Azərbaycan Media Mərkəzində tanınmış karikatura ustası və beynəlxalq müsabiqələrin qalibi Seyran Cəfərlinin ilk karikatura sərgisinin açılışı olub. Sərgini mərkəzin rəhbəri Gülnarə Axundova açaraq, karikatura sənətinin hazırda jurnalistikanın tərkib hissəsi olmadığına təəssüfləndiyini deyib. Bildirib ki, sərginin keçirilməsində məqsəd mətbuat orqanları rəhbərlərinin, baş redaktorların diqqətini bu sahəyə yönəltməkdir:
"Bu karikaturaların ən layiqli yeri mətbuat orqanları ola bilərdi. Bizim bu sərgini açmaqda məqsədimiz də mətbuatın diqqətini karikaturaya yönəltməkdir. Seyran Cəfərliyə heç kim dəstək olmur, bütün işləri tək görür. Ona bu fədakarlığına görə təşəkkür edirik". ABŞ-ın Azərbaycan səfirliyinin mətbuat katibi Kiş Bin qeyd edib ki, hazırda Amerika jurnalistikasında karikaturalardan geniş istifadə olunur. Belə ki, ABŞ-da siyasi karikaturaçılar sosial və siyasi şərhçilər hesab olunur və onların əsərləri, demək olar, əsas səhifələrdə çap edilir. Kiş Bin ümidvar olduğunu bildirir ki, Seyran Cəfərlinin və onun həmkarlarının əsərləri üçün yazılı və elektron mediada yer tapılacaq. Seyran Cəfərli isə çıxışında onun ilk sərgisini təşkil edən Media Mərkəzinə təşəkkürünü bildirib. İndiyədək sərgisinin keçirilməməsini maliyyə problemləri ilə əlaqələndirir. Sərgilənən 50-dən artıq karikaturanın daha çox sosial mövzulara həsr olunduğunu vurğulayıb. Qeyd edək ki, Seyran Cəfərli Azərbaycanda yeganə karikaturaçıdır ki, 10 il ərzində müxtəlif beynəlxalq müsabiqələrdən 86 mükafat qazanıb.
|