YFC qərargah rəisinin Bakı səfəri
 |
Söhbət təkcə Əfqanıstan tranzitindən getmir
Şənbə, 13.11.2010
|
|
Noyabrın 11-də Azərbaycanın müdafiə naziri, general-polkovnik Səfər Əbiyev NATO-nun Brunssumdakı (Niderland) Birləşmiş Qüvvələr Komandanlığının (YFC) qərargah rəisi, general-polkovnik Jouk Lambertus Herman Eikelbumu (General Youke L.N. Eikelboom) qəbul edib. MN mətbuat xidməti bildirir ki, görüşdə NATO ilə Azərbaycan arasında əlaqələr və Cənubi Qafqazda geosiyasi vəziyyət müzakirə olunub.
Ekspertlər NATO generalının Azərbaycana səfərinin bir neçə mühüm məsələ ilə əlaqədar olduğunu güman edirlər. Eikelbum eyni zamanda Niderland Silahlı Qüvvələrində (Hərbi Hava Qüvvələri) xidmət edir. Onun F-16 qırıcı təyyarəsində 2400 saatdan artıq uçuş təcrübəsi var. O, 2005-ci ilin ortalarında Niderlandın Əfqanıstandakı qoşunlarının komandanı təyin olunub. 2008-ci ildən isə ISAF-ın Kabildəki Baş Qərargahında Hava Əməliyyatları üzrə direktor vəzifəsinə təyin olunub. 2009-cu il sentyabrın 2-də Eikelbum NATO-nun Brunssumdakı Birləşmiş Qüvvələr Komandanlığının (YFC) qərargah rəisi təyin olunub.
Mülahizələrə görə, NATO generalının Bakıya gəlişi 2 məqsədlə bağlı ola bilər:
- birincisi, Azərbaycanın Əfqanıstanda sülhyaratma prosesində iştirakının artırılma perspektivi, eyni zamanda Azərbaycanın NATO əməliyyatlarına lojistik-tranzit dəstəyinin artırılması,
- ikincisi, Azərbaycanın NATO-nun Əməliyyat İmkanları Konsepsiyası (OCC) çərçivəsində Ortaq Qüvvələr Birliyinə bəyan etdiyi bölüyün inkişaf perspektivləri.
OCC çərçivəsində əməkdaşlığın perspektivləri
OCC bölüyünün qiymətləndirilmə prosesi indiyədək həm də Brunssumdakı NATO YFC qiymətləndiriciləri tərəfindən aparılıb. Qiymətləndiricilər bu bölüyün NATO qüvvələri ilə birgə tapşırıqları (arama və axtarma, humanitar yüklərin müşayiəti, yerli əhali ilə münasibətlər, iğtişaşlar zamanı davranış qaydaları, media ilə ünsiyyət, obyektlərin mühafizəsi, nəzarət-buraxılış məntəqələrinin yaradılması, qanunsuz maddələrin aşkarlanması, helikopterlə evakuasiya, hərbi-mülki əməkdaşlıq, partlayıcı maddələrin aşkarlanması zamanı hərəkət tərzləri, şübhəli şəxslərin axtarılması, hücumun təşkili və aparılması, ingiliscəni bilmə səviyyəsi və s.) icraedilmə səviyyəsini öyrəniblər. Rəsmi məlumatlara görə, Azərbaycan Silahlı Qüvvələrinin həmin bölüyü tapşırıqların yerinə yetirilməsində müvəffəq nəticələr əldə edib. Müdafiə Nazirliyindən verilən məlumata görə, NATO tərəfi Azərbaycanda OCC bölüyünün yaradılması ilə bağlı prosesin gedişindən razıdır. Əldə olunan məlumatlara görə, indiyədək Azərbaycan SQ-nin polkovnik, polkovnik-leytenant rütbələrində olan 10-dan artıq zabiti NATO çərçivəsində qiymətləndirmə kurslarına göndərilib. Bitirdikdən sonra onlar qiymətləndirmə üzrə mütəxəssis adı alıblar.
Məlumat üçün: OCC NATO-nun Çevik Əməliyyat Qüvvələrinin yaradılmasında və inkişafında tərəfdaş dövlətlərin iştirakını nəzərdə tutur. Azərbaycan 2004-cü ilin sonlarında bu sənədə qoşulub.
