-cu illərdə Azərbaycanın hərbi və siyasi rəhbərliyi bu və ya başqa ideoloji və iqtisadi paradiqma çərçivəsinə salmadan xarici tərəfdaşlarla hərbi sahədə əməkdaşlığın kifayət qədər səmərəli modelini qura bilib. Bu isə dinc və ya müharibə dövründə ölkənin hərbi təhlükəsizlik sisteminin uğurlu fəaliyyət göstərməsini təmin etməyə yönəlib.
Eyni zamanda, müəllif Azərbaycanda keçirilən sosioloji sorğuların nəticələrinin dünyada Azərbaycanın hərbi və siyasi müttəfiqliyinin cəlbediciliyini artırdığını düşünür. Belə ki, 2008-ci ildə ölkədə keçirilmiş sorğular göstərib ki, insanların əksəriyyəti hər hansı kataklizm dövründə ölkənin müttəfiqlərindən daha çox öz qüvvələrinə arxalanırlar.
Hərbi-texniki əməkdaşlığın əsas istiqamətləri
Kitabın "1994-2010-cu illərdə Azərbaycan Respublikasının hərbi-texniki əməkdaşlığının əsas istiqamətləri" adlı ikinci hissəsində müəllif ilk növbədə dünyada bu istiqamətdə cərəyan edən proseslərin təsvirini verir.
Ölkələri hərbi-ticarət əməkdaşlığı prosesində 4 qrupa bölən müəllif Azərbaycanın üçüncü qrupda qərarlaşdığını düşünür. Bu qrupda yer alan ölkələr kifayət qədər və operativ olaraq tamamlanan maliyyə resurslarına malikdirlər. Ölkəmizlə yanaşı Qazaxıstan, Özbəkistan, Türkmənistan, İraq, Əlcəzair, Braziliya və Peru da burada yer alır. Maraqlıdır ki, Azərbaycan torpaqlarını işğal edən Ermənistan 4-cü qrupda yer alır. Bu qrupda yer alan ölkələr (Ermənistan, Gürcüstan, Moldova, Baltikyanı ölkələr, Qırğızıstan, Tacikistan və Əfqanıstan) silah almaq üçün kifayət qədər məxsusi maliyyələrinin olmaması ilə seçilirlər.
Müəllif Azərbaycanın son illərdə müxtəlif ölkələrdən, xüsusilə də Rusiyadan aldığı zirehli texnikanı vurğulayır. Bununla yanaşı Ukrayna ilə hərbi-texniki əməkdaşlıq da diqqəti çəkir. Müəllifi düşündürən məsələlərdən biri də Rusiya və NATO mənşəli silah və hərbi texnikaların səmərəliliyi ilə bağlı Azərbaycan cəmiyyətində davam edən fikir ayrılığıdır. Bu istiqamətdə bir sıra ekspertlərin fikirlərinə istinad olunub.
Mühüm bir bölmə Azərbaycanın Türkiyə və İsraillə mövcud və perspektiv hərbi-texniki əməkdaşlığına ayrılıb. Qeyd edilir ki, indiyədək Azərbaycanla bu ölkələr arasında hərbi-ticari sahədə diqqətçəkən səviyyədə əməkdaşlıq formalaşıb və bu prosesin yaxın perspektivdə daha da güclənəcəyi şübhəsizdir.
Bu mərhələyə yekun vurarkən göstərilib ki, Azərbaycanın hərbi-ticari siyasəti təkcə Silahlı Qüvvələrin müasir döyüş sistemləri ilə təchizinə yönəlməyib, hədəflərdən biri də istehsalçı ölkələrlə sıx dostluq və müttəfiqlik münasibətlərinin qurulmasıdır. Bunun əvəzində Azərbaycan təkcə idxal olunan mala görə vəsait ödəməyə qadir deyil, eyni zamanda öz tərəfdaşlarına regional və qlobal səviyyədə güclü siyasi və iqtisadi dəstək göstərməyə hazırdır.
