Hal-hazırda Ayna qəzetinin 04.09.2010 tarixli sayını oxuyursunuz. Son nömrəni oxumaq üçün buraya klikləyin
 
Şənbə | 04.09.2010
  Haqqımızda | Əlaqə | Reklam | Seçilmişlərə əlavə et | Ayna ilə başla |   RSS
 
 
   
   
     Ana səhifə > Dünyada  
 
 
Qafqazda yeni alov nöqtəsi - Kabarda-Balkar
Qafqazda yeni alov nöqtəsi - Kabarda-Balkar
Balkarlar KBR-dən ayrılmağa məcbur qalıblar
Şənbə, 04.09.2010

Ənvər Börüsoy mətn ölçüsü  

Son üç ayda Kabarda-Balkarda tüğyan edən terrorun miqyası digər Quzey Qafqaz regionlarından fərqli olaraq daha da artmışdır. Faktiki olaraq, terror dalğası respublikanın hər bölgəsində baş verir. Çeçenistan, İnquşetiya və Dağıstandan sonra terror alovunun Kabarda-Balkara da sirayət etməsi bütövlükdə Quzey Qafqaz sindromunun dərinləşməsidir və bu gerçəklik artıq etiraf olunmaqdadır. Diyarın sosial, iqtisadi və digər problemləri çözülmədiyindən, əhali arasında dini, milli və digər sahələrdə radikal baxışlar özünün böhran həddinə çatmaqdadır.

Radikallaşmanın geneoloji kökləri

İosif Stalinin siyasəti olaraq Balkariya və Kabarda 1922-ci ildə bir araya gətirilərək Kabarda-Balkar Respublikası (KBR) yaradıldı. Balkarlar və qaraçay türkləri etnik kökən, mədəniyyət və milli oluşum baxımından bir respublika statusunda birləşmək üçün bolşeviklərin bu "milli bölünmə" siyasətinə qarşı dirənişlərə baş vurdular. Moskva isə bu dirənişlərə cavab olaraq, uydurma "Stavropol vilayəti" yaradaraq balkarlara və qaraçaylılara məxsus əraziləri onlardan ayırıb bu uydurma inzibati vahidə qatdı. O zaman 11 min nəfərlik çərkəz və abxazı "çərkəz" etnonimi adı altında birləşdirərək "Qaraçay-Çərkəz", Krasnodar vilayətində yaşayan kabardaları isə inzibati vahid statusunda ayıraraq "Kabarda-Balkar" respublikalarını yaratdı.

Bolşevik Rusiyasının bu məkrli siyasətinə qarşı 1941-ci ilə qədər balkar, türkmən, noqay, kumuk və qaraçay türkləri ən müxtəlif səviyyələrdə dirənişlərə baş vurdular. Bu dirənişlərə cavab tədbiri olaraq Kremlin antitürk kin-küdurətinin son nöqtəsi 1944-cü ildə özünü göstərdi. Quzey Qafqazlardan bütün türk topluluqları Orta Asiya və Sibirə sürgün olundular. Həmin tarixdən etibarən türklərə məxsus olan ərazilərə rus, yunan, yezidi kürd (İrandan gəlmiş), osetin və digər topluluqlar yerləşdirildi.

1957-ci ildə Nikita Xruşşovun köklü islahatları nəticəsində sürgün olunmuş xalqlara öz tarixi yurdlarına dönmək izni verildi. Ancaq Moskvanın bu günə qədər davam etdirdiyi bürokratik əngəllər hələ də qalmaqda davam edir. Kreml çərkəz kökənli kabarda, abxaz, şapsuq, adıgey və çərkəzlərin tarixi torpaqları olan indiki Krasnodar vilayətində onlara xüsusi inzibati vahid yaratmamaq üçün bu toplumları türk xalqlarına qarşı məqsədyönlü şəkildə yönəltməkdə davam edir. Rusiyanın Qara dəniz və Krım siyasətində bu xəttə çox böyük önəm verilir və strateji məsələ sayılır.

Hazırda Quzey Qafqazda etnoloji müstəvidə baş verən ictimai-siyasi prosesdə türk-çərkəz qarşıdurması daha üstün səviyyədə müşahidə olunur. Çox təəssüflər olsun ki, bu prosesdə regionda strateji uzantıları dərinləşməkdə olan Rusiyadan savayı Avropa Birliyinə daxil olan dövlətlər və ABŞ, eləcə də Orta Şərq dövlətləri də çərkəzlərin yanında durublar. Azərbaycan-Ermənistan, Türkiyə-kürd qarşıdurmalarını yaratmaqla ikincilərin yanında duran bu güclərin mahiyyəti indi də özünü Quzey Qafqazda büruzə verir.

