Əvvəllər muğam ifaçısı kimi məşhurlaşan, indi isə bəstəkar kimi tanınan Nazim Məmmədovla müğənni Könül Kərimovanın işbirliyi davam edir. Nazimin söylədiyinə görə, onlar yeni disk hazırlayırlar və bu yeni albomun ayrı bir özəlliyi var:
"Çox sevdiyim müğənni Könül Kərimova ilə yeni bir layihə ərsəyə gətirəcəyik. Layihə 10 mahnını özündə çəmləşdirən müəllif diskindən ibarətdir. Bu yeni diskdə yalnız Könül Kərimovanın ifası və mənim bəstələdiyim mahnılar yer alıb. 10 mahnının musiqisini özüm bəstələməklə yanaşı, bəzisinin sözləri də mənə aiddir. Bir çox mahnılarda səs imkanlarımı göstərmişəm. Könül xanımla birgə oxumuşam". Bəstəkarın sözlərinə görə, "Zülmkar" adlı albom yaxın vaxtlarda işıq üzü görməlidir: "Mən noyabrın 3-də Məkkəyə gedirəm. Planımız var ki, o vaxta qədər yaradıcılıq işləri hazır olsun. İnşallah yola düşənə qədər hazırlayıb təhvil verə bilərik". N.Məmmədov bildirir ki, bu işbirliyini ona Könül Kərimova özü təklif edib: "Könül xanımın yanında Cabbar Musayev kimi illərin bəstəkarı var. Amma Cabbar müəllimin Könül xanımı sənət baxımından qısqanmadığı yeganə həmkarı mənəm. Cabbar Musayev özü rahatlıqla bir bəstəkar kimi xeyir-dua verdi və elə müəllif albomunu mənimlə hazırlamağı Könül xanıma məsləhət gördü". Söhbəti zamanı Nazim yazdığı 10 mahnıya görə Könül xanımdan müəyyən qonarar aldığını da bildirdi. Amma vəsait ona bütöv şəkildə deyil, hissə-hissə ödənib:
"Mahnının pulunu Könül xanım hissə-hissə ödəyib. Çünki mahnıları çoxdan alıb. Amma qeyd edim ki, mən 10 mahnıdan ikisini ona hədiyyə etmişəm. O isə hər mahnıya təxminən 1500 manat verib. Bu məbləği isə 8-ə vurmaq lazımdır. Əslində mən demək olar ki, özüm üçün pul almamışam, hamısı aranjemanındır" . Nazimin sözlərinə əsaslanıb deyə bilərik ki, Könül Kərimova 8 mahnıya görə bəstəkara 12 min manat pul ödəyib.
|