Azərbaycan əcnəbilər üçün cəlbedici ölkə olaraq qalır. Amma qanunsuz yaşayan əcnəbilər az deyilmiş. Dövlət Miqrasiya Xidməti (DMX) ötən ay qanunsuz yaşayan 871 əcnəbini ölkə ərazisindən çıxarıb.
DMX-nin ictimaiyyətlə əlaqələr şöbəsindən cümə günü "Trend"ə verilən məlumata görə, 733 əcnəbi barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddələri ilə nəzərdə tutulmuş qaydada 48 saat ərzində ölkəni tərketmə, 138 əcnəbinin isə inzibati qaydada ölkə hüdudlarından kənara çıxarılması haqqında qərarlar qəbul edilib. Onların hansı ölkədən olduqları isə bildirilmir.
Avqust ayında keçirilmiş tədbirlər nəticəsində ümumilikdə 1112 əcnəbi tərəfindən inzibati qanunvericiliyin tələblərinin pozulması halları müəyyən edilib, onlardan 241 nəfərin cərimə tətbiq edilməklə ölkə ərazisində yaşamaları leqallaşdırılıb.
Ötən dövr ərzində DMX-yə əcnəbilər və vətəndaşlığı olmayan şəxslər tərəfindən ölkədə müvəqqəti olma müddətlərinin uzadılması, müvəqqəti və daimi yaşamaq üçün icazələr verilməsi, vətəndaşlığa qəbul, bərpa, xitam, eləcə də vətəndaşlıq mənsubiyyətinin və qaçqın statusunun müəyyənləşdirilməsi, həmçinin əmək fəaliyyətinin həyata keçirilməsi üçün fərdi icazələrin verilməsi və mövcud fərdi icazələrin müddətlərinin uzadılması ilə bağlı 3657 müraciət daxil olub. Müraciətlərin hər biri ayrı-ayrılıqda ölkə qanunvericiliyinin tələblərinə uyğun olaraq araşdırılıb və müvafiq qərarlar qəbul edilib.
|