OCC çərçivəsində NATO Azərbaycan Silahlı Qüvvələrinin qarşılıqlı əlaqələrini, onların başqa bir dövlətin SQ-i ilə əməkdaşlıq etmək və onlarla bir yerdə iştirak qabiliyyətini yüksəltməyə çalışır. Eyni zamanda OCC proqramı çərçivəsində:
- Azərbaycan zabitləri alyansın hərbi məktəblərində təlim keçirlər,
- OCC Azərbaycan SQ-nin maddi-texniki bazasının yüksəldilməsini nəzərdə tutur.
Bilgilərə görə, NATO tərəfi hazırda bu prosesin davam etdirilməsini və OCC çərçivəsində əldə edilmiş təcrübənin Azərbaycan SQ-yə daha geniş şəkildə yayılmasını istəyir.
NATO generalının səfəri çərçivəsində bu məsələnin müzakirə olunduğu istisna deyil. Nəzərə alınmalıdır ki, YFC-nin prioritet istiqamətlərindən biri məhz birgə kombinə edilmiş təlimlərin keçirilməsi, döyüş qabiliyyətlərinin uzlaşdırılması və uyarlılığın əldə olunması ilə bağlıdır. OCC və digər bu kimi planlar NATO-nun fəal tərəfdaşı olan ölkələrlə birgə əməkdaşlığın gücləndirilməsi baxımından geniş imkanlar açır.
Əfqanıstanın sabitliyi uğrunda əməkdaşlıq
Azərbaycanın Əfqanıstanda sülhyaratma prosesində lojistik-tranzit dəstəyinin gücləndirilməsi perspektivinə gəldikdə, YFC komandanlığının diqqət mərkəzində olan əsas məsələlərdən biri NATO-nun əməliyyat rayonunun tam spektrinin hazırlanmasıdır. YFC bu istiqamətdə mövcud və proqnozlaşdırıla bilən təhlükələrin aradan qaldırıması yönündə atılmalı olan addımları müəyyənləşdirir. Məqsəd NATO ölkələrinin səmərəli müdafiəsinə töhfə vermək, sabitliyin təmin olunmasına nail olmaqdır. Bu baxımdan YFC xüsusilə də Əfqanıstandakı sülhyaratma əməliyyatlarını prioritet hesab edir. Məqsəd bu regionda uzunmüddətli sülhə, əfqan xalqının rifahına nail olmaq üçün qüvvələri səfərbər etməkdir.
Bu NATO generalı uzun illər Əfqanıstanda məsul vəzifələrdə çalışıb. Biz bildiyimizcə, NATO tərəfi Azərbaycandan Əfqanıstanda sülhməramlı qüvvələrinin sayının artırılmasını istəyib. Azərbaycan tərəfi isə bu istəyi müsbət cavablandırıb. NATO generalına bu istiqamətdə ümidverici vədlər verildiyi deyilir.
Xatırladaq ki, Azərbaycan Əfqanıstanla bağlı hərbi-siyasi və iqtisadi planlarını elə bu yaxınlarda açıqlayıb. Noyabrın 3-də İstanbulda Əfqanıstan üzrə IV Regional İqtisadi Əməkdaşlıq Konfransında (RECCA IV) Elmar Məmmədyarov Azərbaycanın Əfqanıstanda sülhün və sabitliyin qurulması istiqamətində beynəlxalq ictimaiyyətin səylərini tam dəstəklədiyini vurğulamışdı. Azərbaycanın beynəlxalq sülhməramlı qüvvələrin əməliyyatlarına 2002-ci ildə qoşulduğunu və 2009-cu ildə Əfqanıstanda hərbçilərin sayını 2 dəfə artırdığını söyləyən Məmmədyarov qeyri-hərbi sahədə də Azərbaycanın öz töhfəsini verdiyini bildirmişdi.