Kabarda-Balkarda ərazilərin 70 faizi balkar türklərinə məxsusdur və bunu Moskva da etiraf edir.

REKLAM

Ancaq 1944-cü ildən indiyə qədər burada hakimiyyət bütövlükdə kabardalıların nəzarətindədir. Uzun illər Krasnodar vilayətindən bu regiona köçürülən kabarda və rus əhalisinin sayı süni şəkildə artırıldığı üçün balkarlar siyasi və ictimai proseslərdə, aparıcı mövqelərdə yetərincə dominant imkanlarda deyillər. Son illər kabardalılar "Dünya Çərkəzləri Konqresi" layihəsinin tərkib hissəsi olaraq "Böyük Kabarda" strategiyasının hədəfi kimi Kabarda-Balkar və Krasnodar vilayətinin birləşdirilməsi uğrunda bütün maneələrə qarşı güclü dirənişlər göstərirlər. Bu sırada onların bəlli olmayan maliyyə qaynaqlarının isə daha geniş ölçüdə böyüdüyü müşahidə olunur.

Türk-çərkəz sindromunun yaranma səbəblərindən biri də beynəlxalq güclər tərəfindən Qafqazda bütün toplumların strateji hədəf kimi türk etnokulturoloji tarixi dəyərlərinin yenidən intişar tapmasının qarşısını almaq strategiyasıdır.

Problemlərin başında - Arsen Kanokov

Rusiya prezidenti Vladimir Putinin qərarı ilə milliyyətçi kabardalı olan Arsen Kanokov 2005-ci ildə KBR-in prezidenti vəzifəsinə təyin olundu. Çünki 1999-cu ildə 2-ci rus-çeçen savaşı zamanı Rusiya hərbi birliklərinin maliyyələşdirilməsində Arsen Kanokov yaxından iştirak etmişdi. Bu vaxta qədər Arsen Kanokov Moskvada işadamı kimi "Sindika Holdinq"in prezidenti, ən böyük bank sektorlarından biri olan "SentroKredit bank" direktorlar şurasının üzvü, "Usaçevskiy" Ticarət Evinin sahibi, "Spartak-Nalçik" futbol komandasının prezidenti və baş sponsoru kimi tanınırdı.

Arsen Kanokov prezident kürsüsünə oturan kimi ilk addım olaraq "Kabarda Fondu"nu yaratdı. Bunun ardınca "Kabbalk-İnturist" maliyyə sektorunu öz nəzarətinə keçirdi. Öz yaxın qohumları Antemirkan Kanokov, Ruslan Yamborov, Muxamed Tlexuqov, Zamir Kanokov, Sultan Kanokov, Leonid Kanokov, Fatima Kanokova, Timur Kanokov və digərləri Kabarda-Balkar və Moskva arasında bütün maliyyə sektorunu nəzarətə götürdülər.

Əslində Arsen Kanokov "Kabarda Fondu"nun vasitəsilə regionda bir sıra humanitar aksiyalar həyata keçirməklə, öz siyasi karyerasının uzunömürlüyünü təmin edəcəyinə bel bağlayır. Bu fond ölkədə yeni məscidlər tikir, Quzey Qafqaz regionlarında federal hökumətin antiterror əməliyyatlarında ölən və yaralanan milislərin ailələrinə yardımlar göstərir. Halbuki Kabarda-Balkar büdcəsinin 90 faizi Rusiya Federasiyasının dövlət büdcəsindən asılı bir durumdadır.

Federal büdcədən Kabarda-Balkara ayrılan maliyyə vəsaitləri isə kanokovlar ailəsinin nəzarətində olan "Ventrakom", "KBR İpoteka Korporasiyası", "Eko Dom", "Sedmoye Nebo", Moskvada böyük ticarət mərkəzləri hesab olunan "Troitskiy", "Pokrovskiy", "Vsaçevskiy", "Regional Klirinq Bazarı", Tambov, Pyatiqorsk, Nalçik və Stavropoldakı ən böyük ticarət və əyləncə mərkəzləri olan "Qalereya" şəbəkələri, "Roliteks" və digər iqtisadi strukturlara yönəldilir. Regionla bağlı müşahidəçilərin fikrincə, indi Arsen Kanokov KBR-də iqtisadi səciyyəli cinayətlərin "xaç atası" hesab olunur.

