NATO Parlament Assambleyasında (PA) Dağlıq Qarabağla bağlı qətnamə layihəsinin müzakirəsinin təxirə salınması Azərbaycan heyətinin təklifi əsasında olub. APA-nın xəbərinə görə, bu barədə jurnalistlərə Azərbaycanın NATO PA-dakı heyətinin rəhbəri, Milli Məclis sədrinin birinci müavini Ziyafət Əsgərov bildirib.
Z.Əsgərov deyib ki, Azərbaycan heyəti NATO PA-nın 13-16 noyabr Polşada toplantısına qatılmır. Səbəb - parlament seçkiləridir. Z. Əsgərov bildirib ki, qətnamə layihəsinin müzakirəsinin növbəti sessiyaya qədər təxirə salınması ilə əlaqədar NATO PA-nın prezidentinə rəsmi müraciət olunub və bununla bağlı müsbət qərar verilib:
"Ermənistan tərəfinin qətnamə layihəsinin təxirə salınmasını özlərinin ciddi səyi kimi qələmə vermələri yanlışdır. Biz bunun təxirə salınması üçün müraciət etmişik və təklif qəbul olunub".
Z.Əsgərov deyib ki, qətnamə layihəsində Azərbaycan ərazilərinin Ermənistan tərəfindən işğalı faktı da əksini tapıb. Azərbaycan tərəfi eyni zamanda qətnaməyə başqa əlavələrin edilməsi üçün də təkliflər hazırlayıb. Qətnamə layihəsi 6 maddədən ibarətdir.
MM sədrinin birinci müavini Azərbaycanda parlament seçkilərinin yüksək səviyyədə, ədalətli, şəffaf keçirildiyini də deyib:
"Ümid edirəm ki, digər məsələlər, Mərkəzi Seçki Komissiyasına müraciətlər, şikayətlər araşdırılacaq və müvafiq qərarlar qəbul ediləcək".
|