İnquşetiyada Rusiya federal qüvvələrinə qarşı, Əfqanıstanda NATO qoşunlarına qarşı vuruşmaqda ittiham olunan Azərbaycan vətəndaşının cinayət işi üzrə məhkəmə başlayıb. Ağır Cinayətlərə Dair İşlər üzrə Məhkəmədə təqsirləndirilən şəxs - Qax rayon sakini Arif Abidov (1979) ittiham edilir.
İttihama görə, Arif Abidov "Abdullah" ləqəbli Misirxanov Azər Allahverdi oğlunun və "Süleyman" ləqəbli Mehdiyev Samir İlqar oğlunun, habelə öldürüldüklərinə görə barələrində cinayət işinə xitam verilmiş "Abdulməcid" ləqəbli Mollaçıyev İlqar Əbdülrəhman oğlu və "Həmzət"ləqəbli Abdullayev Telman Teymur oğlu tərəfindən 2006-cı ilin əvvəllərində Azərbaycanda yaradılmış və A.Misirxanov tərəfindən rəhbərlik edilən qanunsuz silahlı birləşmənin tərkibinə daxil olub, radikal-ekstremist vəhhabi dini baxışları ilə seçilən digər təqsirləndirilən şəxslərlə birlikdə Rusiya ərazisində Federal Qoşunların əsgərlərinin həlak olması ilə nəticələnən basqında iştirak edib.
Belə ki, A.Abidov 2008-ci il iyunun 5-də Qusar rayonunda yerləşən "Samur" nəzarət-buraxılış məntəqəsindən - Azərbaycanın dövlət sərhədindən Rusiyanın Dağıstan Respublikası ərazisinə keçib, oradan isə avtobusla İnquşetiyanın Nazran şəhərinə gedib. 2008-ci ilin iyul ayında A.Abidov şəxsiyyətləri istintaqa məlum olmayan, milliyyətcə çeçen olan bələdçilərin vasitəsilə İnquşetiya Respublikası ərazisində meşə massivinə gedərək qanunsuz silahlı birləşməyə rəhbərlik edən "Həmzə" ləqəbli şəxsin dəstəsinə qoşulub. Burada o, "Abu Valid" ləqəbli şəxs tərəfindən rəhbərlik olunan silahlı dəstə tərəfindən hərbi təlim keçib. Daha sonra A.Abidov "Abu Valid" ləqəbli şəxsin dəstəsində 17 sentyabr 2008-ci ildə İnquşetiyanın Sunje rayonunun Qalaşki kəndində avtomagistral yolu keçən Rusiya Federal Qoşunlarının 6791 saylı hərbi hissəsinin hərbçiləri Andreyev Aleksandr Mixayloviç, Potapov Mixail Valerieviç, Buzmakov Vladimir İvanoviç və Baranov Aleksandr Yuryeviçin hərəkət etdikləri "Ural" markalı avtomobilə silahlı basqında iştirak edib. Həmin basqın nəticəsində yuxarıda adıçəkilən rus hərbçiləri həlak olublar.
Bundan başqa, Arif Abidov barələrində İnterpol xətti ilə axtarış verilən bir sıra Azərbaycan vətəndaşları (bunların sayı 30-dan çoxdur) ilə birlikdə Pakistan İslam Respublikası ərazisində qanunsuz silahlı birləşmənin fəaliyyətində iştirak edib.
Dini baxışlarına görə vəhhabi olan A.Abidov Anar Bilalov, Qurban Əzizov və Namiq Ağalarovla birlikdə 2008-ci il dekabrın 5-də Astara nəzarət-buraxılış məntəqəsindən keçərək İranın şərqindəki Zahidan şəhərinə gəlib. İrandan Əfqanıstana, oradan da Pakistanın Şimali Vəziristan vilayətinə keçərək "Taliban" hərəkatının nəzarəti altında fəaliyyət göstərən azərbaycanlı Vüsal Qasımovun rəhbərlik etdiyi "Özbək camaatı" adlanan qanunsuz silahlı birləşmənin fəaliyyətində iştirak edib.
A.Abidov bir müddətdən sonra Vüsal Qasımovla aralarında yaranan fikir ayrılığı səbəbindən silahlı dəstəni tərk edərək, "taliban"lara qoşulub. Qısa vaxt ərzində "Taliban" üzvləri Arif Abidov, Rəşad İsmayılov, Vüqar İsmayılov və Namiq Ağalarovu Əfqanıstanın Xost vilayətinə gətiriblər. Orada dəstə üzvləri pulemyot, avtomat və qumbaraatanla silahlandırılıblar. Silahlı dəstə koalisiya qüvvələrinə qarşı pusqu qurub. Koalisiya qüvvələrinin gəldiyini görən A.Abidov və digər dəstə üzvləri onları pulemyotdan atəşə tutublar. Koalisiya qüvvələri cavab atəşi açıblar. Qızğın döyüş zamanı A.Abidov çoxsaylı güllə yaraları alıb və koalisiya qüvvələri tərəfindən əsir götürülüb. Beş ay müalicə olunduqdan sonra "Qırmızı Xaç" Komitəsi vasitəsilə 15 avqust 2009-cu il tarixində Azərbaycana qaytarılıb.
Arif Abidov kikboksinq idmanı üzrə dünya çempionudur.
|