Repertuarına Azərbaycan mahnısı daxil edən türk musiqisinin meqastarı Tarkan yaxın aylarda Bakıya növbəti səfərini edəcək. Bu barədə "Ayna" qəzetinə "Səndən nigaranam" mahnısının söz müəllifi Baba Vəziroğlu danışdı. Müəllif bildirir ki, Tarkanın ifasında yazılan həmin mahnı meqastarın tezliklə buraxılacaq Avropa albomunda yer alacaq və bundan sonra mahnı geniş kütləyə təqdim ediləcək.
"Mahnı çoxdan hazırdır. Amma albom hazırlayan şirkət mahnıları əvvəlcədən yayımlamadığı üçün biz də onu kütlənin ixtiyarına verə bilmirik".
Öyrəndik ki, albom Tarkanın Bakı konsertindən əvvəl hazır olacaq və adından bəlli olduğu kimi, Avropa ölkələrinə satışa çıxarılacaq. Bu ərəfədə meqastar ilk səfərlərindən birini Bakıya edəcək. B.Vəziroğlu bildirdi ki, səfərin tarixi dekabrın ilk günlərinə təsadüf etməlidir.
"Tarkanla əməkdaşlıq və konsert işlərinin kordinatorunu Nahid Emiloğlu həyata keçirir. Hazırda Türkiyədə səfərdə olan Nahid bəy sözügedən konsertin danışıqlarını da aparır. Yaxın günlərdə konsertin dəqiq tarixi bəlli olacaq", - deyə Baba Vəziroğlu bildirdi.
|