Türkiyədə çalışan azərbaycanlı sənətçi Günel Zeynalovanın 25 yaşını qeyd edəcəyi barədə xəbər vermişdik. Lakin müğənninin ad günü ilə bağlı hazırlanan sürprizlərdən xəbəri yoxdur. Onun dostlarından sürprizlər barədə xəbər öyrəndik. Günelin yaxın dostu, bəstəkar Nazim bildirdi ki, müğənni haqqında film çəkilir:
"Günelin 25 yaşı münasibəti ilə 25 dəqiqəlik film hazırlayırıq. Filmin özəlliyi odur ki, orada istifadə olunan görüntülər bu günə qədər heç yerdə, heç bir kütləvi informasiya vasitələrində yayımlanmayıb. Filmdə Günelin lap uşaqlığından bəri olan görüntüləri yer alıb. Hətta 5 yaşında mahnı ifa etməsi belə... Bu film gecənin açılışında göstəriləcək". Nazimin sözlərinə görə, filmi hazırlayan şəxs Günelin uşaqlıqdan fanatı olan Mahir Hüseynbəylidir: "Mahir Azəri Günelin və Tunarın uşaqlıqdan fanatı olduğu üçün onların qeyri-adi şəkillərini toplayıb. Onda olan şəkillər heç Günelin özündə yoxdur. Filmdə yalnız Günelin görüntüləri yer alıb. Filmin əsas məqsədi Güneli tamaşaçılara başqa obrazda təqdim etməkdir. Çalışdıq ki, filmə baxanlar deməsinlər ki, bunları görmüşük. Günel burada çox fərqli görünəcək". Nazim əlavə etdi ki, filmdə Günelin bir sıra gizli məharətləri də üzə çıxır:
"Mən istəyirdim ki, Günelin məharətini göstərə bilim. Məsələn, Günel bir neçə dildə danışa bilir. Bundan əlavə, yağlı boya ilə rəsm çəkir. Onun heç kimin görmədiyi rəsm əsərlərini göstərmək istəyirik. Birinci dəfə gözəl bir rəsm çəkmişdi, bu - gitara rəsmi idi. Onu heç kim görməyib, amma biz göstərəcəyik. Günel bircə gün öz bacarıqlarını nümayiş etdirsə, bütün dünya bilər ki, onda nə qabiliyyətlər var. Caz da oxuya bilir. Hər şey bacarır. Amma hər zaman özünə lazım olanı edir". Məlumat üçün bildirək ki, gəzən şayiələrdə Günelin ad günündə, yəni oktyabrın 25-də solo konsert proqramı ilə çıxış edəcəyi bildirilir. Nazim bu söhbətlərə də son qoydu:
"Xeyr, heç bir solo konsert olmayacaq. Yalan sözlərdir. Paytaxt restoranlarının birindəki ad günü mərasimində 36 nəfərə yaxın şou-biznes təmsilçisi olacaq. Onlar birlikdə oxuyub əylənəcəklər".
|