Akademik Opera və Balet Teatrında görkəmli rus bətəkarı Nikolay Andreyeviç Rimski-Korsakovun musiqisi əsasında "Şəhrizad" baletinin quruluşu həyata keçirilir. Teatrın mətbuat xidmətindən verilən açıqlamaya görə, Akademik Opera və Balet Teatrında baletin quruluşu üzərində xalq artisti, SSRİ Dövlət Mükafatı Laureatı Tamilla Şirəliyeva və Ukraynanın xalq artisti, Ukrayna Dövlət Mükafatı laureatı Tatyana Borovik çalışır.
Tamaşada əsas partiyanı - Şəhrizad rolunu teatrın aparıcı solisti, əməkdar artist Kamilla Hüseynova və gənc ulduz Elmira Mikayılova ifa edəcəklər. Tamaşanın dirijoru isə teatrın baş dirijoru, xalq artisti Cavanşir Cəfərovdur. Qeyd edək ki, 1888-ci ildə qələmə alınmış "Şəhrizad" simfonik suitası rus simfonizminin zirvəsi və N.Rimski-Korsakovun yaradıcılığına məxsus ən dəyərli simfonik əsərlərdən biri sayılır. Bu onun ən iri epik sifonik tablosu kimi qiymətləndirilir. Bu əsər çox populyar olub, dünyanın ən mötəbər orkestrləri tərəfindən hər zaman ifa olunur.
Bakıda bu balet 1910-cu ildə çağın məşhur xoreoqrafı Mixail Fokin tərəfindən həyata keçirilmiş klassik quruluş əsasında səhnəyə qoyulacaq. Bu quruluş Rusiya Akademik Böyük Teatrı və Kiyev Milli Opera və Balet Teatrında uğurla nümayiş olunub.
|