ABŞ-ın Ermənistanla Türkiyə arasında yaxınlaşmanı dəstəkləməsinə baxmayaraq, proses son zamanlar dalana dirənib. Bu barədə "Amerikanın səsi" radiosuna Ceymstaun Fondunun prezidenti Qlen Hovard bildirib.
O, iki ölkə arasında münasibətlərin normallaşması perspektivləri və bunun Cənubi Qafqazda sabitliyin bərqərar edilməsinə təsirləri barədə deyib ki, Türkiyənin Ermənistanla sərhədləri açmaqdan imtina etməsi, Ermənistana qarşı iqtisadi boykot elan etməsi Dağlıq Qarabağın işğalı səbəbindən 10 ildən artıqdır davam edir.
Ceymstaun Fondunun prezidenti Obama administrasiyasının sərhədlər məsələsinə xüsusi əhəmiyyət verməsi ilə problemin aradan qalxacağını düşünmür: "Əsas problem administrasiyanın diqqətini Dağlıq Qarabağ münaqişəsinin həllinə yönəltməməsindədir. Administrasiya münaqişə ilə bağlı Ermənistana lazımi təzyiq göstərməlidir".
Münaqişənin həllində Rusiya və Gürcüstanın mövqeyinə gəlincə, Hovard Rusiyanın postsovet erasında baş qaldıran münaqişələrin həllinə maraq göstərmədiyini və bunun Rusiyanın Cənubi Qafqazdakı maraqlarına xidmət etdiyini deyib: "Rusiyanın Ermənistana heç bir maddi xeyri olmadan, bu ölkədə hərbi bazalar yerləşdirməsi Rusiyanın Cənubi Qafqazdakı mövcudluğuna son qoymaması deməkdir".
Gürcüstanın regionda mövqeyini qiymətləndirən Q.Hovard deyib ki, bu ölkə Türkiyə və Azərbaycan arasında güclü tranzit mövqeyini qoruyub saxlamaqdadır. "Bu isə Ermənistanın Cənubi Qafqazda təcridinə yol açıb. Türkiyənin Gürcüstan və Azərbaycanla iqtisadi əlaqələri dərinləşməkdədir. Bu isə öz növbəsində Ermənistana ciddi mənfi təsir göstərir. Gürcüstan Ermənistanla Azərbaycan arasında dialoqun davam etdirilməsi səylərində mühüm rol oynaya bilər", - o qeyd edib.
İranın nüvə proqramı, Türkiyə və İsrail arasında son zamanlar yaşanan gərginliklər daxil edilməklə, ABŞ-ın Yaxın Şərq sülh səylərinə dair Ceymstaun Fondunun prezidenti deyib ki, Konqres seçkilərindən sonra Obama administrasiyasının xarici siyasəti zəifləyə bilər. "Yaxın zamanda heç bir tərəqqi gözlənilməsə də, ABŞ Yaxın Şərqdə sülhün bərqərar edilməsi üçün səylərini davam etdirməlidir", - o bildirib.
|