Naxçıvanda müxalif siyasi partiyalar Muxtar Respublika Ali Məclisinə seçkilər üçün yaradılmış Dairə Seçki Komissiyaları (DSK) və Məntəqə Seçki Komissiyalarında (MnSK) təmsil oluna bilməyib. Bu barədə www.nakhchivan.org.az saytı məlumat yayıb. Məlumata görə, müxalifət liderləri iddia edirlər ki, DSK və MnSK-ların tərkibini formalaşdırmaq üçün keçirilən püşkatma müxalifət partiyalarının iştirakı olmadan keçirilib.
"Komissiyaların formalaşmasında Naxçıvan MR MSK hakimiyyətə yaxın olan adamların iştirakı ilə DSK və MnSK-ları yaradıb. Bu da noyabrın 7-də Ali Məclisə keçiriləcək seçkilərin nəticəsini şübhə altına alır", - deyə sayta Naxçıvandakı siyasi partiyaların Muxtar Respublika təşkilatlarının sədrləri bildirib.
"Naxçıvan Muxtar Respublikası qanununun 28-ci maddəsinə uyğun olaraq komissiyaları formalaşdırmaq üçün siyasi partiyalar püşkatmada iştirak edərək namizədləri təqdim etməli idilər. Amma bizi püşkatmaya dəvət etməyiblər. Püşkatma müxalifət partiyalarının xəbəri olmadan keçirilib və yerli hakimiyyət müxtəlif qurumlar tərəfindən özlərinə yaxın adamları komissiyaların tərkibinə salıblar. Bu isə Ali Məclisə keçiriləcək seçkilərin obyektivliyini şübhə altına alır", - deyə Ümid Partiyasının Naxçıvan təşkilatının sədri Faiq Əliyev bildirib.
"Püşkatma ilə bağlı Ali Məclisin orqanı olan "Şərq qapısı" qəzetinin 7 sentyabr 2010-cu il tarixli sayında və Naxçıvan televiziyasında elan verilib. İstənilən siyasi partiya, ictimai təşkilat və seçicilərin təşəbbüs qrupu püşkatmada iştirak edə bilərdi. Qanunvericilikdə MSK-nın hansısa siyasi partiyaya iştirak üçün məktubla müraciət etməsi nəzərdə tutulmayıb", - deyə Naxçıvan MR Mərkəzi Seçki Komissiyasından bildirilib.
Yerli partiya sədrlərinin bildirdiyinə görə, 2000 və 2005-ci illərdə Ali Məclisə keçirilən seçkilərdə MSK tərəfindən partiyalara püşkatmada iştirak etmələri üçün rəsmi müraciət olunub.
Xatırladaq ki, Naxçıvan MR Ali Məclisinə seçkilər 5 ildən bir Azərbaycan Respublikası parlamentinə seçkilərlə eyni vaxtda keçirilir. Ali Məclisə 45 deputat seçilir.
"Naxçıvan Muxtar Respublikası Ali Məclisinə seçkilər haqqında" Naxçıvan Muxtar Respublikası qanununun 28-ci maddəsinə müvafiq olaraq 7 nəfər üzvdən ibarət DSK-ların, sonra isə 5 nəfər üzvdən ibarət MnSK-ların tərkibi püşkatma yolu ilə formalaşdırılır. Komissiya üzvləri heç bir partiyanın üzvü olmamalıdır. Püşkatmada siyasi partiyaların, ictimai təşkilatların, seçicilərin təşəbbüs qruplarının bitərəf namizədləri iştirak edir. Püşkatmada DSK-ları formalaşdırmaq üçün ən azı 9 nəfərin, MnSK-ları formalaşdırmaq üçün isə ən azı 7 nəfərin namizədliyi irəli sürülməlidir. Naxçıvan MR MSK-nın tərkibi 7 nəfər bitərəf üzvdən ibarətdir və üzvlər Ali Məclis sədrinin təqdimatı ilə təyin edilir.я
|