Azərbaycan-Türkiyə hərbi əməkdaşlığı güclənir
 |
Perspektiv əməkdaşlıq üçün irihəcmli planlar mövcuddur
Şənbə, 06.11.2010
|
|
Azərbaycan və Türkiyə arasında hərbi əməkdaşlığın perspektivləri bəllidir. Bunlar hərbi kadrların hazırlanması, maddi-texniki təchizat məsələlərindən tutmuş, müdafiə sənayesi sahəsində birgə əməkdaşlığa qədər məsələləri özündə əks etdirir. Türkiyənin müdafiə naziri Vəcdi Könülün başçılıq etdiyi heyətin Azərbaycana səfəri çərçivəsində keçirilmiş görüşlər, imzalanmış müqavilələr və səsləndirilmiş bəyanatlar iki ölkə arasında hərbi əməkdaşlığın perspektivlərinin geniş olduğunu deməyə əsas verir.
Əldə edilən məlumata görə, Türkiyə heyətinin Azərbaycana səfəri çərçivəsində Müdafiə Nazirliyi, Müdafiə Sənayesi Nazirliyi və Dövlət Sərhəd Xidmətindəki görüşlərdə bu məsələlər diqqət mərkəzində olub:
- İki ölkə arasında hərbi əməkdaşlıq və onun daha da gücləndirilməsi. Tərəflər o fikri bölüşürlər ki, perspektivdə iki ölkə arasında hərtərəfli hərbi əməkdaşlığın gücləndirilməsi istiqamətində geniş imkanlar mövcuddur. Türkiyə Azərbaycana taktiki və strateji dövrdə hərbi dəstəyini davam etdirməkdə qərarlıdır.
- Ermənistanın işğalı nəticəsində nəzarətdən kənar qalmış Azərbaycan sərhədlərindən qeyri-qanuni məqsədlərlə istifadə. Bu məsələ Türkiyə və Azərbaycan əməkdaşlığı üçün mühüm istiqamətlərdən biri hesab olunur. Azərbaycan və Türkiyə terrorizmdən əziyyət çəkən ölkələr olmaqla, bu istiqamətdə ayrı-ayrılıqda və birgə mübarizənin bu günü və perspektivlərini həmişə diqqət mərkəzində saxlayırlar.
- İki ölkə arasında hərbi təhsil, kadrların hazırlanması sahəsində əlaqələrin inkişafı. Bu məsələ Azərbaycan - Türkiyə hərbi əməkdaşlığının prioritet istiqamətlərindən biridir. Türkiyə 1997-ci ildən başlayaraq aktiv şəkildə Azərbaycan Silahlı Qüvvələrinin kadr hazırlığına öz dəstəyini verir. Məhz qardaş ölkənin dəstəyi nəticəsində indiyədək minlərlə Azərbaycan zabiti həm Türkiyədə, həm də yerli ali hərbi məktəblərdə NATO standartlarına uyğun təhsil görmüşlər. Sözsüz ki, perspektivdə bu əməkdaşlığın daha da dərinləşməsi zəruri hesab edilir.
- Azərbaycanda sərhəd təhlükəsizliyi sisteminin təşkili, əməliyyat şəraiti və bu istiqamətdə Türkiyənin göstərə biləcəyi dəstək. Türkiyə və Azərbaycan Dövlət Sərhəd Xidməti arasında sıx əməkdaşlığın mövcud olması iki ölkə arasında təcrübə mübadiləsinin genişləndirilməsi üçün zəruri imkanlar açır. Azərbaycan bu istiqamətdə Türkiyənin sərhəd mühafizəsi təcrübəsini öyrənməkdə maraqlıdır və əməkdaşlığın davam etməsi gözlənir. Bu əməkdaşlıq həm də regionda mövcud olan təhlükələrin dəf edilməsi, sabitliyin təmin olunması istiqamətində həyata keçirilən birgə tədbirləri özündə birləşdirir. Bu xüsusda sərhəd təhlükəsizliyi sahəsində ikitərəfli əlaqələrin səviyyəsi, gələcək hərbi-texniki əməkdaşlıq perspektivlərinin öyrənilməsi vacibdir.
- Türkiyənin Azərbaycanın hərbi-sənaye kompleksinin inkişafında rolunun artırılması və əlaqələrin inkişaf perspektivləri.
Bu məsələ iki ölkə arasında mövcud olan prioritet hərbi əməkdaşlıq istiqamətidir.
Səfər çərçivəsində Türkiyə ilə Azərbaycan arasında atıcı silahlar, döyüş sursatlarının idxal olunması sahəsində, mühəndis texnikası ehtiyat hissələrinin idxalı istiqamətində 60-82 mm-lik minaatanların yarımfabrikatlarının Türkiyədən Azərbaycana gətirilməsi ilə bağlı müqavilə imzalanıb. Eyni zamanda, tərəflər maskalanma torları xammalının Türkiyədən alınması istiqamətində də sazişə imza atıblar. Yaxın perspektivdə MSN Türkiyə şirkəti ilə birgə maskalanma torları istehsal edəcək. Hərbi texnikanın və istehkamların, hərbi obyektlərin maskalanması üçün istifadə olunan bu torlar "Azon" zavodunda istehsal olunacaq.
