İstanbulda vacib görüşlər keçirdiyini və səfərdən razılıqla qayıtdığını deyən Azərbaycanın və Dağıstanın xalq artisti, "Şöhrət" ordenli İlhamə Quliyeva təəssüratlarını mətbuatla bölüşüb. Müğənninin mətbuat katibi Faiq Ələkbərli bildirib ki, İstanbul Azərbaycanlıları Kültür və Sənət Mərkəzində İlhamə xanımın şərəfinə azəri və türk xanımları ilə görüş keçirilib. Sənətçi Azərbaycan musiqisi sahəsində son zamanlar əldə edilən uğurlardan danışıb.
Tədbirdə İlhamə Quliyeva sözügedən mərkəzin ödülünə layiq görülüb. Sənətkar öz növbəsində dahi bəstəkar Üzeyir Hacıbəylinin əsərlərini, həmçinin Azərbaycanın xalq və bəstəkar mahnılarından ibarət "Min bir mahnı" adlı kitabı mərkəzə təqdim edib.
Səfər çərçivəsində "TMB" kanalı müğənniyə hədiyyə klip çəkib. Klip sözləri Cəlal Qurbanova, musiqisi Gövhər Həsənzadəyə aid olan "Durnalar" mahnısına çəkilib. Ssenariyə əsasən, klip İstanbulun bir sıra qədim məkanlarında və digər yerlərdə çəkilməli idi. Lakin İlhamə xanım dənizi çox sevdiyi üçün çəkilişlərin sırf dəniz kənarında aparılmasını istəyib. Onun istəyi nəzərə alınaraq klip İstanbulda dəniz kənarında lentə alınıb.
Azərbaycanın İstanbul baş konsulu Həsən Zeynalov dekabrın sonunda İstanbulda Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü münasibəti ilə təşkil olunacaq təntənəli gecədə iştirak üçün İlhamə xanımı da dəvət edib. Bundan əlavə, İlhamə Quliyeva Türkiyədə konsert üçün bir sıra təkliflər alıb, zamanla bu konsert proqramlarını gerçəkləşdirəcəyini deyir.
|