Hərbi-sənaye kompleksinin vəziyyəti
Bizə görə, ən maraqlı bölmələrdən biri də "Azərbaycanın hərbi-sənaye kompleksi: keçmiş, bu gün, perspektivlər"dir. Müəllif əvvəlcə İkinci Dünya Müharibəsi dövrünü araşdırıb. Əldə edilən faktlara görə, 1941-ci ilin qışında Bakıda 50 mm-lik minamyotların, əl qumbarası korpuslarının, aviasiya bombalarının, eləcə də əfsanəvi PPŞ-41 avtomatlarının istehsalına başlanıb. 1991-1994-cü illərdə davam edən Qarabağ münaqişəsi dövründə Azərbaycanda müəyyən silah-sursat nümunələrinin istehsalını xatırladan müəllif bu prosesin yeni əsrin əvvəllərindən etibarən gücləndiyini qeyd edir. Xüsusi diqqət çəkən hadisə 2005-ci ilin 16 dekabrında prezident İlham Əliyevin Azərbaycanda Müdafiə Sənayesi Nazirliyinin yaradılması ilə bağlı sərəncamı ilə bağlıdır. Müəllifin fikrincə, dövlət idarəçiliyi sistemində yeni nazirliyin yaranması hökumətin milli hərbi-sənaye kompleksinin formalaşdırılması üzrə məntiqi addımı idi. Müəllif bu hadisədən sonra hərbi-sənaye kompleksinin sürətlə inkişaf etdiyini, bir sıra ölkələrlə müqavilələr imzalandığını qeyd edir.
HSK üzrə proqnozlar da verilir. Qeyd edilir ki, Azərbaycan HSK özünün məntiqi sonuna yaxındır. Yaxın gələcəkdə bu kompleks müxtəlif silah sistemləri və müdafiə xarakterli digər məhsulların kütləvi istehsalına başlayacaq. Bunun əsas nəticəsi isə Azərbaycan Milli Ordusunun döyüş imkanlarının artması olacaq. Bu isə Cənubi Qafqaz regionunda siyasi, iqtisadi və hərbi maraqlar güdən bütün ölkələr tərəfindən nəzərə alınacaq.
Humanitar və sosial aspektlər
"Azərbaycan Respublikasının hərbi təhlükəsizlik siyasətinin humanitar və sosial aspektləri" adlı hissədə isə diqqət təhlükəsizlik və müdafiə sektorunda mövcud olan sosial problemlərə yönəldilir. Müəllif bildirir ki, ordu və digər güc strukturları qarşısında duran sosial problemlər praktiki olaraq dünyanın əksəriyyət ölkələrinin analoji problemlərindən fərqlənmir. Amma istisna olaraq Azərbaycanın siyasi və hərbi rəhbərliyi ordunun bütün sosial problemlərini həll etmək əhval-ruhiyyəsindədir. "Şübhəsiz ki, bunu tam həcmdə yerinə yetirmək mümkün deyil, amma sadalanan problemləri həll etmək üçün Azərbaycan hakimiyyətinin siyasi iradədən başqa maliyyə resursları da var", - deyə müəllif bildirir.
Çoxsaylı faktlar, şərhlər, təhlillər, ekspert yanaşmaları ilə önəm kəsb edən bu monoqrafiyanın sonunda müəllifin səsləndirdiyi proqnoz da maraq doğurur: Azərbaycanın inkişaf edən iqtisadi, siyasi və hərbi gücü yaxın 5-6 il ərzində ya Ermənistanla qarşılıqlı şərtlər daxilində sülh imzalamağa imkan verəcək, ya da Azərbaycan Qarabağ uğrunda genişmiqyaslı müharibəyə cəlb olunacaq. Müəllif bildirir ki, əgər müharibə başlasa, Azərbaycanı bu yolda nə beynəlxalq təzyiqlər, mümkün iqtisadi sanksiyalar və itkilər dayandıra bilməyəcək.
Düşünmək olar ki, bu kitab məzmununa görə hərbi-siyasi sahədə araşdırmalar aparan, ümumilikdə bu sektora maraq göstərən bütün oxucular üçün maraqlıdır. Ən azı ona görə ki, monoqrafiyada ötən 16 ildə ölkənin hərbi təhlükəsizlik siyasəti ilə bağlı vacib mülahizələr yer alır.
|
|
|
Oxşar xəbərlər:
Azərbaycan KTMT-yə qoşulmağa hazırlaşmır
"Azərbaycan bayrağı İst-river sahilində"
Dünyanın 200 ən yaxşı universiteti müəyyənləşdi
Azərbaycanda 2 minə yaxın HİV daşıyıcısı var
"Gürcü və azərbaycanlı məktəblərinin maddi-texniki bazası eyni səviyyədədir"
|
|
|