İlhamə Quliyevanın İstanbulda bir sıra vacib görüşləri olub. "Ayna"ya daxil olan bilgiyə görə, Azərbaycanın İstanbul baş konsulu Həsən Zeynalov İlhamə xanımı qəbul edib, onun şərəfinə ziyafət təşkil edilib. Baş konsul bildirib ki, yaxın günlərdə Türkiyədə sənətçinin yaradıcılığı ilə bağlı bir sıra işlər görüləcək, solo-konserti olacaq.
Son zamanlar Azərbaycanda incəsənət sahəsində əldə olunan nailiyyətlər haqda söhbət edən Həsən Zeynalov yaxın günlərdə Azərbaycan incəsənət ustalarının Türkiyə səhnələrində görünmələri üçün əlindən gələni əsirgəmədiyi haqda fikirlərini, proqramlarını söyləyib.
İlhamə xanım isə Azərbaycan mədəniyyətində, musiqi sahəsində son zamanlar əldə edilən uğurlardan danışıb. Sənətçi qeyd edib ki, bu sahədə dövlət başçısı İlham Əliyev, xanımı Mehriban Əliyevanın sərf etdiyi zəhmət və müvəffəqiyyətlər çoxdur. Mehriban Əliyevanın rəhbərlik etdiyi Heydər Əliyev Fondunun dəstəyi ilə Azərbaycan muğamı dünyaya tanıdılır, muğam sənətinin inkişafına xüsusi diqqət ayrılır. Bundan əlavə, Azərbaycanın mədəniyyət ustalarının xaricdə konsertləri təşkil edilir. Xüsusilə gənc sənətçilərə xüsusi diqqət və qayğı göstərilir. İlhamə xanım vurğulayıb ki, bu gün Azərbaycan musiqisi öz ənənəsini qoruyub saxlayır, daim inkişaf edir.
Dekabrın sonunda İstanbulda Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü münasibətilə İlhamə xanım da incəsənət təmsilçilərimizlə bir sırada baş konsul tərəfindən təşkil olunan gecəyə dəvət olunacaq.
|