Azərbaycanın BMT-dəki daimi nümayəndəliyi BMT baş katibinə məktub ünvanlayıb. Xarici İşlər Nazirliyindən verilən məlumatda bildirilib ki, məktubun yazılmasına səbəb Ermənistan prezidenti Serj Sarqsyanın erməni diasporunun jurnalistləri ilə 16 oktyabr 2010-cu il tarixində keçirdiyi görüşdə açıq-aşkar irqçilik ideologiyasını və dini önyarqıları qeyd etməsi olub. Məktubda Sarqsyanın öz çıxışında genetik tədqiqatlar nəticəsində Ermənistanın 8000 ilə yaxın bir müddətdə mövcud olduğunu qeyd etməsi vurğulanıb.
"Erməni prezidentin bu sözləri ölkəsinin yanlış tarixi faktlar üzərində qurulmasından başqa, ermənilərin özlərini digər xalqlardan, o cümlədən "türk-müsəlman köçəri tayfa" adlandırdığı azərbaycanlılar da daxil olaraq bütün digər xalqlardan üstün gördükləri fikrini ifadə edib. Keçmişdə dünyanın bu kimi "genetik tədqiqatlar"ın qorxulu nəticələrindən nə qədər əziyyət çəkdiyini Sarqsyanın unutmuş olması təəssüratı yaranır. Lakin ilk dəfə deyil ki, Ermənistanın yüksək vəzifəli nümayəndələri beynəlxalq hüquq və bəşəriyyətin etik prinsiplərinə zidd olan etnik təbəqələşmə ideologiyasını təbliğ edən bəyanatlarla çıxış edirlər", - deyə məktubda bildirilir.
Məktubda həmçinin qeyd olunur ki, Ermənistanın sabiq prezidenti Robert Köçəryanın "ermənilər və azərbaycanlılar arasında etnik uyğunsuzluq" barədə verdiyi bəyanat beynəlxalq ictimaiyyət tərəfindən haqlı qəzəbə səbəb olub. Bununla əlaqədar Avropa Şurasının baş katibi Volter Şvimmer Köçəryanın iradını müharibəyə təhrikçiliklə eyni, düşmənçilik və nifrət ritorikasının təzahürü kimi qiymətləndirib. Avropa Şurası Parlament Assambleyasının prezidenti Piter Şider isə Avropa Şurası yaranandan "etnik uyğunsuzluq" termini ilə üzləşmədiyini bəyan edib.
Eyni zamanda bildirilir ki, Serj Sarqsyanın çıxışında yer tapmış ifadələr Ermənistanın dövlət siyasətində əsas yeri irqi üstünlük və nifrət ideologiyası tutduğunun danılmaz sübutudur.
"Azərbaycan Respublikası inanır ki, Cənubi Qafqazda uzunmüddətli sülhün, təhlükəsizliyin və sabitliyin təmin olunması üçün beynəlxalq ictimaiyyət birgə səyləri ilə Ermənistanı irqi və dini motivlər üzərində qurulmuş siyasətini dayandırmağa, Azərbaycan Respublikasının ərazilərini qeyri-qanuni işğalına son qoymağa, qonşu xalqlara ərazi iddialarından əl çəkməyə və regiondakı bütün ölkələrlə sivil əlaqələr yaratmağa inandırılmalıdır", - deyə məktubda vurğulanır.
Azərbaycanın BMT-dəki daimi nümayəndəliyi tərəfindən BMT baş katibinə ünvanlanmış bu məktub rəsmi sənəd kimi təşkilat üzvləri arasında yayımlanıb.
|