Bu həftə Mərakeş Krallığında Azərbaycan Mədəniyyəti Günləri başlayıb. Bu məqsədlə mədəniyyət və turizm nazirinin müavini Ədalət Vəliyevin rəhbərliyi ilə bir heyət Mərakeşdə səfərdədir. Nazirliyin mətbuat katibi Zöhrə Əliyeva bildirir ki, heyətə ölkəmizin incəsənət ustalarının böyük bir qrupu daxildir. Noyabrın ilk günlərinə qədər davam edəcək mədəniyyət günləri çərçivəsində Azərbaycan sənətçilərinin iştirakı ilə konsertlər və fotosərgi təşkil edilir.
Konsert proqramlarında Dövlət Xalq Çalğı Alətləri Orkestri (bədii rəhbər Ağaverdi Paşayev), Azərbaycan Dövlət Mahnı və Rəqs Ansamblının Rəqs qrupu, solistlərdən xanəndələr Qoçaq Əsgərov, Güllü Muradova, vokalçılar Ramil Qasımov, İnarə Babayeva, pianoçu Yeganə Axundova, skripkaçı Səlim Abbasov çıxış edirlər.
Qeyd edək ki, Mərakeşdə Azərbaycan Mədəniyyət Günlərinin təşkili mədəniyyət sahəsində əməkdaşlıq haqqında 3 mart 2008-ci il tarixli hökumətlərarası sazişə əsasən keçirilir. Mədəniyyət Günləri Azərbaycan və Mərakeş xalqları arasında qarşılıqlı mədəni əməkdaşlığın inkişafına, xalqların bir-birini daha yaxından tanımasına, eyni zamanda ölkəmizin beynəlxalq aləmdə müsbət imicinin daha da yüksəlməsinə və Azərbaycan mədəniyyəti və incəsənətinin təbliğinə xidmət edir.
|