Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin İİ kurs tələbələrinin foto işlərindən ibarət sərginin açılış mərasimi keçirilib. APA-nın məlumatına görə, mərasimdə çıxış edən Mədəniyyət və İncəsənət Universitetinin prorektoru Rafiq Sadıqov bildirib ki, sərgidə müxtəlif mövzuları əhatə edən 50-dən artıq foto nümayiş etdirilir:
"Bizim universitet 40-a yaxın ölkənin universitetləri ilə əməkdaşlıq həyata keçirir. Universitetdə kinorejissor, televiziya rejissoru, xüsusi ilə kinooperator rejissorluğu üzrə təhsil alan tələbələr bilavasitə kinofoto işi ilə məşğul olurlar. Bu gün burada nümayiş etdirilən foto sənətinin nümunələri bu sənətin xüsusi əhəmiyyətini, bədii səviyyəsini, onun estetik gözəlliyini, fəlsəfi düşüncəsini, ümumiyyətlə tarix və foto sənəti problemini əks etdirir".
Onun sözlərinə görə, universitet tələbələrinin təqdim etdikləri fotoları bəzən teatrlarda bədii tərtibatları üçün istifadə edilir.
Sərgidə müxtəlif mövzularda 12 fotosu nümayiş etdirilən Mədəniyyət və İncəsənət Universitetinin kinooperatorluq fakültəsinin İİ kurs tələbəsi Vaqif Rəşidov çəkilişləri bir il müddətinə apardığını qeyd edib. "Çəkilişlərdə müxtəlif məkanlardan istifadə etmişəm. Təqdim etdiyim hər fotom bir mövzuya həsr olunub və işlərimlə izləyicilərə fikrimdəkiləri çatdırmaq istəmişəm". Vaqif Rəşidov fotolarının ilk dəfə nümayişə çıxarıldığını diqqətə çatdırıb və bundan böyük fəxr hiss keçirdiyini ifadə edib. O, eyni zamanda, bir neçə fotonun da qəhrəmanıdır.
Mədəniyyət və İncəsənət Universitetinin eyni kursdan və fakültədən tələbəsi olan Vüsal Rəşidovun sərgidə 10 fotosu nümayişə çıxarılıb. Onun sözlərinə görə, sərgilənən fotolarda bütün mövzuları əhatə etməyə çalışıb: "Bu gün 10 əsərim nümayiş olunur və birinci kursdan etibarən foto çəkməyə başlamışam. Düşünürəm ki, hər hansısa bir insanı çəkiriksə, həmin foto o insana həmin saniyədən yadigardır. Bu sənətə hədsiz həvəsim var və gələcəkdə uğur qazanmağım üçün daima üzərimdə çılışacağam". Sərgidə universitetin tələbələrindən Zaur Rəsulov, Samir Şaxtaxtinski, Şahpəri Abbasova və başqalarının fotoları təqdim olunub. Nümayişin bir həftə davam edəcəyi gözlənilir.
|