Futbol üzrə milli yığma komandamız 2010-cu ildə özünün son matçını keçirdi. Berti Foqtsun başçılıq etdiyi komandamız noyarın 17-də Çernoqoriyanın Podqoritsa şəhərində bu ölkənin millisi ilə yoldaşlıq oyununda qüvvəsini sınadı.
Qeyd edək ki, millimiz kimi 2012-ci il Avropa çempionatının seçmə mərhələsində çıxış edən Çernoqoriya yığması da öz qrupunda liderdir. FİFA reytinqində komandamızı xeyli önləyən Çernoqoriya millisi oyuna gənc heyətlə çıxmışdı. Avropa çempionatının seçmə qrup mərhələsi çərçivəsində hələ ötən ay Bakıda Türkiyə millisini məğlub edən Berti Foqtsun komandası Çernoqoriya yığmasına qarşı oyuna yaxşı əhval-ruhiyyədə yollanmışdı. Bununla belə, Podqoritsada keçirilən yoldaşlıq oyununda meydan sahibləri qələbə qazandılar. Matçın ilk hissəsində qapılara qol vurulmasa da, fasilədən sonra yığmamız 2 dəfə oyuna mərkəzdən başlayıb. Əvvəlcə 61-ci diqiqədə Peyoviçin təxminən 28 metrdən vurduğu fantastik zərbə qarşısında Kamran Ağayev mat qalıb. Bundan 12 dəqiqə sonra cinahdan qaldırılan topa Beçiray başla dəqiq zərbə endirib. Beləliklə, yığmamız 2010-cu ili məğlubiyyətlə başa vurub.
Həmin gün dünyanın yaşıl meydanlarında milli komandalar arasında 34 yoldaşlıq oyunu keçirilib. "Avro-2012"nin seçmə mərhələsində yığmamızın rəqiblərindən Almaniya, Avstriya, Türkiyə və Belçika da müvafiq olaraq İsveç, Yunanıstan, Hollandiya və Rusiya ilə yoldaşlıq oyunlarında qüvvələrini sınayıblar.
Avropa nəhəngləri İngiltərə - Fransa, Portuqaliya - İspaniya oyunlarının maraqlı keçəcəyi gözlənirdi. Məhz bu görüşlər sensasiya ilə yadda qalıb. Futbolun yaradıcıları öz meydanlarında minimal fərqlə uduzubsa, dünya çempionları son iki ayda ikinci dəfə darmadağın olublar. Sentyabrda Argentinaya 1:4 hesabı ilə uduzan Visente del Boskenin komandası bu dəfə Portuqaliya qarşısında aciz qalıblar - 0:4. Cənubi Amerikanın və dünyanın aparıcı komandaları - Argentina və Braziliya görüşünün taleyini isə 1 qol həll edib. Səhnəyə çıxan Lioneo Messi son dəqiqədə komandasına qələbə gətirən topu vurub. Yoldaşdıq oyunlarının nəticələri:
Çin - Latviya - 1:0, ÇERNOQORİYA - AZƏRBAYCAN - 2:0, Oman - Belarus - 0:4, Rusiya - Belçika - 0:2, Slovakiya - Bosniya-Herseqovina - 2:3, Argentina - Braziliya - 1:0, Bolqarıstan - Serbiya - 0:1, Macarıstan - Litva - 2:0, CAR - ABŞ - 0:1, Danimarka - Çexiya - 0:0, İsveçrə - Ukrayna - 2:2, Avstriya - Yunanıstan - 1:2, Hollandiya - Türkiyə - 1:0, İtaliya - Rumıniya - 1:1, Polşa - Kot-Di-Vuar - 3:1, İsveç - Almaniya - 0:0, İrlandiya - Norveç - 1:2, Sloveniya - Gürcüstan - 1:2, İngiltərə - Fransa - 1:2, Portuqaliya - İspaniya - 4:0.
|