Vaşinqtonun məşhur sərgi zallarından olan "Gallery Senter"də keçirilən "Mənim Qarabağım" fotosərgisini yeni yaranmış Qarabağ Fondu təşkil edib. Sərgidə nümayiş etdirilən şəkillərdə Qarabağın tarixi, mədəniyyəti, tarixi abidələri əks olunub. Fotolarda Dağlıq Qarabağın keçmişi və bu günü nümayiş etdirilir ("Turan")
"Amerikanın səsi" radiosunun xəbərinə istinadən, sərgidə "Zaman" qəzetinin müxbiri Səlahəddin Sevinin müasir Qarabağdan olan fotoları üstünlük təşkil edib. Günay Rəhimli, Bəhruz Hüseynli, Dmitri Yeqorov da müəlliflər arasında olub. Sərgidə habelə Bağırovlar ailəsinin və Heydər Əliyev Fondunun fotoarxivindən istifadə olunub. Ümumilikdə 50-yə yaxın fotoşəkil nümayiş edilirdi.
Vaşinqtonun mərkəzində keçirilən sərgi amerikalıların və azərbaycanlıların marağını cəlb edib. Qonaqlara Qarabağın tarixini və reallıqlarını əks etdirən məlumat broşüraları paylanıb və fondun əməkdaşı onları şəkillərdə əks olunan görüntülər barədə ətraflı məlumatlandırıb.
Qarabağ Fondunun layihə koordinatoru Eltural Qasımzadənin sözlərinə görə, sərginin əsas məqsədi amerikalılara Qarabağ barədə bilgi verməkdən ibarətdir: "Qarabağ Fondu yeni yaranıb. Əsas məqsədimiz Amerika ictimaiyyətini, vətəndaşlarını Azərbaycanın gözəl guşəsi olan Qarabağla tanış etməkdir. Bu sərgidə əsasən qarışıq şəkillər nümayiş olunur. Bunlar müasir Qarabağın, sovet dövrü Qarabağının və hətta daha keçmiş dövrün, yəni çar imperiyası dövrü Qarabağının şəkilləridir".
Sərgini izləməyə gələnlər arasında amerikalılarla yanaşı azərbaycanlılar da vardı. Onlardan biri - Müsəllim Həsənovun sözlərinə görə, belə tədbirlərin keçirilməsi nəinki Qarabağın, hətta Azərbaycanın tanınmasında müstəsna rol oynayır:
"Bu, Qarabağı, ümumiyyətlə, Azərbaycanı Amerika ictimaiyyətinə tanıtmaq baxımından çox əhəmiyyətli tədbirdir. Burada Şuşanın, Qarabağın müxtəlif bölgələrinin çoxlu tarixi şəkilləri var. Güman edirəm ki, sərgiyə gələnlər Qarabağın gözəlliyi ilə tanış olacaqlar. Burada Azərbaycanın böyük şəxsiyyətlərinin, Üzeyir Hacıbəyovun və digərlərinin şəkilləri, tarixi Şuşa məscidinin şəkli var".
Qarabağ Fondunun məlumatına görə, Qarabağa dair digər sərgi oktyabrın 30-da "Gonfleur Gallery"də təşkil olunacaq.
|