AMEA-nın Memarlıq və İncəsənət İnstitutunda yeni kadr və struktur dəyişikliyi aparılır. Yeni kadr təyinatları olub. Görünür, ölkənin müsbət imicinin formalaşmasında böyük rol oynamalı olan bu önəmli elm ocağının zamanla ayaqlaşmasına zərurət olduğu bütün kəskinliyi ilə duyulur. AMEA binasında aparılan təmir işləri çərçivəsində bu institutun tutduğu mərtəbədə təmir başa çatıb və əməkdaşlar artıq müasir şəraitdə çalışa bilərlər.
İnstitutun elmi işlər üzrə direktor müavini vəzifəsinə sənətşünaslıq doktoru, tanınmış xalçaçı mütəxəssis Kübra Əliyeva, ümumi işlər üzrə direktor müavini vəzifəsinə sənətşünaslıq namizədi İmaş Hacıyev, elmi işlər üzrə direktor müavini vəzifəsində çalışan sənətşünaslıq doktoru Səltənət Tağıyeva elmi katib vəzifəsinə təyin edilib.
AMEA Rəyasət Heyətinin tapşırığı ilə institutun şöbə müdirləri vəzifələrinin tutulması üçün yenidən müsabiqə keçirilir. Artıq bununla bağlı sənəd qəbuluna başlanıb. Sənəd qəbulu noyabrın 12-dək aparılacaq. İnstitutun bütün şöbə müdirləri yenidən müsabiqədən və Elmi Şuradan keçəcək, daha sonra isə namizədlər Rəyasət Heyətinə təqdim ediləcək. Müsabiqədə hazırda institutun şöbə müdiri vəzifəsində çalışan və digər maraqlanan şəxslər iştirak edə bilərlər. Bu dəfə institutun strukturuna memarlıq abidələrinin qorunması və bərpası problemləri adlı şöbə də əlavə edilib. Bu şöbə əvvəl memarlıq və şəhərsalma şöbəsinin nəzdində qrup kimi fəaliyyət göstərib. Yeni struktur artıq Elmi Şurada təsdiqlənib və təkliflər Rəyasət Heyətinə təqdim edilib. Həmin şöbə memarlıq abidələrinin qorunması və bərpası məsələsi ilə həm praktik, həm də elmi baxımdan məşğul olacaq, bu sahə üzrə dünya təcrübəsindən istifadə edərək ölkə ərazisində abidələrin qorunub saxlanmasına xidmət edəcək.
Əlavə edək ki, Memarlıq və İncəsənət İnstitutunun uzun illər direktoru olmuş, məşhur sənətşünas, incəsənətimizin dünya miqyasında yorulmaz təbliğatçısı, akademik Rasim Əfəndinin bu ilin fevralında vəfatından sonra bu elm ocağına ixtisasca memar olan professor Eltəkin Salamzadə başçılıq edir.
|