Noyabrın 3-4-də Bakıda Xəzəryanı dövlətlərin dənizdə təhlükəsizlik sahəsində əməkdaşlığa dair saziş layihəsinin hazırlanması üzrə işçi qrupunun iclasında sənədin mətnini tam razılaşdırmaq mümkün olmayıb ("Turan").
Görüşdə Azərbaycan, İran, Qazaxıstan, RF və Türkmənistan xarici işlər nazirlərinin müavinləri iştirak ediblər. Əvvəlki iclaslardan fərqli olaraq, görüşün yekunları ilə bağlı mətbuat konfransı keçirilməyib. Bunun əvəzinə mətbuat qarşısına yalnız Azərbaycan xarici işlər nazirinin müavini Xələf Xələfov çıxıb. O, brifinqin yalnız onun iştirakı ilə keçirilməsini bəzi nümayəndlərin artıq hava limanına getməsi ilə izah edib.
Xələfovun sözlərinə görə, iclas iştirakçıları "razılaşdırılmamış müddəaların əksəriyyəti üzrə xeyli irəliləyə biliblər". Lakin Xələfov etiraf edib ki, bəzi məsələlərlə bağlı "müzakirələrə ehtiyac var". O, bu məsələləri açıqlamayıb. Yalnız onu deyib ki, saziş Xəzərdə təhlükəsizliyin təminatı mexanizminin formalaşdırılmasını, terrorizmə və mütəşəkkil cinayətkarlığa, silah qaçaqmalçılığına, narkotik maddələr və nüvə texnologiyasına, gəmilərin ələ keçirilməsinə, qeyri-leqal miqrasiyaya, bioresursların qanunsuz hasilatına qarşı mübarizəni əhatə edir.
Nümayəndələr işin yekunları barədə öz hökumətlərinə məlumat verilməsi və noyabrın 9-10-da Tehranda Xəzərin hüquqi statusu haqqında Konvensiya layihəsi üzrə işçi qrupunun görüşündə təhlükəsizlik haqqında saziş layihəsinin müzakirə olunması və "ümumi rəyə gəlinməsi üçün" mövqelərin bir daha dəqiqləşdirilməsi barədə razılığa gəliblər.
Bakı görüşündə 5 ölkə prezidentinin birgə bəyanatının layihəsi müzakirə olunub. Sənədin noyabrın 18-də Bakıda Xəzəryanı dövlətlərin başçılarının sammitində qəbulu gözlənilir. Xələfov bildirib ki, Tehranda razılaşdırıldıqdan sonra sammitə hazırlıq çərçivəsində noyabrın 15-16-da Bakıda işçi qrupunun daha bir görüşü nəzərdə tutulur.
Xələfovun sözlərinə görə, prezidentlərin birgə bəyanatı çoxaspektli sənəd olacaq. Sənəddə Xəzərin hüquqi statusunun razılaşdırılmasının sürətləndirilməsinin vacibliyi qeyd olunacaq.
|