ATƏT Daimi Şurasının noyabrın 11-də Vyana iclasında Minsk Qrupu həmsədrləri və ATƏT-in hazırkı sədrinin xüsusi nümayəndəsi Anjey Kasprşik illik hesabatla çıxış ediblər. APA-nın "AzərTAc" dövlət agentliyinə istinadən verdiyi məlumata görə, A.Kasprşik bildirib ki, ötən ilin noyabrından indiyədək qoşunların təmas xəttində vəziyyəti sabit, lakin gərgin olub. Xüsusi nümayəndə bu kontekstdə Azərbaycan və Ermənistan prezidentlərinin Həştərxan görüşündən sonra qəbul edilmiş bəyanatı alqışlayıb.
Həmsədrlər Robert Bradtke (ABŞ), Bernar Fasie (Fransa) və İqor Popov (Rusiya) çıxışlarında hesabat dövründə Dağlıq Qarabağ münaqişəsinin nizamlanması ilə bağlı Ermənistan və Azərbaycan arasında keçirilmiş görüşlər və danışıqlar barədə məlumat veriblər.
İclasda iştirak edən Azərbaycan və Ermənistan heyətləri də məsələ ilə bağlı mövqelərini bildiriblər. Azərbaycan heyəti adından qeyd edilib ki, Azərbaycan Dağlıq Qarabağ bölgəsində ölkənin ərazi bütövlüyü çərçivəsində həm Azərbaycan, həm də erməni icmalarının hüquqlarını təmin edəcək özünüidarəetmə modelinin razılaşdırılmasına hazırdır. Minsk Qrupunun tərəflərlə müzakirə etdiyi belə bir modelə əsasən regionun statusu gələcəkdə müəyyən edilməlidir ki, bunun üçün də obyektiv şərait yaradılmalıdır. Yəni Ermənistan tərəfindən işğal edilmiş ərazilər boşaldılmalı, məcburi köçkünlər öz torpaqlarına geri qayıtmalı və kommunikasiya xətləri bərpa edilməlidir. Bir daha diqqətə çatdırılıb ki, bu məsələlər ətrafında aparılan müzakirələrdə Ermənistanın tutduğu qeyri-konstruktiv mövqe razılığın əldə edilməsinə imkan vermir. Lakin bu müzakirələr hələ ki, ilkin mərhələdəki əsas prinsiplərin işlənməsinə yönəlib və bundan sonra əsas saziş üzərində iş aparılmalıdır. Hazırkı mərhələdə müzakirə edilən məsələlərə növbəti mərhələdə də baxılacağını nəzərə alaraq Azərbaycan heyəti tərəflərin razılaşmasına mane olan çətinliklərin aradan qaldırılması, müzakirələrin daha effektiv aparılması üçün məsafənin qısaldılması və işin əsas sazişin işlənməsinə yönəldilməsini təklif edib.
"Qazaxıstan dondurulmuş münaqişələrin nizamlanması istiqamətində çox iş görüb". Bunu isə Azərbaycanın Qazaxıstandakı səfiri Zakir Həşimov "ATƏT - Avrasiyanın yeni ölçüsü" adlı dəyirmi masada jurnalistlərin suallarını cavablandıran zaman deyib.
Səfir bildirib ki, Azərbaycan ATƏT-in Astana sammitinin bu istiqamətdə irəliyə doğru bir addım olacağına ümidvardır: "Ümid edirik ki, Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasında doğrudan da irəliləyiş olacaq".
Xatırladaq ki, dekabrın 1-2-də Astanada ATƏT-in növbəti sammitidir. Dağlıq Qarabağ münaqişəsi ilə bağlı müzakirələrin aparılacağı gözlənilir.
Ermənistan silahlı qüvvələrinin işğal altında olan ərazilərdə keçirdiyi hərbi təlimlər isə dünən daha da geniş miqyas alıb. APA-nın məlumatına görə, Ağdam və Xocavənd rayonlarının işğal altındakı ərazilərində partlayış səsləri daha da güclənib. Düşmən qüvvələri təlimlərdə ağır texnikadan, artilleriyadan, hətta "Qrad" qurğularından belə istifadə edir. İntensiv atılan mərmilərin partlayış səsi Ağdam, Ağcabədi və digər cəbhəyanı rayonların yaşayış məntəqələrində aydın eşidilir. Bundan başqa, ağır artilleriya mərmilərinin gücündən evlərdə silkələnmələr qeydə alınıb.
Yerli sakinlərin sözlərinə görə, bu, Ermənistan silahlı qüvvələrinin atəşkəs sazişi imzalanandan bu yana keçirdiyi ən irimiqyaslı təlimdir.
|