Heç də sirr deyil ki, Quzey Qafqaz regionları müxtəlif klanların maraq dairəsi siyasəti əsasında idarə olunur. Bu sırada KBR-də klanlar həm də siyasi, etnoloji proseslərə də müdaxilə etməyə başlayıblar. Rusiya Ana Yasasının 131-cü maddəsində belə qeyd olunur:

"Hər bir coğrafi ərazidə yaşayan xalq aborogen toplum kimi mövcuddursa, orada yerli özünüidarəetmə və torpaq mülkiyyəti də onlara məxsusdur. Regionun idarə olunmasında onlar tam hüquqa sahibdirlər".

Balkarlara qarşı natəmiz ittifaq

Balkar türklərinə məxsus olan bütün ictimai qurumlar, millət vəkilləri, ziyalılar və alimlər bu fakta dayanıqlı şəkildə öz haqlarını hüquqi müstəvidə tələb etsələr də, Arsen Kanokovun liderliyində kabarda, rus və erməni birlikləri bunun qarşısını almaq, Balkariya torpaqlarını müxtəlif üsullarla, biznes və dövlətin iqtisadi siyasətinə dayanıqlı olaraq digər təsir vasitələrini rəsmiləşdirmək istəyirlər. Hətta bu yöndə Rusiya Ana Yasa qanunlarının ziddinə gedərək KBR-in Ana Yasasında qeyd olunan torpaq qanununun 13-14-cü maddələrinə belə "əl gəzdiriblər".

"Böyük Kabarda" siyasətini dərinləşdirmək üçün son aylarda KBR-də balkar türklərinin yaşadıqları Elbruz, Tərnauz, Baksan, Kepye, Çegem, Çangi Tau, Azau, Bezengi və digər regionlarında idarəolunan terror dalğasının gündəmə gəlməsi gizli mətləblərə hesablanmış bir strategiya kimi qəbul edilir. Belə ki, federallar hər gün öldürülən milislərin, məmurların, eləcə də strateji obyektlərin partladılmasına qarşı antiterror əməliyyatlar aparmağa məcbur edilirlər. Bunun nə demək olduğunu isə Quzey Qafqazda çox yaxşı anlayırlar. Əməliyyat tədbirləri zamanı yüzlərlə, minlərlə insanın hüquqları pozulur, onların təsərrüfat sahələrində problemlər yaranır. Davamlı xarakter daşıyan antiterror əməliyyatlarına görə yaranmış ağır sosial-iqtisadi şəraitə dözməyən xalq Rusiyanın digər regionlarına miqrasiya etməyə məcbur olur. Bu prosesin qarşısının alınması üçün balkar türkləri hələlik bütün gücü ilə dirəniş göstərirlər.

Təhlükəli region

KBR-də süni şəkildə qabardılan radikal islam-sələfi hərəkatı adı altında Baksan SES-in partladılması, hər gün milis və FTX işçilərinə, məmurlara qarşı silahlı hücumlar təşkil edilməsi, turistlərin ən müxtəlif silahlardan qurşunlanması, "Qafqaz İslam Əmirliyi Hərəkatı"nın nəzdində Kabarda və Balkariya camaat birliklərinin yaradılması adi bir prosesə çevrilibdir.

Müşahidəçilərin fikrincə, bütün bunlarda KBR-in ali hakimiyyətində təmsil olunan məmurların əlləri vardır. Onlar özlərinin maraq dairəsinə uyğun şəkildə "böyük paylar" qoparmaq üçün bu cinayətkar addımları atırlar. Ancaq KBR-də radikal islama meyilli görünənlərin böyük əksəriyyətinin "Dünya Çərkəzləri Birliyi", "Adıge Xase", "Natr", "Çe Mak", "Kabarda Konqresi", "KBR Abxaziya Könüllüləri", "Dünya Adıq Qardaşlığı" kimi kabardalılara məxsus ictimai qurumlarda birləşməsi, onların Orta Şərqdəki çərkəz diaspor təşkilatları və fondları ilə ciddi əlaqələrinin olmasını hər kəs yaxşı bilir. Məhz bu əlaqələr sayəsində sələfilik KBR-də inkişaf etdirilir. Bu sırada sələfilərin sayı kabardalılar arasında daha üstün səviyyədədir.

Belə olduğu təqdirdə balkarlar necə radikal islamçı ola bilərlər? "Balkar Ağsaqqallar Şurası" (lideri İsmail Sabançiyev), "Balkariya" (Ruslan Babayev), "Torı" (Dalxat Baydayev), "Alan-Balkar Milli Liqası" (lideri istefada olan ordu generalı Sufiyan Verrayev) , "Balkar Kəndlilər Birliyi" (Cambulat Etteyev) təşkilatları bir araya gələrək yaxın günlərdə Balkariyanın KBR-dən ayrılması və Rusiyanın tərkibində olmaqla ayrıca öz respublikalarını yaratmaq üçün qərar vermək hədəfini ortaya qoyublar.

