7 noyabr günü gördüklərim
 |
Bunlar indiyə qədər müşahidə etdiyim ən anormal hadisələr idi
Şənbə, 13.11.2010
|
|
Bu parlament seçkiləri indiyə qədər müşahidə etdiyim ən anormal seçki oldu. Beynəlxalq müşahidəçilər bir çox nöqsanları qeyd edərək ümumilikdə seçkilərin baş tutduğunu bəyan ediblər. Seçkilər zamanı pozitiv məqam kimisə - seçici siyahılırının təkmilləşdirilməsi, 500 məntəqədə veb kameraların quraşdırılması, seçki məntəqələrinin normal təşkili, barmaqların mürəkkəblə nişanlanması və sair göstərilir.
Amma seçici siyahısı heç də normal deyildi. Məsələn, televiziya ilə MSK-nın on-layn seçki axtarış sistemi reklam olunsa da, şəxsən mən bu sistemin xidmətindən bəhrələnib adımı seçki siyahısına saldıra bilmədim ki, bilmədim. Sonda ayaqla məntəqəyə gedib müraciət etdim. Amma səsvermə günü məntəqəyə gedib yenə də adımı siyahıda görmədim. Son məqamda adımı siyahıya əlavə elədilər, amma inad və təkidimdən sonra. Yəqin mənim Mixail Zabelinə səs verməyəcəyimi zənn edib, ümumiyyətlə, adımın siyahıya düşməsini istəmirdilər. Amma adımın siyahıya daxil edilməsi və 12 saylı seçki dairəsi üzrə Zabelindən başqa da tanıdığım başqa bir namizədin olmadığına görə elə hamısının üstündən xətt çəkmək kimi kimsəyə güzəştə getməyəcəyim hüququmu həyata keçirdim.
Səsvermə günü isə Yasamal rayonu ərazisində yerləşən 15, 16 və 17 saylı seçki dairələrinin ərazisində 30-dan artıq seçki məntəqəsində mobil müşahidə dəstəsində və stasionar qaydada 15 saylı Yasamal birici dairə seçki komissiyasının 5, 6 və 7-ci məntəqələrində müşahidə apardım. Müşahidə deyəndə, bu məntəqələrin hamısı 52 saylı orta məktəbin dəhlizində yerləşirdi.
Bu müşahidə zamanı veb kameraları da gördüm. Amma şəxsən özüm MSK-nın və Seçkilər İnformasiya Mərkəzinin saytlarından istifadə edib hər hansı bir məntəqədə seçkiləri müşahidə edə bilmədim. Bütün hallarda görüntü almaq mümkün olmadı.
Artıq qeyd etdiyim kimi, bir neçə seçki məntəqəsi eyni otaqda, eyni dəhlizdə təşkil olunmuşdu. Bu isə həm seçicilərdə, həm də müşahidəçilərdə çaşqınlıq yaradırdı. Amma elə məntəqələr də vardı ki, onlara cəmi 10-12 kv. m-lik otaqda yer ayrılmışdı ki, burada müşahidə qeyri-mümkün idi.
Məsələn, 17 saylı Yasamal üçüncü seçki dairəsinin 6 və 7-ci məntəqələrində vəziyyət belə idi. Əgər 6-cı məntəqədə müşahidəçilər dəhlizdə oturub, gəlib-gedənə tamaşa edirdilərsə, 7-ci məntəqənin müşahidəçiləri məntəqədən bayırda oturmuşdular.
Əslində budəfəki seçkilərdə seçki saxtakarlığı üçün əsas istifadə olunan silahlardan biri də "müşahidəçilər" oldu. Məsələn, bu seçkilərə qədər məktəblərdə təşkil olunun seçki məntəqələrinin üzvləri müəllimlər, sədri direktor olurdusa, bu dəfə direktorlar müşahidəçi idilər. Amma o "müşahidəçi"lər bütün prosesi idarə edirdilər. Habelə "karusel" əməliyyatına cəlb olunun şəxslərin də müşahidəçi vəsiqələri var idi. Bu "müşahidəçi"lərin missiyasına həm də müşahidəçilərin neytrallaşdırılması kimi məsul vəzifə daxil idi. Onlar jurnalistlərə də əl-qol atmağı özlərinə rəva bilirdilər. Məsələn, belə müşahidəçilərin ən azı üçü bu cümlələrin müəllifinə fotoçəkiliş aparmağa maneçilik törədib.
