Lirik-psixoloji üslublu aktyorluq məktəbinin öncül sənətkarlarından biri, xalq artisti Fuad Poladov bir neçə illik fasilədən sonra yenidən Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının səhnəsində çıxış edəcək. Bu barədə aktyor özü xəbər verib.
Onun sözlərinə görə, bu ayın sonunda Azər Paşa Nemətovun layihəsi əsasında yeni tamaşanın məşqləri başlanır. Aktyor Lev Tolstoyun "Hacı Murad" əsərində baş obrazı yaradacaq. "Hacı Murad" Azərbaycan teatr səhnəsində ilk dəfə səhnələşdirilir və tamaşa yenicə təmirdən çıxmış Akademik Milli Dram Teatrının səhnəsində oynanılacaq:
"Bu, Azər Paşa Nemətovun layihəsidir. Tamaşaya təbii ki, özü quruluş verəcək. Məni də Hacı Murad roluna o dəvət edib. Ancaq hələ rol bölgüsü olmadığından tamaşada başqa hansı aktyorların oynayacağı məlum deyil". Xatırladaq ki, Fuad Poladov Azdramanın səhnəsində son dəfə 2002-ci ildə Vilyam Şekspirin eyniadlı faciəsində Hamlet rolunu uğurla oynayıb.
|