Təşkilat komitəsinin sədri Vahautdin Etezov bildiribdir ki, KBR-də insanların sosial-iqtisadi həyat şəraitinin dözülməz olduğunu hər kəs bilir. İndi bu yaşam tərzinə hakimiyyətdəki klanların despotizmi, radikal sələfi hərəkatının apardığı terror dalğası siyasəti, federalların antiterror əməliyyatlarının miqyasının artması kimi daha ağır problemlər əlavə olunubdur. Buna görə də hər bir xalq seçim etmək hüququna malikdir.

Arsen Kanokov sentyabrın 1-də yenidən KBR-in yaxın beş ili üçün prezidenti təyin olundu. Onun son beş ildə prezidentliyi çağında regionda heç bir inkişaf olmayıbdır. KBR-in federal büdcəyə olan borcları daha da artıb. Qafqazenerji Dövlət Şirkətinin verdiyi məlumata görə, KBR-in təbii qazdan istifadəyə görə borclarının miqdarı 3 milyard rubla çatmışdır. Bu rəqəm əhalinin 70 faizinin borclu olması deməkdir.

Moskvadakı sosial problemləri araşdırma mərkəzlərinin fikrincə, KBR əhalisinin adicə kommunal xərcləri ödəmə imkanları yoxdur. Buna görə də, regiondakı problemlərə etnik münaqişələr, dini qarşıdurmalar da əlavə olunaraq proseslər daha da alovlanmaqdadır. Bu sırada məmur oliqarxların nəzarətində olan cinayət mafiyası arasında nüfuz uğrunda aparılan mübarizə KBR-i ən təhlükəli regiona çevirmişdir.

Hazırda prosesləri öz nəzarətində saxlamaq üçün Rusiya DİN Daxili Qoşunları, Federal Sərhəd Xidməti, Quzey Qafqaz Hərb Dairəsinin hərbi birlikləri, Quzey Qafqaz Antiterror Koalisiyası bir araya gələrək KBR-i üzük qaşı kimi mühasirəyə almaqla yanaşı, həm də nəzarəti gücləndirirlər. Cəmiyyətin etimadını itirmiş prezident Arsen Kanokov öz hakimiyyətini süngü üzərində qorumaq üçün yaxın beş il müddətində regionun inkişafı istiqamətində "qızıl dağlar" vəd etməyə başlayıb. Onun bu vədlərinə heç sadə kabardalılar özləri belə inanmırlar. Çünki tarix boyu balkarlar öz otlaq sahələrini onların, onlar da balkarlara öz əkin sahələrini uzlaşma yolu ilə icarəyə veriblər. Heç bir problem olmadan birgə və dinc yanaşı yaşayıblar. Bu durumu ağırlaşdırmaq istəyən 3-cü gücün də kimlərdən ibarət olmasını çox yaxşı anlayırlar.


Çap
versiyası
Paylaş
E-mail ilə
göndər
səhifə
1
Bölmənin digər xəbərləri
 
Bu "yarış"da Tehran da uduzacaq
Sürətlə silahlanma təhlükəsizliyə ziyandır



Bölmənin arxivi

 
 

 

Ən çox oxunanlar
 
Qadını döyərək zorlayıblar

Qadını döyərək zorlayıblar


Əli Həsənov:
"Əgər gələcək seçkilərdə bu mandatı bizdən alacaqlarsa..."

Əli Həsənov: "Əgər gələcək seçkilərdə bu mandatı bizdən alacaqlarsa..."


9 və 11-ci sinif şagirdləri üçün buraxılış imtahanlarının vaxtı açıqlanıb

9 və 11-ci sinif şagirdləri üçün buraxılış imtahanlarının vaxtı açıqlanıb


 
 
© Copyright by Ayna 2009   Ana səhifə - İkinci cins - Hamı üçün təhsil - Gələcəyimiz bu gün - Cəmiyyətdən ailəyə - Sülh Naminə Tərəfdaşlıq - Alman Aynası - Şou-biznes - Dünyada - Uşaqlar bu gün - ABŞ-ın azərbaycanlı məzunları - Anım - İdman - Ordunun aynası - Kriminal - Tarix - Güney - Mədəniyyət - Cəmiyyət - İqtisadiyyat - Siyasət - Xəbərlər