Seçkilərdə ən maraqlı məqamlardan biri də "karusel" əməliyyatında ayrı-ayrı rayonların qeydiyyatında olan şəxslərin və xüsusilə də gənc qadınların cəlb edilməsi idi. Qadınlar hətta bir neçə dəfə əyin-başlarını dəyişib səs verirdilər. Müşahidəçilər tərəfindən yaxalananlar isə hay-küy salırdılar ki, ya Müsavat Partiyasının üzvüdürlər, ya da ki, AXCP-nin... Amma ən maraqlı məqam o idi ki, bu kimi hay-küyçü qadınlar həmin partiyaların sədrlərini düz-əməlli tanımırdılar...
Əlbəttə, beynəlxalq müşahidəçiləri yalnız yerli müşahidəçilərin rekord sayı ilə deyil, barmaqların pozulmayan mürəkkəblə işarələnməsinə görə də aldatmaq mümkün oldu. Beynəlxalq müşahidəçilərin hərəkətlərini müşahidə edəndə bu məqam xüsusi sezilirdi. Onlar öz barmaqlarının gözlə görünməyən mürəkkəblə işarələnib-işarələnməməyini yoxladırdılar. Amma onlar nədənsə komissiya üzvünün əsasən kişilərdən ibarət detektorlu üzvlərinin ciblərinə nəzər yetirmirdilər. Yazıq müşahidəçilərin ağlına belə gəlmirdi ki, komissiya üzvünün hər iki cibində detektor var. Biri adi işıqla, digəri isə infrabənövşəyi şüa ilə təchiz olunmuşdu. Olduğum bütün seçki komissiyalarında barmaqlarımı yoxladırdım. Əvvəl səs vermədiyimi deyirdim, əlbəttə, işıqtutan müəllim lampanı əlimə yaxın tutub mənim səs vermədiyimi təsdiq edirdi. "Zarafat edirəm, səs vermişəm" deyəndə isə özünü itirmədən digər cibindəki detektoru çıxarıb "qoy bir də baxım, hə, hə. Yəqin əlini yumusan da" deyə anormal münasibət bildirərək, sonra da barmağımın işarələndiyini təsdiq edirdilər.
Belə ki, bu seçkilərdə xüsusi qanun pozuntusu "karusel" əməliyyatı - yəni eyni adamların təkrar-təkrar və ayrı-ayrı məntəqələrdə səs verməsi oldu. Məsələn, 15-ci Yasamal birinci seçki dairəsində saxtakarlıqda və "karusel" əməliyyatında rabitəçilərdən istifadə edilirdi. Yasamaldakı ATS-in bütün əməkdaşları seçici, müşahidəçi və digər şəkildə bu seçkilərin saxtalaşdırılmasına cəlb olunmuşdu. Rabitəçilərin tapşırıqları nəyin bahasına olursa-olsun Etibar Hüseynovun bu dairə üzrə qalib çıxmasına hesablanmışdı. Əlbəttə, rabitəçilər bir "əsgər" kimi qarşılarında duran tapşırığı uğurla icra etdilər. Həm də fantastik bir tərzdə..
|
|
|
Oxşar xəbərlər:
Avropa müxalifəti seçkilərə dəvət edir
Keyfiyətsiz məhsul istehsalçıları cəzalandırılıb
Yenə də diplom satanlar tutuldu
"Aysu" şirkətinin içkiləri keyfiyyətsiz çıxdı
Polis seçkiyə müdaxilə etməyəcəyini bildirdi
|
|
|