Gələcəkdə bir sıra layihələrdə Türkiyə Müdafiə Nazirliyi və Azərbaycan Müdafiə Sənayesi Nazirliyi arasında birgə tədbirlərə qərar verilib.
Azərbaycan və Türkiyə 40 mm çaplı revolver (barabanlı) tipli qumbaraatanların birgə istehsalını həyata keçirəcək. APA-nın məlumatına görə, bununla bağlı Azərbaycan Müdafiə Sənayesi Nazirliyi və Türkiyənin Makina və Kimya Təşkilatı (MKEK) razılığa gəlib.
Barabanlı qumbaraatanlar MKEK texnologiyaları əsasında istehsal ediləcək. Bu qumbaraatanlar üçün Azərbaycanda döyüş sursatları istehsalına dair danışıqlar aparılır. Xatırladaq ki, Azərbaycan tərəfi barabanlı qumbaraatanların birgə istehsalı təklifi ilə cari ilin may ayında İordaniyanın paytaxtı Əmmanda SOFEX-2010 müdafiə sərgisində çıxış edib.
MKEK şirkətinin baş direktoru Ünal Önsipahioğlu APA-ya açıqlamasında adıçəkilən silahın birgə istehsalına dair razılaşma əldə olunduğunu təsdiqləyib. O, barabanlı qumbaraatanların hazırda Türkiyə Silahlı Qüvvələrinin inventarına daxil olduğunu və yaxın məsafəli döyüşlər üçün nəzərdə tutulduğunu bildirib. "Hazırda bu silahın Azərbaycanda istehsalı üçün texnologiyaların transferi həyata keçirilir", - deyə MKEK rəhbəri vurğulayıb. Qeyd edək ki, 40 mm çaplı, barabanlı qumbaraatanlar MKEK-in Çankırı silah fabrikində istehsal edilir.
Reaktiv yaylım atəş sistemləri (RYAS) üçün birgə raket istehsal edilməsinin razılaşdırıldığı barədə də məlumat var. Türkiyə heyətindən APA-ya verilən bilgiyə görə, Azərbaycanın Müdafiə Sənayesi Nazirliyi ilə Türkiyənin ROKETSAN şirkəti arasında 107 mm və 122 mm çaplı raketlərin birgə istehsalına dair müqavilə imzalanıb. Müqaviləyə uyğun olaraq bəzi hissələri Türkiyədən tədarük olunmaqla raketlər Azərbaycanda istehsal olunacaq.
Xüsusi aerodinamika və az tüstülü kompozit bərk yanacaqlı mühərrikə malik, dizaynı və istehsalı ROKETSAN tərəfindən edilmiş 107 mm çaplı artırılmış mənzilli raketlər klassik 107 mm-lik raketlərlə müqayisədə 50 faiz uzaq mənzilli məsafəyə (11 km) malikdir. Dizaynı və istehsalı ROKETSAN tərəfindən edilən 122 mm çaplı raketlər isə klassik 122 mm-lik raketlərlə müqayisədə 100 faiz artırılmış mənzilə malikdir. İki fərqli döyüş başlığını daşıyan bu raketlər 40 km məsafədə hədəflərə qarşı təsirli atəş gücü yarada bilir.
Türkiyə müdafiə sənayesinin qabaqcıl şirkətlərindən olan ROKETSAN milli mərmi və raket proqramlarının reallaşdırılması üçün 1988-ci ildə yaradılıb. Hazırda 140 xarici firma ilə əməkdaşlıq edən ROKETSAN 107, 122 və 302 millimetr artilleriya silah sistemləri, havadan müdafiə proqramları, tank əleyhinə mərmilərin, həssas idarə olunan sursatların istehsalı üzrə ixtisaslaşıb.
Rəsmi məlumatlara görə, Azərbaycanın yerli hərbi-sənaye kompleksi bu gün Silahlı Qüvvələrin təminatında önəmli rol oynayır. Müdafiə sənayesi naziri Yavər Camalov artıq Silahlı Qüvvələrdə ehtiyac duyulan məmulatların, silah və döyüş sursatlarının yerli müəssisələrdə istehsalına başlandığını, hətta ixracatla bağlı bir sıra xarici ölkələrlə işlər aparıldığını deyib.
"Biz nazirlik yaranandan sonra, SSRİ-dən sonra fəaliyyətini dayandırmış, dağılmış zavodları bərpa etdik, yeni istehsal sahələri yaratdıq. Bu gün 413 adda müdafiə təyinatlı məhsul istehsalı həyata keçirilir", - deyə Y.Camalov bildirib.
Göründüyü kimi, Türkiyə heyətinin Azərbaycana səfəri çox zəngin və məhsuldar oldu. Bu prosesin davam etdirilməsi iki ölkə arasında əməkdaşlığı gücləndirəcək.
|
|
|
Oxşar xəbərlər:
Türkiyə səfirliyi qarşısında aksiya
Bakı-Tbilisi-Qars gələn il istifadəyə veriləcək
Qəzaya uğrayan sərnişinlər Bakıya gəldilər
Türklər Azərbaycanı ən yaxın dost sayırlar
Türkiyə Ermənistanla bu gün protokol imzalayacaq
|
|
|