- Müxtəlif sahələr üzrə əfqan mütəxəssisləri Azərbaycanda treninqlərə qatılıblar,
- Azərbaycandan 2 həkim və 2 mühəndis beynəlxalq sülhməramlı qüvvələrin Kabil Regional Qərargahına ezam edilib,
- Əfqanıstanın Minalardan Təmizləmə Departamentinin 11 əməkdaşı ANAMA tədris kurslarında iştirak edib,
- Əfqanıstan Təhsil Nazirliyinin xahişi ilə ANAMA tərəfindən hazırlanmış və Azərbaycanın Təhsil Nazirliyinin dəstəyi ilə çap edilmiş mina təhlükəsinə aid 10500 ədəd kitabça bu yaxınlarda Pərvan bölgəsinə çatdırılıb,
- 4 əfqan diplomatı Azərbaycanın Diplomatik Akademiyasında 2009-cu ilin mayında treninqlərdə iştirak edib,
- 2010-cu ilin sentyabr-oktyabr aylarında Bakıda ADA-nın Cenevrənin Təhlükəsizlik Siyasəti Mərkəzi ilə birgə hazırladığı "Yaxşı idarəetmə və qanunun aliliyi" adlı kursda Əfqanıstanın 19 dövlət və qeyri-dövlət sektoru təmsilçilərinin iştirakı ilə kursların keçirilməsi.
Azərbaycan tərəfi əfqanlar üçün digər sahələr üzrə də müxtəlif tədris və treninq kurslarının hazırlanması işini davam etdirərək əfqan tərəfinin buna dair cavabını gözləyir və əfqan tələbələrinin Azərbaycanın təhsil ocaqlarında təhsil alması məsələsini nəzərdən keçirməyə hazırdır. Azərbaycan eyni zamanda Əfqanıstan iqtisadiyyatının sabit inkişafında maraqlıdır və bu sahədə əfqan hökumətinin təkliflərini gözləyir.
Dəstəyi artırmaq imkanı
Bəllidir ki, Azərbaycan tərəfi NATO-nun Əfqanıstandakı əməliyyatlarına tranzit dəstəyi verdiyini və bunu gələcəkdə daha da gücləndirəcəyini bəyan edib. NATO bu istiqamətdə əməkdaşlığı gücləndirməkdə maraqlıdır. Xüsusilə də Xəzər dənizi vasitəsilə daşımalar mühüm önəm kəsb edir.
Lakin bölgədə baş verən proseslər, Xəzərin hüquqi statusunun həll olunmaması, İranın nüvə proqramı, Rusiyanın təzyiqləri və digər məsələlər müzakirələr üçün xeyli sayda mövzular yaradır ki, NATO generalının səfəri çərçivəsində bunların diqqət mərkəzində olduğu istisna deyil.
Qeyd edək ki, E.Məmmədyarov bu günlərdə Azərbaycanın coğrafi mövqeyi və mövcud nəqliyyat infrastrukturu ölkəni tranzit baxımından çox vacib məkana çevirdiyini və bu qismdə Əfqanıstana kommersiya yüklərinin daşınmasına geniş töhfə verdiyini bildirib. Nazir Bakı - Tbilisi - Qars dəmiryolunun tamamlanmasının yüklərin Əfqanıstana tez və təhlükəsiz şəraitdə çatdırılma prosesini aktivləşdirəcəyi fikrini də səsləndirib. Buna hazırda tikilməkdə olan yeni dəniz limanının potensialı da əlavə olunub.
Dünən günün sonunda NATO generalının Azərbaycan səfərinin təfərrüatlarına azacıq da olsa aydınlıq gətirilib. YFC-nin Brunssumdakı qərargahının ictimai əlaqələr departamentinin rəis müavini və media əlaqələri sektorunun rəhbəri polkovnik-leytenant Jan van Helvert "MilAz" İnformasiya Agentliyinin sorğusuna cavab olaraq bildirib ki, generalın səfəri "Sülh Naminə Tərəfdaşlıq" planı çərçivəsində həyata keçirilir. Onun sözlərinə görə, söhbət Brunssumdakı qərargahdan olan 8 nəfərdən ibarət komandanın SNT çərçivəsində planlaşdırılmış təlimləri ilə bağlı prosesdən gedir. NATO generalı Azərbaycanda eyni zamanda alyansın Yeni Strateji Konsepsiyasından və NATO-nun idarəetmə strukturlarının reorqanizasiyası planlarından söz açıb.
Jan van Helvert bildirib ki, Azərbaycan rəsmiləri ilə görüşündə general Əfqanıstandakı ISAF missiyasına verdiyi töhfəyə görə minnətdarlıq bildirilib.
|
|
|
Oxşar xəbərlər:
Hərbi Doktrina gələn ilə qaldı
Azərbaycanın ordu islahatları NATO-da müzakirə ediləcək
Müdafiə Nazirliyi "sabiqləri" yola saldı
Robert Simmons: "Azərbaycan NATO-ya üzv ola bilər"
Fransalı senator qaçqınlarla görüşüb
|
|
|